Tariximizin qürur və zəfər səhifəsi

Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üstüsə düşür. 1990-cı ilin yanvarın 20-si xalqımızın tarixi yaddaşına həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazıldı. Bu gün həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 34 il keçməsinə baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri bizim yaddaşımızda əbədi qalacaqdır!

      1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin xalqımız bu sınaqdan qalib çıxdı. SSRİ rəhbərliyinin xalqımızın azadlıq mübarizəsinin qarşısının almaq üçün həyata keçirdiyi bu əməliyyat cinayətkar siyasətin əsl mahiyyətini göstərdi.

Qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Həlak olanlar arasında müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar, hətta əlilliyi olan şəxslər də var idi. Hərbiçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir edirdilər.

        Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin ermənilərlə ilə birgə apardıqları anti- Azərbaycan siyasətinin tərkib hissəsi idi. Lakin onlar öz qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “... bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.

         Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi. Hər hansı ölkədə buna oxşar hadisə baş versəydi, dünya dövlətləri tez bir zamanda münasibət bildirərdilər. Lakin həmin vaxt Azərbaycanla bağlı düzgün məlumat verilmirdi, dünya bu təcavüzə laqeyd yanaşırdı. 20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Ölkəmizdə bu istiqa¬mətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmlən¬dirilir. Bu sahədə qanunvericilik bazası təkmilləşdirilir.

        Biz Qanlı Yanvar hadisəsini yalnız faciə kimi qiymətləndirmirik. Bu gün həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın ən şərəfli səhifələrdən biridir! Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu! Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır! Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır! Çünki Azərbaycan müstəqil, azad, suveren dövlətdir!

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova