Şuşada alovlanan tonqalımız

Xalqımız builki Novruzu daha fərqli qeyd edir. Heç olmadığı kimi fərqli. Bu il başqa bir coşqu var Novruz tonqallarının şölələrində. Nəhayət, 30 ildən sonra Azərbaycan xalqının Novruz hədiyyəsi doğma Qarabağımızdır. Bu hədiyyəni, bu sonsuz sevinci bizə bəxş edən isə Uca Tanrının lütfü ilə Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycanın zəfər çalan yenilməz ordusu, dünya siyasi masasında öz arqumentləri ilə bütün oyunçulara haqq mövqeyimizi qəbul etdirmıyi bacaran üstün Azərbaycan diplomatiyası və cənab Prezidentin ətrafında “dəmir yumruq” kimi birləşən mətin və həmrəy Azərbaycan xalqının özüdür.

Bu il Azərbaycan xalqı öz Novruz təbrikini dağlar qoynundakı Şuşadan aldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev martın 16-da Şuşa şəhərinə növbəti tarixi səfərini etdi və bu dəfə öz xalqına əfsanəvi Cıdır düzündən Novruz təbriklərini çatdırdı. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla xanım Əliyeva ilə birgə Azərbaycan xalqının ən əziz bayramı olan, xalqın birliyinin, həmrəyliyinin simvollarından biri Novruz bayramını Şuşada qeyd etməsi eyni zamanda bütün dünyaya qəti bir siyasi mesaj idi. Cıdır düzündə alovlandırılan Novruz tonqalı ilə doğma Qarabağa sahiblərinin burada olduğunu göstərən bir nur, düşmənə isə gözdağı verildi. Bu tonqal sanki müzəffər ordunun rəmzi idi, həmrəy xalqın, yurda dönən ailənin simgəsi idi. Necə ki, cənab Prezident bu tonqal önündən Azərbaycan xalqına müraciətində dedi:

“Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik”

Ötən ilin 8 noyabrındakı möhtəşəm qələbə ilə Azərbaycan xalqının tarixinə son üç əsrdə ilk dəfə Cənab Prezidentin Ali Baş Komandanlığı ilə tarixi Zəfər gününü həkk edən şanlı Azərbaycan Ordusu və Azərbaycan dövləti düşmənə öz yerini bir daha göstərmiş oldu. Bununla sübut olundu ki, Azərbaycan xalqı heç vaxt özünün və əliyalın vətəndaşlarının qəsb olunmuş haqlarını unutmayıb və heç vaxt işğal kölgəsi altında yaşaya bilməz.

Mənfur erməni işğalçıları öz xəstə ruhlarına uyğun olaraq ötən 30 il ərzində bütün işğal olunmuş ərazilərimizdə olduğu kimi qədim Şuşa şəhərində də erməniləşdirmə, tarixi-mədəni təmizləmə siyasəti yürütməyə çalışırdılar. Əzəli və əbədi Azərbaycan torpaqlarını vəhşicəsinə istismar etdikləri bəs deyilmiş kimi buradakı əsrlər arxasından boy verən Azərbaycanın tarixi-mədəni irsini, milli, dini, tarixi, arxeoloji abidələrimizi, Azərbaycan xalqına xas elementləri yox etməyə, süni erməni tarixi kökləri inşa etmək üçün əllərindən gələni etsələr də, Qafqazın incisi olan vüqarlı Şuşa hər daşında Azərbaycan izini, havasında Azərbaycan nəfəsini qoruyub saxladı. Ermənilər nə qədər çalışsalar da, daş üstündəki qala şəhərin Azərbaycan ruhunu və görkəmini dəyişə bilmədilər.

Burada bir vacib məqamı da bildirmək lazımdır ki, qoca tarix sübut edib ki, ancaq bir yumruq kimi bir olan xalqlar, xalqının əsl lideri kimi onun və doğma vətənin rifahını ən önəmli vəzifə kimi qarşısına məqsəd qoymuş siyasi xadimlər tarixdə daim qaliblər sırasında olur. Eyni zamanda öz tapdanmış hüquqlarını bərpa edə və haqq sözünü bütün dünyaya bəyan edə bilir. Bu baxımdan heç şübhəsiz ki, müasir dünyanın ən unikal misalı Azərbaycan xalqı və onun uzaqgörən lideri İlham Əliyevdir. Müdrik atalarımızın dediyi “dirilik birlikdədir!” məsəlini konsepsiya kimi tətbiq edən və bütün çıxışlarında da bildirdiyi kimi daim xalqına arxalanan lider və sərkərdənin rəhbərliyi ilə bu gün Azərbaycan qalib, düşmənləri isə xar haldadırlar. Uzun illər ərzində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətinin ana xəttində əsas məqsəd kimi torpaqlarımızın bütövlüyünün təmin olunması durmuşdur. Bu yöndə durmadan və dönməz siyasət yürüdən Azərbaycan dövləti son 28 ildə sürətli inkişaf yolunu tutdu, “güclü iqtisadiyyat, qüdrətli dövlət” şüarı ilə hər sahədə çiçəklənən ölkəmiz hər gün öz müdafiə qabiliyyətini daha da artırdı və uzun hazırlıqlardan sonra nəhayət hesab günü yetişdi. Qalib ölkəmizin şanlı ordusunun Müzəffər Ali Baş Komandanı kimi Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarımıza, Qarabağın üzüyünün qaşı Şuşaya budəfəki səfəri və Cıdır düzündə Novruz tonqalını alovlandırması, burada səsləndirdiyi fikirlər bir daha bunu təsdiq edir. Müzəffər Ali Baş Komandan öz xalqına müraciətində bu böyük həqiqətə toxunaraq dedi:

“Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”

Bu mesajlar düşmənə dərs, dünyaya mesajdır.

Eyni zamanda artıq cənab Prezidentin göstərişi ilə işğaldan azad olunan torpaqlarımızın bərpası prosesinə başlanılıb. Tarixi Şuşa şəhərində vandal ermənilərin dağıtdığı Vaqifin məqbərəsi, Bülbülün, Üzeyirin abidə və ev muzeyləri, tarixi məscidlərimiz və mədəni irsimiz bərpa olunur. Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı elan elədiyi Şuşa qısa zamanda Azərbaycanın dünyaya parlayan mədəniyyət günəşi kimi öz şöhrətini geri qaytaracaqdır.

Ən nəhayət builki Novruz artıq qalib xalqın zəfər bayramı kimi əlamətdardır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” mesajları bir daha hər kəsə gücümüzü göstərmiş oldu.

Hüseynov Cavid Niyazi oğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi,

YAP Səbail rayon “Pedaqoqlar” ərazi ilk partiya təşkilatı İdarə heyətinin üzvü