Azərbaycan–Slovakiya münasibətləri son illər ərzində genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin 8 dekabr tarixində Bratislavaya rəsmi səfəri və mətbuata verdiyi bəyanat iki ölkə arasında formalaşmış siyasi etimadı, iqtisadi əməkdaşlığın dinamikasını və genişlənməkdə olan strateji istiqamətləri bir daha nümayiş etdirir. Səfər çərçivəsində vurğulanan əsas məqamlar münasibətlərin möhkəm təmələ söykəndiyini, əməkdaşlığın isə çoxşaxəli və praktiki nəticələrə yönəldiyini sübut edir.
Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında dönüş nöqtəsi kimi çıxış edərək münasibətləri ən yüksək səviyyəyə yüksəldib. Bundan sonra enerji, iqtisadiyyat, müdafiə sənayesi, nəqliyyat və texnologiyalar da daxil olmaqla bütün sahələr üzrə intensiv əməkdaşlıq genişlənməyə başlayıb. Birgə işçi qruplarının fəallığı, müxtəlif layihələrin icrası və qarşılıqlı səfərlərin artması tərəfdaşlığın perspektivlərini daha da gücləndirir.
Enerji əməkdaşlığı Azərbaycan-Slovakiya münasibətlərinin əsasını təşkil edir. 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya nəql olunub və ölkəmiz bu dost dövləti istənilən həcmdə enerji resursları ilə təmin etmək imkanına malikdir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun yarısı Avropa ölkələrinə çatdırılır. Azərbaycan qazını alan ölkələrin sayı 14-ə yüksəlib ki, bütün bunlar dövlətimizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir. Prezident İlham Əliyev mətbuata bəyanatında vurğulamışdır: “Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”.
Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığın geniş potensiala malik olduğunu diqqətə çatdırıb. Slovakiyanın qabaqcıl texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi sinergiya yaradaraq dünya bazarı üçün rəqabətqabiliyyətli məhsulların istehsalı perspektivini yaradır. Səfər çərçivəsində xatırladılan faktlardan biri də Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin noyabrın 8-də – Vətən müharibəsinin əldə olunmuş Qələbənin beşinci ildönümündə Bakıda keçirilən paradda iştirak etməsi olub. Bu amil Slovakiyanın yüksək səviyyədə siyasi dəstəyini nümayiş etdirərək, əməkdaşlığın hərbi-siyasi müstəvidə möhkəmləndiyini təsdiqləyir. Dövlətimizin başçısının bəyanatında qeyd etdiyi kimi, müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq.
Azərbaycanın nəqliyyat sektoruna yatırdığı investisiyalar ölkənin Şərq–Qərb və Şimal–Cənub marşrutlarının əsas həlqəsinə çevrilməsinə imkan verib. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Avrasiyanın etibarlı nəqliyyat qovşağı kimi mühüm rol oynayır. Gələcək illərdə nəqliyyat infrastrukturuna əlavə sərmayə qoyulması planlaşdırılır ki, bu da Slovakiya ilə əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Həmin sahə hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və böyük potensiala malikdir.
Səfər zamanı informasiya texnologiyaları və data mərkəzlərinin yaradılması məsələləri də müzakirə olunub. Hazırda ölkəmizin istifadə olunmayan enerji gücü 2 giqavata bərabərdir və növbəti beş ildə sözügedən rəqəmin 8 giqavata çatdırılması planlaşdırılır. Mövcud potensial beynəlxalq data mərkəzləri üçün yüksək enerji təminatı imkanı yaradır. Həmçinin, ölkədə iqlim müxtəlifliyi mövcuddur, soyuq bölgələrin olması data mərkəzlərinin səmərəli fəaliyyətinə töhfə verir. Azərbaycan sözügedən sahədə regional hab kimi çıxış etməyə hazırdır və Slovakiya şirkətləri ilə əməkdaşlığa xüsusi maraq göstərilir.
İki ölkə arasında indiyədək 13 rəsmi sənəd imzalanıb. İqtisadi əməkdaşlıq haqqında Saziş əsasında Azərbaycan–Slovakiya Birgə İşçi Qrupu yaradılıb və bu qurum iqtisadi tərəfdaşlığın koordinasiyasını təmin edir. Birgə iqtisadi gündəm investisiyalar, ticarət, sənaye kooperasiyası, enerji, texnologiyalar və nəqliyyat sahələrində qarşılıqlı imkanların daha effektiv reallaşdırılmasına yönəlib.
Dövlətimizin başçısının bu səfəri Azərbaycan-Slovakiya münasibətlərinin hərtərəfli inkişafında yeni mərhələ yaradır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktik nəticələri getdikcə daha aydın görünür. Bütün bunlar bir daha təsdiqləyir ki, tərəflər uzunmüddətli və dayanıqlı əməkdaşlıq modelinə sadiqdirlər, qarşıdakı illərdə tərəfdaşlıq geniş miqyasda inkişaf edəcəkdir.
Bədəl Bədəlov
Milli Məclisin deputatı