Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verdi

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib.

Bu barədə Sabahinfo.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

"Hesab edirik ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Laçın yolu ilə əlaqədar son bəyanatı Ermənistanın siyasi manipulyasiyası əsasında Azərbaycanın Xankəndi şəhərində humanitar vəziyyətlə bağlı formalaşmış yanlış iddialara dəstək prosesinin davamıdır. Biz Avropa Şurasının komissarından belə həssas məsələ ilə bağlı daha dərin araşdırma aparmaqla, vəziyyətin normallaşmasına xidmət edə biləcək, hazırda çox vacib əhəmiyyət daşıyan sülh prosesinə əhəmiyyətli töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirdik.

Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır. Biz Avropa Şurasının insan hüquqları üzrə komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regiondakı mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyalara xidmət edən və sülh quruculuğu prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini dəstəkləməyə dəvət edirik", - deyə bildirilib.

Qeyd edək ki, ötən gün Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviç "Laçın" sərhəd-buraxılış məntəqəsi və Azərbaycanlı bağlı qərəzli fikirlər səsləndirib.