Regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqi Azərbaycan Respublikasının xarici siayasətinin prioritet istiqamətləridir. Bu siyasət yalnız bəyanat səviyyəsində deyil, konkret addımlar, təşəbbüslər və nəticələrlə təsdiq olunmuş strateji məqsədləri özündə ehtiva edir. Bizim ölkəmizin mövqeyi bundan ibarətdir ki, sülh yalnız beynəlxalq hüququn norma və prinsiplərinə — suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanmalıdır. 44 günlük müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərində yaranmış reallıq sülh gündəliyini inkişaf etdirmək üçün yeni imkanlar yaratmışdır. Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya prosesininin başa çatdırılması, kommunikasiyaların açılması və regional iqtisadi əməkdaşlıq üçün münbit şəraitin yaradılması ilə bağlı təşəbbüslər Azərbaycanın bu imkanlardan maksimum istifadə etmək niyyətini göstərir.
Bundan başqa, Azərbaycan dövləti münaqişə sonrası humanitar proseslərdə daim məsuliyyətli mövqe nümayiş etdirir. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, minalardan təmizləmə, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı kimi məsələlərdə son dərəcə müdrik, qətiyyətli mövqe nümayiş etdirir. Artıq elə bir dövr gəlib çatmışdır ki, Cənubi Qafqaz qarşıdurmaların deyil, əməkdaşlığın, yeni sərmayə axınlarının, yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir. Bu hədəf üçün Azərbaycan lazımi siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır.
Bu baxımdan bir qrup ABŞ senatorunun ədalət mühakiməsinə cəlb edilmiş erməni əsilli şəxslər haqqında mövqeyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Hesab edirəm ki, belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsassız iddialarını stimullaşdırır.
Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsirlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Bu gün ölkəmizdə saxlanılan və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil. Onlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir. Azərbaycan dövləti bu proseslərin hər birini qanunun aliliyi, şəffavlıq, ədalət və məhkəmə müstəqilliyi prinsipləri əsasında həyata keçirilməsini təmin etmək üçün bütün zəruri addımları atmışdır. Bu şəxslərin hər biri vəkil ilə təmin olunmuş, məhkəmə iclasları açıq keçirilmişdir.
Bir daha vurğulamaq istrədim ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş hər bir şəxs törətdiyi əmələ görə cavabdehlik daşıyır. Belə şəxsləri müdafiə etmək, məhkəmə instansiyasına və Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdir.
Soltan Məmmədov
Milli Məclisin deputatı