Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir

50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda - Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Azərbaycan Prezidentinin təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı.

Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsi nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər.

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılmışdır. Ərazi bütövlüyümüzün bərpa olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin şah əsəridir.

 

Müşfiq Məmmədli

Milli Məclisin deputatı