QHT yeni layihəyə start verib

“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda yeni layihəyə start verib. May ayının 15-dən başlayan 3 aylıq layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu barədə layihənin rəhbəri “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov məlumat verib. K.İsmayılov bildirib ki, layihənin əsas məqsədi şərti olaraq “Zəngəzur dəhlizi” adlanan terminin yaranması haqqında materialları və faktları özündə əks etdirən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı kitabın hazırlanaraq Azərbaycan və dünya ictimaiyyətinə təqdim edilməsidir.

Layihə rəhbərinin məlumatına görə, Zəngəzur dəhlizi tarixi ədalətsizliklər nəticəsində ortaya çıxmış müasir geosiyasi reallıqdır. Lakin çox təəssüf ki, dünya ictimaiyyəti Zəngəzur dəhlizinin yaranmasına gətirib çıxarmış tarixi həqiqətlər haqqında kifayət qədər biliklərə malik deyil. Hazırda da istər ölkə, istərsə də beynəlxalq mediada Zəngəzur dəhlizinin müasir aspektlərindən, bu problemin yaranmasına gətirib çıxarmış tarixi məsələlərdən daha çox danışılır.

“Bu baxımdan beynəlxalq ictimaiyyəti Zəngəzur dəhlizinin yaranmasına gətirib çıxarmış tarixi proseslər haqqında bilgiləndirmək, eyni zamanda Zəngəzurun tarixi ilə bağlı erməni saxtakarlığını konkret faktlarla ifşa etmək bu gün ən mühüm vəzifələrdən məsələlərdən biridir”-deyə layihə rəhbəri bildirib.