Ürəklərdə əbədi yaşayan ziyalı, nəcib insan

Biz hər zaman Azərbaycan elmini, onun  ayrı-ayrı sahələrini öz fəaliyyətləri ilə daha da  zənginləşdirən qadınlarımızın adlarını böyük  qürur hissi ilə çəkirik. Xalqın milli sərvəti hesab olunan belə ziyalı qadınlar arasında görkəmli şərqşünas alim, pedaqoq və ictimai xadim Aida  İmanquliyevanın öz yeri var. Azərbaycan elmini Şərq dünyasında tanıdan böyük ziyalı, ədəbi fikir tariximizin istedadlı nümayəndəsi Aida xanım İmanquliyeva şəxsiyyətinə ehtiram oyadan başlığa amil onun  daxili dünyasının gözəlliyi, mənəvi zənginliyi olmuşdur. 

O, daxilən də, zahirən də gözəl idi. Bu daxili gözəlliyi, nəcibliyi  ona verən isə doğulub tərbiyə aldığı ailə, böyüdüyü mühit idi. Orta məktəbi qızıl medalla, Universiteti fərqlənmə diplomu ilə bitirib şərqşünas olan Aida xanım ilk müsəlman şərqşünas alim qadın kimi bütün Şərq dünyasında tanınmışdır. 

 Aida xanım vətənpərvər ziyalı kimi qələmə aldığı hər bir əsərində özünün vətəndaş mövqeyindən çıxış edir, Vətəninə, xalqına müqəddəs münasibətini sübut edirdi. Onun hər bir əsəri böyük cəsarətlə insanları daxili azadlığa, mənəvi kamilliyə səsləyir. 

Zərif çiyinlərinə belə ağır bir yük götürmüş Aida xanım bütün elmi yaradıcılığı boyu yalnız öz ağlının gücünə arxalanıb, pillə-pillə, addım- addım ucalmışdır. Novator alimin istər tədqiqat əsərləri, istər tərcümələri ədəbiyyat xəzinəmizin parlaq nümunələridir. Həcmindən asılı olmayaraq bütün yaradıcılıq nümunələri, hətta elmi konfrans və simpoziumlardakı dərin mənalı və dolğun məzmunlu çıxışları onun böyük söz sahibi və kamil şəxsiyyət olduğunu bir daha təsdiq edirdi.
 Onun  elmi əsərləri şərqşünaslıq tariximizin inciləri hesab olunur. Aida xanım İmanquliyevanın Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə yüzlərlə kitab və monoqrafiya, tərcümə və elmi məqalələr toplusu nəşr olunmuşdur. O, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında böyük xidmət göstərmiş, yaradıcı fəaliyyətinin hər bir istiqaməti ilə qədim Şərqə tükənməz sevgisini sübut etmişdir. 

Aida xanım qısa bir ömür yaşadı. Dünyamızı elmi və ictimai fəaliyyətinin ən qaynar çağında, arzularının aşıb-daşdığı bir vaxtda tərk etdi. Lakin özündən sonra gözəl övladlar, zəngin ədəbi irs, gözəllik, zənginlik və kübarlıq adlı mənəvi dünyasını qoyub getdi. Dövrümüzün tanınmış ziyalılardan biri, Azərbaycanda ilk Milli Aviasiya Akademiyasının yaradıcısı Arif Paşayevlə bərabər böyütdüyü qızları Nərgiz xanım və Mehriban xanım bu gün vətənpərvər və xeyirxah ziyalılar kimi  mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Bu ailə üzvlərinin  gözəl xüsusiyyətlərindən biri də onların özlərinə və ətraflarındakı insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları,  hər bir işdə peşəkarlıq nümunəsi  göstərmələri, mənəvi harmoniyaya nail olmalarıdır. 
Biz fəxr edirik ki, Azərbaycanın ictimai - siyasi həyatında xüsusi fəaliyyəti ilə, eləcə də beynəlxalq arenada Azərbaycanımızı tanıdan özünəməxsus layihələri  ilə fərqlənən Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyeva bu gün Azərbaycanda qadın hərəkatının önündə gedir. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva Azərbaycan elminin və təhsilinin inkişafında önəmli rol oynayır, geniş humanitar və xeyriyyəçilik fəaliyyəti göstərir. Aida xanımın nəvələri də onun   açdığı cığırla gedir, Azərbaycanın tərəqqisi üçün öz töhfələrini verirlər. 

Aida xanım xoşbəxtliyini şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində tapmışdı. Bu böyük alim və alicənab insan özünəməxsus fikir azadlığına, onu ifadə etmək qabiliyyətinə, elmi sərbəstliyinə görə bütün dövrlər üçün aktualdır, yenidir. O, həyatdan vaxtsız getsə də, qoyub getdiyi zəngin elmi-ədəbi irsi ilə bu gün də bizimlədir.   

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova