Xalqımız tarixi günlər yaşayır

Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın bir qisminin işğal olunmasının obyektiv səbəbləri vardı. Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil. Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.

Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərdi.

Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik.

Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.

15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, bu xalqı öz arzusuna gedın yolda heç bir qüvvə çəkindirə bilməz. 

Əminə Ağzadə,

Millət vəkili