Yasamal rayonunda Konstitusiya və Suverenlik ili çərçivəsində 28 may Müstəqillik Gününə həsr olunan “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” adlı tədbir keçirilib. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə bayram tədbiri baş tutub. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, Yasamal rayonu ictimaiyyətinin nümayəndələri iştirak etdilər.Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvləri Arif Rəhimzadə və Arif Qaraşov 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın azadlıq və müstəqillik mübarizəsində əhəmiyyətindən söz açdılar. Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən öncəki tarixi olaylar barədə məlumat verdilər. Daha sonra müasir dövrdən geniş söhbət açıldı. Qeyd edildi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bütün sahələrdə əsl dönüş yarandı. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər yaradıb.Bu gün isə biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müstəqilliyi qoruyur və inkişaf etdiririk.
Tədbir XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi şagirdlərinin ifasında bədii hissə ilə başa çatdı.

