Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər yalnız qonşu ölkələr olmaqla məhdudlaşmır, eyni zamanda strateji tərəfdaşlıq və qarşılıqlı etimad əsasında formalaşıb.
Son dövrlərdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələr yeni mərhələyə yüksəlib ki, bu da regionda sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri və orada verdiyi dəstək mesajları göstərir ki, Azərbaycan qonşu ölkənin inkişaf perspektivlərini yüksək qiymətləndirir və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini prioritet hesab edir.
Ortaq tarixi, mədəni və strateji maraqlar xalqımız arasında etimadın artmasına xidmət edir və gələcəkdə yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin hazırlayır.
Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı qeyd edib ki, Azərbaycan və Qazaxıstan qlobal çağırışlara çevik reaksiya verərək ikitərəfli əlaqələri genişləndirməyə davam edir:
“Prezident İlham Əliyevin qardaş ölkəyə səfəri və səfər zamanı ifadə etdiyi mesajlar, dövlətlərimiz arasında əlaqələrin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Qazaxıstanın inkişaf yolunu dəstəkləməsi strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bu həm də Azərbaycan diplomatiyasının əsas prioritetlərindən biri olan türk dövlətləri arasında birliyin gücləndirilməsini göstərir. Azərbaycan və Qazaxıstanı ortaq tarix, mədəni dəyərlər, türklük ideyası və strateji maraqlar birləşdirir".
Günay Ağamalı: Birlikdə yüksəlmək Azərbaycanın, həm də bütün Türk dünyasının gələcək strategiyasının əsas prinsipidir
Deputat əlavə edib ki, Qazaxıstanın regional və beynəlxalq arenada güclənməsi eyni zamanda Türk Dünyasının siyasi, iqtisadi və geosiyasi qüdrətinin artması deməkdir:
“Prezident İlham Əliyevin bu mövqeyi Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlıq və nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə təkan verəcək. Azərbaycan və Qazaxıstan coğrafi üstünlüklərdən maksimum istifadə edərək Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu isə ölkələrimizin iqtisadi diversifikasiyanı təmin etməsi üçün əhəmiyyətlidir".
Müsahibimiz vurğulayıb ki, bütün bunlar Azərbaycanın uzaqgörən xarici siyasətinin parlaq nümunəsidir:
“Çünki Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən yeni nəqliyyat və enerji dəhlizləri - Zəngəzur dəhlizi, Transxəzər marşrutu və Orta Dəhliz layihələri məhz Azərbaycan və Qazaxıstanın birgə dəstəyi və koordinasiyası sayəsində regional sabitliyin və rifahın əsas sütunlarına çevrilib. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən balanslı və perspektivli xarici siyasət nəticəsində Azərbaycan regional lider olmaqla yanaşı, qlobal əməkdaşlığın aktiv iştirakçısına çevrilib. Qazaxıstanla strateji tərəfdaşlığın möhkəmlənməsi isə Türk Dünyasının iqtisadi-siyasi gücünü artıracaq və regionda sabitlik, inkişaf və təhlükəsizliyin təminatına çevriləcək. Birlikdə güclüyük, birlikdə yüksəlirik! Bu, həm Azərbaycanın, həm də bütün Türk Dünyasının gələcək strategiyasının əsas prinsipidir".