Sülhün real dividendləri məhz bunlardır

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü sülh prosesinin nə qədər irəlilədiyi, hansı razılaşmaların artıq praktikaya çevrildiyi və ölkələrimiz arasında yekun sülhün bərqərar olması üçün daha nələr edilməli olduğu sualına aydın cavab verdi.Bu görüşə xüsusi əhəmiyyət qazandıran həm də onun keçirildiyi məkan — Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitidir. Azərbaycan üçün ŞƏT tədbirlərində iştirak etmək — ölkənin mövqelərini ən dinamik şəkildə dəyişən beynəlxalq formatlardan birində gücləndirmək imkanıdır. Dünya ciddi bir transformasiya dövrünü yaşayır, əvvəlki nüfuz mərkəzləri yeni çağırışlarla üzləşir, Şərqlə Qərb arasında nəqliyyat, energetika və ticarət əlaqələrinin əhəmiyyəti isə durmadan artır. Bu kommunikasiyaların kəsişməsində yerləşən Azərbaycan, obyektiv olaraq, ŞƏT-ə üzv və tərəfdaş dövlətlərlə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Məhz buna görə də Əliyev və Paşinyanın Bişkekdəki görüşü daha bir mühüm aspektə malikdir: Cənubi Qafqazda sülh prosesi tədricən daha geniş regional iqtisadi və nəqliyyat arxitekturasının tərkib hissəsinə çevrilir. Burada xatırlatmaq yerinə düşər ki, tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan liderləri birbaşa təmasları davam etdirirdilər. Xüsusilə, cari ilin 8 avqust tarixində onlar telefon danışığı apararaq münasibətlərin normallaşmasında əldə olunan irəliləyişi qeyd etmişdilər. Lakin budəfəki əyani görüş həm də onunla əlamətdardır ki, Ermənistandakı parlament seçkilərindən sonra baş tutub.Bu seçkilərin nəticəsi kifayət qədər sübutedici oldu. Nikol Paşinyanın “Mülki Müqavilə” partiyası inamlı qələbə qazandı. Və onların bu zəfərinin siyasi nəticəsi göz qabağındadır: Ermənistan cəmiyyəti əvvəlki konfrontasiya (qarşıdurma) modelinə qayıdışı dəstəkləmədi və mövcud hakimiyyətə normallaşma kursunu davam etdirmək üçün mandat verdi.Aydın oldu ki, Ermənistan cəmiyyətinin böyük bir hissəsi sonsuz qarşıdurmanın ölkəyə gələcək vəd edə bilməyəcəyini anlayır. Bu fonda Bişkekdə İlham Əliyev və Nikol Paşinyan arasındakı söhbətin əvvəlki müharibə ritorikası ilə deyil, tamamilə konkret praktiki məsələlərlə zəngin olması diqqətçəkəndir. Söhbət ticarət, energetika, tranzit, biznes əlaqələri və sərhədlərin delimitasiyasından gedirdi. Azərbaycan artıq Ermənistana neft məhsulları ixrac edir, bizim ərazimiz vasitəsilə üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların tranziti həyata keçirilir. Sülhün real dividendləri məhz bunlardır. Keçmiş rəqiblər ticarət etməyə, malları daşımağa və birgə iqtisadi inkişaf imkanları axtarmağa başladıqda, sülh mücərrəd bir diplomatik termin olmaqdan çıxır.

TRIPP — “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat kommunikasiyalarının inkişafı bütün regionun iqtisadi xəritəsini dəyişdirməyə qadirdir. Azərbaycan üçün bu, Naxçıvanla əlaqənin gücləndirilməsi, Ermənistan üçün tranzit və ticarət sahəsində yeni imkanlar, bütövlükdə Cənubi Qafqaz üçün isə Şərqlə Qərb arasındakı daha miqyaslı nəqliyyat əlaqələri sisteminə inteqrasiya deməkdir.Bu xüsusda, Paşinyanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı son bəyanatlarına da diqqət yetirmək yerinə düşər. Ötən həftə o bəyan etdi ki, Ermənistan Respublikasının yeni Konstitusiyasının mətni yaxın aylarda dərc olunacaq və orada 1990-cı ilin Müstəqillik Bəyannaməsinə heç bir istinad yer almayacaq. Xatırladım ki, Azərbaycan ardıcıl olaraq Ermənistan qanunvericiliyindən ölkəmizə qarşı ərazi iddiaları kimi şərh oluna biləcək müddəaların kənarlaşdırılmasının zəruriliyini bildirirdi. Ona görə də İrəvanın konstitusiya dəyişikliklərinin müddətlərini konkretləşdirməsi müsbət siqnaldır.Ümumilikdə, Azərbaycan üçün ŞƏT-in hazırkı sammitində iştirak etmək və eyni zamanda Azərbaycan-Ermənistan normallaşmasını irəli aparmaq formalaşmaqda olan regional arxitekturada daha da mühüm yer tutmaq imkanı yaradır. Biz bu imkandan maksimum səmərəli istifadə etməliyik. Və aşkar görünür ki, bu proses artıq gedir. Ölkəmiz üçün ŞƏT sammitinin davam edən əsas yekunu məhz budur.

Ülvi Quliyev,

Milli Məclisin deputatı