“Yeni mərhələyə keçid edərkən prezident seçkilərinin keçirilməsi də zəruridir”

“Demokratiya yolunu seçən dövlətlərin həyatında seçkilər xüsusi əhəmiyyət kəsb edir. Məhz xalqın iradəsi əsasında formalaşdırılan hakimiyyətlərin idarə etdikləri ölkələrdə davamlı inkişaf, siyasi sabitlik, sosial ədalət mümkündür. Azərbaycanın Konstitusiyasında da qeyd olunduğu ki, hakimiyyətin mənbəyi xalqdır. Xalqımız fevralın 7-də keçiriləcək prezident seçkilərində iştirak etməklə növbəti 7 il müddətində ölkənin taleyini özünün istədiyi siyasi liderə həvalə edəcək”. Bunu secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

O bildirib ki, prezident seçkilərinin keçirilməsində əsas səbəb bütün ölkənin suverenliyinin tam bərpa olunmasıdır: “Əldə etdiyimiz zəfərlər suverenliyimizi tamamladı. Ərazi bütövlüyü təmin olunan Azərbaycanda ilk seçkilərin məhz prezident seçkisi olması daha məntiqlidir. Bu baxımdan fevralın 7-də keçiriləcək seçkilər fundamental əhəmiyyət kəsb edir.

Bu gün biz Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri tikirik, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan bölgədə yeni reallıq formalaşdırıb. Bu yeni reallıq yeni dövrün başlanğıcıdır. Təbii ki, yeni mərhələyə keçid edərkən prezident seçkilərinin keçirilməsi də zəruridir. Çünki yeni seçkilərin özü də növbəti mərhələnin başlanğıcı olmalıdır”.