Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın konturları genişlənir  

Azərbaycanın çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasəti ölkəmizin beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Avropanın aparıcı dövlətlərindən olan Almaniya ilə münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişafı da bu siyasətin uğurlu nəticələrindən biridir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər göstərir ki, iki ölkə arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə daxil olur və qarşıdakı dövr üçün geniş perspektivlər formalaşdırır.

Ölkə Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfər zamanı imzalanan sənədlər və verilən siyasi mesajlar göstərir ki, Bakı ilə Berlin arasında əməkdaşlıq artıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır, strateji xarakter daşıyan yeni istiqamətləri də əhatə edir.

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Avropanın aparıcı dövlətləri ilə münasibətlər davamlı şəkildə inkişaf edir. Bu baxımdan Almaniya ilə əlaqələrin genişlənməsi həm ikitərəfli münasibətlər, həm də Avropa İttifaqı ilə əməkdaşlığın yeni məzmun qazanması baxımından xüsusi əhəmiyyət daşıyır. İmzalanan "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə" tərəflərin uzunmüddətli əməkdaşlıq niyyətinin siyasi ifadəsi olmaqla yanaşı, qarşıdakı dövr üçün konkret fəaliyyət istiqamətlərini də müəyyənləşdirir.

Bu gün Almaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə yüzlərlə Almaniya şirkətinin fəaliyyəti, yeni investisiya imkanlarının müzakirə olunması və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əsas verir. Xüsusilə qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi, sənaye, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində yeni layihələrin reallaşdırılması hər iki ölkə üçün qarşılıqlı faydalı perspektivlər yaradır.

Enerji sahəsi isə münasibətlərin strateji sütunlarından biri olaraq qalır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin verdiyi töhfənin daha da artdığını göstərir. Hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv olan on ölkəyə çatdırılır. Bununla yanaşı, Azərbaycanın Almaniyaya xam neft ixrac etməsi və gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi enerji tərəfdaşlığını daha da dərinləşdirəcək. Xüsusilə bərpa olunan enerji layihələri və "yaşıl enerji" dəhlizlərinin formalaşdırılması gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.

Azərbaycanın son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi irimiqyaslı layihələr də Almaniya ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında etibarlı tranzit mərkəzinə çevrilib. Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Almaniyanın bu marşrutlara maraq göstərməsi iqtisadi əməkdaşlığın coğrafiyasını daha da genişləndirə bilər. Bu baxımdan səfər zamanı konkret fəaliyyət planlarının hazırlanması və işçi qruplarının yaradılması barədə əldə olunan razılaşmalar xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin Almaniyada verdiyi mesajların mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlarla bağlı idi. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda uzun illər davam edən münaqişənin aradan qalxmasına imkan yaradıb. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələr, sülh sazişinin paraflanması və yeni əməkdaşlıq mühitinin formalaşması bölgənin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, kommunikasiyaların açılması istiqamətində atdığı addımlar və humanitar əməkdaşlığın genişləndirilməsi regional sabitliyin möhkəmlənməsinə xidmət edir.

Bu prosesdə Almaniyanın və ümumilikdə Avropa İttifaqının konstruktiv mövqeyi də diqqət çəkir. Son dövrdə Avropa İttifaqının yüksək rəhbərliyinin Azərbaycana səfərləri, eləcə də Almaniyanın Cənubi Qafqazda dialoqu təşviq edən təşəbbüsləri göstərir ki, Avropa Azərbaycanı regionun əsas tərəfdaşlarından biri kimi qiymətləndirir. Almaniyanın Avropa İttifaqında aparıcı siyasi və iqtisadi güc olması isə bu əməkdaşlığın daha da dərinləşməsi üçün əlavə imkanlar yaradır.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri yalnız diplomatik təmaslarla məhdudlaşmayan, gələcək əməkdaşlığın strateji istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisədir. İmzalanan sənədlər, əldə olunan razılaşmalar və qarşılıqlı siyasi iradə Azərbaycan–Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu təsdiqləyir. Bu əməkdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, həm də Avropanın enerji təhlükəsizliyinə, regional sabitliyə və Cənubi Qafqazda davamlı sülhün möhkəmlənməsinə mühüm töhfə verəcək.

Asif Əsgərov,

Milli Məclisin deputatı