"Son 20 ildə neft-qaz sektoruna yönəldilmiş 213 milyard dollarlıq investisiya nəticəsində Azərbaycanın neft-qaz ticarəti iki dəfə artıb".
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "ASAN xidmət"in ASAN Süni İntellekt Mərkəzinin (ASAN AI HUB) açılış tədbirində bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın bu sahədə qlobal rəqabət qabiliyyətinin yüksəldiyini göstərən əsas göstəricilərdən biri hesab oluna bilər:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası"nda ölkənin beş milli prioritetindən biri kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi müəyyən edilib. Bu baxımdan, rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biri kimi çıxış edir".
Sahib Ələkbərov qeyd edib ki, bu çərçivədə hazırlanan Rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası (2026-29) hazırda yekun təsdiq mərhələsindədir və Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir:
"Strategiya 50-dən çox təşəbbüs və layihəni əhatə etməklə, biznesin texnoloji transformasiyası, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi və idarəetmənin dataəsaslı modellərə keçirilməsini nəzərdə tutur. Bu il təsdiq edilmiş Milli süni intellekt strategiyası (2025-28) isə süni intellektin məsuliyyətli və etik şəkildə tətbiq olunmasını, həmçinin iqtisadiyyatın bu sahədə dayanıqlı inkişafını təmin etməyi əsas hədəf kimi müəyyən edir".