Yeni zəfərlər naminə qalib Liderə səs verək!

Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, təşviqat qrupunun üzvləri Rauf Zeyni, Mirfaiq Mirheydərli, şəhid ataları Mürvət Əsgərov və Meyvəddin Ramaldanov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, dostlarımızın və tərəfdaşlarımızın sayı getdikcə çoxalır. Azərbaycan Prezidenti dünya siyasətində öz qətiyyəti, prinsipiallığı, praqmatikliyi və uzaqgörənliyi ilə böyük nüfuz qazanıb. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Diqqətə çatdırılıb ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçkilər keçiriləcək. Natiqlər əminliklə qeyd ediblər ki, budəfəki seçkilərdə də Azərbaycan xalqı qalib Liderə etimad göstərəcək, Azərbaycanın işıqlı gələcəyinə səs verəcək.