Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən döyüşlər nəticəsində otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi təsis edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sentyabrın 27-də - Anım Günündə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri, RİHB Aparatının məsul şəxsləri, idarə və müəssisələrin rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən Qusar şəhər Şəhidlər Xiyabanı ziyarət edilmiş, "Əbədi Məşəl" abidəsinin önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra Qusar şəhərində Dövlət Bayrağı Meydanının ərazisində 27 sentyabr-Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində 44 ədəd yerli tuya ağacı əkilmişdir.
Anım Günü ilə əlaqədar rayon ərazisində saat 12:00-da ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra rayonun Qusarçay çayının sağ sahil qəbiristanlığında Qarabağ müharibəsi şəhidləri-Cəfərov Ruslan Mövlan oğlunun, Kamilov Şahin Şirvan oğlunun və Hacıyev İmran Hacı oğlunun məzarları, Qayakənd kəndində şəhid Qazımətov Rəsul Kamaləddin oğlunun, Avaran kəndində şəhidlər-Azayev Caviddin Zöhrəbəy oğlu və Pirseyidov Elnur Nasir oğlunun, Xürel kəndində şəhid Şıxəliyev Anvar Vadimoviçin məzarları ziyarət edilmişdir.