“Bu gün müasir, müstəqil, qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycanın davamlı uğurlarından böyük qürur hissi ilə danışırıq. Hər bir bayram, əlamətdar gün keçilən yolun təhlilini daim bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan müstəqillik tariximizin hər bir səhifəsi vərəqlənir, ayrı-ayrı dövrlərin müqayisəli təhlili əsasında Azərbaycanın bugünkü reallıqlara nail olmaq üçün keçdiyi yolun heç də hamar olmadığı bir daha indiki və gələcək nəsillərə çatdırılır. Bu məqamı da xüsusi qeyd edək ki, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda 2021-ci il 15 oktyabr tarixində qəbul edilən “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu mühüm addım Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. 107 illik müstəqillik tarixinə malik olan Azərbaycan hazırda tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının reallıqlarına söykənərək yeni-yeni hədəflərə doğru inamla addımlayır”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir: “Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır”.
Malik Həsənov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi: “Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı”.
Millət vəkili vurğulayıb ki, məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı: “Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri xaos, anarxiya, özbaşınalıq dövrü kimi xarakterizə olunur. Həmin illərdə ölkəmizə rəhbərlik edənlərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı nəticəsində Azərbaycan müstəilliyini itimək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasətin nəticəsində yenidən qurularaq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Azərbaycan xalqı daim yenilməzliyi, məğrurluğu, tarixinə sahib çıxan xalq olması ilə dünyanın diqqətindədir. Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq məğlubedilməzdir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar xalqımızın sabaha ümidini itirmədi. Xalqımız Ümummilli Liderin Azərbaycanın düşdüyü ağır vəziyyətə biganə qalmayacağına əmin idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən inkişaf, tərəqqi yoluna qədəm qoyan Azərbaycan bu siyasi kursu davam etdirən Prezident İlham Əliyevin uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində tarixə Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdu”.
Malik Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyi qorumaq, saxlamaq onun əldən edilməsindən də çətindir: “1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətdən danışmaq mümkün deyildi. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Ümummilli Liderin uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Möhkəm təməl Azərbaycanın bugünkü reallıqlarını şərtləndirdi”.
Millət vəkili qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməyə, indiki və gələcək nəsillərə çatdırmağa, Cümhuriyyət qurucularının zəngin fəaliyyətlərinin təbliğinə geniş imkanlar yaratdı: “Müstəqiliyimizi tarixi niliyyətimiz kimi dəyərləndirən Ümummilli Liderin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, bizim əsas dəyərimiz, ən böyük nemətimiz müstəqilliyimizdir. Biz müstəqil ölkə kimi yaşayırıq.
Azərbaycanın bu gün hər sahədə qazandığı uğurlar, əldə etdiyi təcrübə göz önündədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət etdi. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızı dalğalandırmaq. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu qüruru yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində ədaləti bərpa etdi, torpaqlarımız tarixi sahibinə qovuşdu. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu və Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən ötən beş ildə hər bir bayramı, əlamətdar günü azad edilmiş ərazilərdə qeyd etməsi hər birimizi qürurlandırır. Qalib, bütövləşən Azərbaycanın dünyaya səs salan möhtəşəm uğurları, yeni-yeni hədəfləri 107 illik müstəqillik tariximizin təqdimatıdır”.