Xankəndidən dünyaya: Qarabağ Azərbaycandır!

20 il öncə ilk Prezident seçkilərində böyük üstünlüklə qalib gəlmiş İlham Əliyev hər bir Azərbaycanlının prezidenti olacağına söz vermişdi. Prezidentliyə namizəd İlham Əliyevin seçki platformasında İlk 5 il ərzində qaçqınların yaşadığı çadır düşərgələrinin ləğv olunması, 600 min yeni iş yerlərinin yaradılması və nəhayət işğalın aradan qaldırılması üçün zəruri tədbirlərin ələ alınması kimi o zaman üçün real görünməyən hədəflər yer almışdı. O zaman bunu situativ şüarlar və həyata keçirilməsi hesabat tələb etməyən seçki ərəfəsi utopik vədlər kimi dəyərləndirənlər də vardı. Siyasi opponentlər iddia edirdilər ki, hakimiyyət kürsüsü əldə olunduqdan sonra bu vədlər unudulacaq. Bəziləri isə hesab edirdilər ki, verilən vədlər olduqca iddialıdır və onların həyata keçirilməsi ümumiyyətlə mümkün deyil.

O zamankı olduqca mürəkkəb tarixi-siyasi şəraitdə yenicə çökmüş Sovet İttifaqının xarabalıqları içərisində ac-susuz yaşayan, işğala və deportasiyaya məruz qalmış çarəsiz bir xalqın ümidlərini doğrultmaq doğrudan da mümkünsüz görünürdü. Xalq isə məhz ona inanırdı və ondan nicat gözləyirdi.

Hakimiyyət kreslosunda gənc prezidenti qoca dünyanın problemləri gözləyirdi. Bunlar heç də sadə problemlər deyildi. Bunlar qoca dünyanın qocaman gücləri tərəfindən yaradılmış və xalqımızı əsarətdə saxlamağa hesablanmış bir neçə qatlı kombinasiya strukturuna malik olan mürəkkəb tərkibli problemlər düyünü idi. Bu düyünü açmaq çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq qədər mümkünsüz görünürdü. Prezident İlham Əliyev isə bütün iddialara və onun fəaliyyətinə yaradılan xarici və daxili maneələrə baxmayaraq hakimiyyətə başladığı ilk gündən etibarən addım-addım münaqişə düyününün düşmənlərimiz tərəfindən toxunmuş ilmələrini açmağa başladı. Prezident köhnə siyasi sistemin ləğvi ilə bağlı yeni dövlət və ordu quruculuğunun həyata keçirilməsi, iflic vəziyyətinə düşmüş iqtisadiyyatın dirçəldilməsi, aclığa və işsizliyə son qoyulması, ölkənin xarici təsirlərdən qorunması kimi mürəkkəb məsələləri təmkinlə, inadkarlıqla və məharətlə həll etməyə davam etdi.

Nəhayət 2020-ci ildə Azərbaycan xalqı 17 il ərzində zərrə-zərrə yaradılan hərbi-siyasi və iqtisadi-sosial zəmin üzərində tarixin həqiqət anına yetişdi. Bu Azərbaycan dövləti üçün “olum və ya ölüm” anı idi. Bu anı xalqımız İlham Əliyevin rəhbərliyi altında qətiyyətlə, qürurla və ləyaqətlə qarşıladı. 44 günlük müharibə Azərbaycan xalqına və dövlətinə qarşı beynəlxalq səviyyədə təşkil olunmuş qəsd nəticəsində işğal olunmuş torpaqlarımızın azad olunması ilə nəticələndi. 23 aprel 2022 -ci ildə Laçın yolunda Ermənistanla sərhəd bölgəsində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan öz sərhədlərini tam şəkildə nəzarətə götürdü. 19-20 sentyabr 2023-cü ildə bir sutkadan da az davam edən anti-terror tədbirləri nəticəsində ordumuz Xankəndidə 35 il əvvəl yuva salmış separatçı terrorçuların başını əzdi. Torpaqlarımızın hər bir qarışı azad olundu. Azərbaycan bu qələbə ilə dünyanın müxtəlif bölgələrində on illərlə işğalçılıq, separatçılıq və terror savaşlarından yaxa qurtara bilməyən xalqlar və dövlətlər üçün mübarizə və xilas örnəyi yaratdı. Beləcə İlham Əliyevin prezident kürsüsündə 20 illik siyasi fəaliyyəti Azərbaycan tarixinin ən möhtəşəm qələbələri ilə tariximizə yazıldı.

Bu gün Azərbaycan bayrağı Ağdərə, Xocavənd, Xocalı, Əsgəran və nəhayət Xankəndidə qaldırıldı. Azərbaycan Prezidenti İlham Əliyev 20 il öncə ilk prezident seçkilərində xalqa verdiyi vədlərini artıqlaması ilə yerinə yetirdi. Bütün dünya üçün həlli mümkün görünməyən mürəkkəb bir problemin ən uğurlu həllini tapmış və həyata keçirmiş Prezident İlham Əliyevin adı bu günkü və gələcək uğurlarımızın müəllifi kimi Azərbaycan tarixinə yazıldı. Xankəndidə qaldırdığı ay-ulduzlu bayrağımızla İlham Əliyev Azərbaycanın qələbəsini və şöhrətini bütün dünyaya yaydı. Bu bütün dünya Azərbaycanlılarının və ölkəmizi öz haqlı mübarizəsində dəstəkləyən qardaş xalqların və dövlətlərin erməni faşızmi üzərində qəti qələbəsini müjdələyən qürurlu və şərəfli bir gündür. 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyev tərəfindən trayektoriyası müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən qətiyyət və cəsarətlə aparılan azadlıq mübarizəsi bu gün möhtəşəm qələbə ilə başa çatdı. Qarşıda isə xalqımızı yeni hədəflər və daha böyük uğurlar gözləyir.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı