Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində və siyasi dairələrində doğurduğu isterik reaksiya təəssüf doğurmaqla yanaşı, rəsmi İrəvanın əsl niyyətini bir daha üzə çıxarır. Xarici diplomatların Azərbaycanın suveren ərazisindəki hərəkətini linç etməyə cəhd göstərmək rəsmi İrəvanın ölkəmizin daxili işlərinə kobud müdaxiləsidir.
Təhlillər göstərir ki, anti-Azərbaycan kampaniyası təkcə radikal müxalifətin işi deyil. Bu prosesin arxasında birbaşa Ermənistan hakimiyyətinin özü dayanır. Yayılan nifrət nitqi və təhrif olunmuş yazılar məhz hakim partiyaya yaxın media resurslarında işıqlandırılır. Parlamentin sədr müavini Ruben Rubinyanın yolverilməz açıqlamaları, eləcə də 14 sentyabr tarixində parlamentdə 2022-ci ilin sentyabr təxribatlarında həlak olmuş Ermənistan hərbçilərinin sükutla yad edilməsi daxili auditoriyada revanşizm əhval-ruhiyyəsini alovlandırmağa xidmət edir. 2023-cü ilin sentyabr əməliyyatlarından sonra sülhə məcbur edilən Paşinyan hakimiyyəti də bu cür dirijorluq edilən aksiyalarla sülh prosesini qəsdən ləngitməyə çalışır.
Ermənistan tərəfinin mədəni irs mövzusundakı yanaşması isə tamamilə rasist və destruktiv xarakter daşıyır. Belə ki Gəncəsər və Xudavəng kimi albaniya mənşəli abidələri mənimsəməyə çalışan İrəvan, bu torpaqlarda Qafqaz Albaniyasının mövcudluğunu inkar etməklə elmi həqiqətə və irqçiliyə dözümsüzlük nümayiş etdirir. Unudurlar ki, Azərbaycan ərazisindəki bütün tarixi abidələr dövlətimizə məxsusdur və mühafizə olunur. Ermənistan cəmiyyəti və rəhbərliyi anlamalıdır ki, daxili auditoriyaya hesablanmış revanşist ritorika və tarixi saxtalaşdırmaq cəhdləri regionda dayanıqlı sülhün bərqərar olunmasına mane ola bilməz. Azərbaycan öz suveren ərazilərində istənilən quruculuq və diplomatik tədbiri həyata keçirmək hüququna malikdir.
Anar Məmmədov,
Milli Məclisin deputatı