Hər bir xalqın milli kimliyi, tarixi yaddaşı və mənəvi sərvəti ilk növbədə onun dili ilə yaşayır. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın keçmişini, mədəniyyətini, düşüncə tərzini və dövlətçilik ənənələrini nəsildən-nəslə ötürən ən etibarlı mənəvi körpüdür. Bu mənada hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü milli-mənəvi dəyərlərimizə ehtiramın ifadəsi olmaqla yanaşı, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mahiyyətini bir daha nümayiş etdirir.
Azərbaycan dili əsrlər boyu xalqımızın milli varlığını qoruyub saxlayan əsas amillərdən biri olub. Xüsusilə dövlət müstəqilliyinin olmadığı dövrlərdə məhz ana dilimiz xalqımızın milli kimliyini, adət-ənənələrini və mədəni irsini yaşadaraq assimilyasiya siyasətinə qarşı ən güclü sipərə çevrilib. Məhz buna görə tariximizin müxtəlif mərhələlərində Azərbaycan dilinin sıxışdırılması cəhdləri xalqımızın milli mənsubiyyətinə yönəlmiş siyasətin tərkib hissəsi kimi həyata keçirilib.
Ötən əsrin 70-ci illərində SSRİ-də mərkəzləşdirmə siyasətinin gücləndiyi, milli dillərin ictimai həyatdan sıxışdırıldığı mürəkkəb bir dövrdə ana dilinin müdafiəsi böyük siyasi iradə tələb edirdi. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycan xalqının milli maraqlarının qorunması baxımından tarixi əhəmiyyət daşıyır. Onun qətiyyətli fəaliyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması təkcə hüquqi norma deyil, milli özünüdərkin və dövlətçilik düşüncəsinin möhkəmlənməsinə xidmət edən mühüm siyasi hadisə idi. Həmin qərar gələcək müstəqilliyimizin ideoloji əsaslarını formalaşdıran mühüm addımlardan biri kimi tarixə düşdü.
Müstəqilliyini bərpa etmiş Azərbaycanda dövlət dili siyasəti yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsi ölkəmizin suverenliyinin ən mühüm hüquqi dayaqlarından birinə çevrildi. Bunun ardınca həyata keçirilən islahatlar dilimizin hüquqi statusunu daha da möhkəmləndirdi, onun cəmiyyət həyatının bütün sahələrində tətbiqini təmin etdi.
Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman, eləcə də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbulu milli dil siyasətinin sistemli əsaslar üzərində qurulduğunu təsdiqlədi. Məhz həmin qərarlar nəticəsində Azərbaycan dili yalnız dövlət idarəçiliyində deyil, elm, təhsil, mədəniyyət, informasiya və ictimai həyatın bütün istiqamətlərində aparıcı mövqeyini daha da möhkəmləndirdi.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin ana dilimizdə nəşri, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və dilimizin saflığının qorunmasına yönəlmiş mühüm qərarlar milli dil siyasətinin yeni mərhələsini formalaşdırıb.
Xüsusilə son illərdə rəqəmsal texnologiyaların, sosial şəbəkələrin və süni intellekt əsaslı platformaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin qorunması daha aktual xarakter alıb. Qloballaşmanın yaratdığı imkanlarla yanaşı, dilimizə təsir edə biləcək risklər də mövcuddur. Xarici sözlərin lüzumsuz istifadəsi, dil normalarının pozulması, informasiya məkanında qeyri-dəqiq ifadələrin yayılması ana dilimizin saflığının qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirib. Prezident İlham Əliyevin bu məsələyə xüsusi həssaslıqla yanaşması və dilimizin saflığının qorunmasını milli məsələ kimi qiymətləndirməsi təsadüfi deyil.
2025-ci ildə dövlət dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət sahəsində həyata keçirilən yeni institusional dəyişikliklər də bu siyasətin ardıcıl davamı kimi qiymətləndirilməlidir. Bu addımlar Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafına, onun hüquqi müdafiəsinin daha da gücləndirilməsinə və gələcək nəsillərə saf şəkildə ötürülməsinə xidmət edir.
Bu gün dünyada 50 milyondan çox insanın ana dili olan Azərbaycan dili artıq yalnız ölkə daxilində deyil, beynəlxalq elmi, mədəni və informasiya məkanında da öz mövqeyini möhkəmləndirir. Xaricdə yaşayan soydaşlarımızın milli kimliyinin qorunmasında, diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ana dilimiz mühüm rol oynayır. Rəqəmsal kommunikasiya imkanlarının genişləndiyi müasir dövrdə Azərbaycan dilinin beynəlxalq informasiya məkanında daha fəal təmsil olunması dövlətimizin qarşıya qoyduğu mühüm vəzifələrdən biridir.
Bu baxımdan 1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə əlamətdar tarix deyil, həm də hər bir vətəndaş üçün məsuliyyət çağırışıdır. Ana dilimizin qorunması yalnız dövlət qurumlarının deyil, müəllimlərin, alimlərin, yazıçıların, jurnalistlərin, ziyalıların və bütövlükdə cəmiyyətin ümumi vəzifəsidir. Çünki dilini qoruyan xalq öz tarixini, milli kimliyini və dövlətçiliyini qoruyur.
Azərbaycan dili əsrlərin sınağından çıxmış, zənginliyi, ahəngdarlığı və ifadə imkanları ilə seçilən böyük mənəvi sərvətimizdir. Bu sərvətin gələcək nəsillərə saf, zəngin və inkişaf etmiş şəkildə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. Dövlətimizin həyata keçirdiyi ardıcıl dil siyasəti də məhz bu ali məqsədə – milli kimliyimizin ən mühüm rəmzlərindən olan Azərbaycan dilinin əbədi yaşamasına və inkişafına xidmət edir.
Asif Əsgərov,
Milli Məclisin deputatı