Həkimin, tibb bacısının əlləri şəfalı olmaqla yanaşı, insanlara sevgiylə yanaşmağı bacarmalıdır. Bu keyfiyyətləri daşıyan tibb işçilərindən ikisinə həmin o dar məqamda rastlaşdım...
Mayın 27-də axşam radələrində oğlumun sağ diz hissəsindən it qapmışdı. Uşaqlar özləri təcili yardıma zəng etsələr də, sözlərinin ciddiyə alınmayacağı ehtimalını nəzərə alıb özüm də zəng etdim. Təxminən saat 23:00-də təyin olunmuş görüş yerinə gələn “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsin Yasamal Təcili və Təxirə salınmaz Tibbi Yardım Sahəsinin 1 saylı bölməsinin ekipajını qarşıladım. Ekipaj üzvləri, xüsusilə də təcili tibbi yardım həkimi Anna Şəxəliyeva çox diqqətcillik nümayiş etdirdilər, oğlumu və məni 1 saylı Kliniki Tibbi Mərkəzinin (keçmiş Semaşko ad. Xəstəxana) müvafiq şöbəsinə çatdırdılar. Yolboyu Anna xanım oğluma ürək-dirək verir, narahatlığa əsas olmadığını deyərək, qəlbimizə xatircəmlik məlhəmi səpirdi.
Klinki Tibbi Mərkəzin gecə növbəsi az qüvvə ilə böyük gərginliklə işləyirdi. Bıçaqlanan kim, avtoqəzaya uğrayan kim, yıxılıb əzilən kim... Nə isə, oğluma zəruri yardım göstərildi, peyvənd iynəsi vuruldu. Şöbədə növbədə yalnız bir həkim və bir tibb bacısı var idi. Tibb bacısı Əsmər Mədətova olduqca şəfqətcil, qayğıkeş bir insan idi. Tibb bacısı olmaq üçün ilk növbədə insanın qəlbində şəfqət, mərhəmət, xeyirxahlıq hissləri olmalıdır. Müşahidə elədim ki, bütün bu insani keyfiyyətləri özündə ehtiva edən Əsmər xanım pasiyentlərə sanki öz əzizləri, doğması kimi baxır.
Dərin minnətdarlıq hissi ilə adlarını çəkdiyim bu iki səhiyyə işçisi Allah-təalanın seçilmiş bəndələri, ağ xalatlı mələklərdir desəm, yəqin ki, yanılmaram. Şübhə etmirəm ki, onlar üzərlərinə düşən bütün digər vəzifələri də layiqincə yerinə yetirirlər – komandada iş, problemin həllinə ortaq yanaşma bacarığına; peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək qailiyyətinə, ən əsası isə pasientlərlə, iş yoldaşları ilə, əhali arasında ünsiyyət qurmaq məharətinə malikdirlər. Xəstələrə qulluq və müayinə-müalicə prinsiplərini həyata keçirərkən etik normalara və deontoloji qaydalara, sanitar-epidemioloji rejimə, aseptika və antiseptika qaydalarına çox ciddi riayət edirlər. Onların keçməkdə olduğu parlaq, şərəfli, şəfqətli həyat yolu gələcək tibb işçiləri üçün bir örnək sayılmalıdır. Cəmiyyət insanların sağlamlığının keşiyində ayıq-sayıq dayanan bu müqəddəs peşə sahiblərini təkcə dar məqamda kömək gördüyü vaxt deyil, yaxud, yalnız 17 iyun – Tibb İşçisi Günündə deyil, hər gün, hər gecə alqışlamalı, təqdir etməli, xidmətlərini dəyərləndirməlidir.
Sahibsiz küçə itlərinin cəmiyyətə yaratdığı narahatçılıq isə ayrı söhbətin mövzusudur.
Elnarə Həziyeva
