Mahir Süleymanlı
Milli Məclisin deputatı
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatı iki ölkə münasibətlərinin mövcud səviyyəsini və əməkdaşlığın əhatə dairəsini ifadə edir. Bu çıxış ikitərəfli əlaqələrin yalnız siyasi dialoqla məhdudlaşmadığını, eyni zamanda iqtisadi, enerji, sənaye və humanitar sahələrdə qarşılıqlı maraqlara əsaslanan geniş əməkdaşlıq mühitinin formalaşdığını nümayiş etdirir.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin təməlində 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr dayanır. Bu sənədlər əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə yanaşı, əlaqələrin ardıcıl və davamlı şəkildə qurulmasına şərait yaradıb. Yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı səfərlər tərəflər arasında etibarlı tərəfdaşlıq mühitinin mövcudluğunu təsdiqləyir. Baş nazirin regional səfəri çərçivəsində əvvəl Ermənistanda, daha sonra Azərbaycanda olması diplomatik baxımdan xüsusi məna daşıyır və bu, qarşılıqlı münasibətlərdə hörmət və balanslı yanaşmanın ifadəsi kimi qəbul olunur.
İkitərəfli münasibətlərdə energetika sahəsi xüsusi yer tutur. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından və enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığa malik olduğu ölkələrdən biridir. Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsinin İtaliya bazarına yönəldilməsi bu əməkdaşlığın real göstəricisidir. Bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi çərçivəsində daha da möhkəmlənir. Dəhlizin seqmenti olan Trans-Adriatik Boru Kəməri layihəsinin genişləndirilməsi istiqamətində aparılan müzakirələr gələcəkdə enerji təchizatının daha da artırılmasına xidmət edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir: “Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi çıxış edir və ikitərəfli ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu göstərici iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına yatırdığı təxminən 3 milyard dollarlıq sərmayə qarşılıqlı iqtisadi maraqların möhkəm təmələ söykəndiyini əks etdirir. Bu investisiyaların yeni layihələrə yönəldilməsi əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar yaradır.
İkitərəfli münasibətlərdə yeni istiqamətlərdən biri də hərbi-texniki sahədə əməkdaşlıqdır. Birgə istehsalın təşkili, texnologiya mübadiləsi və sənaye layihələrinin həyata keçirilməsi bu sahənin perspektiv baxımından mühüm önəm kəsb edir. İtaliya texnologiyalarının və Azərbaycanın maliyyə imkanlarının birləşdirilməsi yeni sənaye modellərinin formalaşmasına zəmin yaradır.
Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu şirkətlərin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdikləri 23 layihə iqtisadi əməkdaşlığın coğrafiyasını genişləndirir və bərpa prosesinə mühüm töhfə verir. İtaliya şirkətləri bu layihələrdə fəal iştirak etməklə xarici tərəfdaşlar arasında aparıcı mövqelərdən birini tutur və qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə xidmət edir.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də təhsil sahəsidir. Bakıda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti bu əməkdaşlığın mühüm komponentlərindən birinə çevrilib. Artıq yüzlərlə tələbənin təhsil aldığı həmin ali təhsil müəssisəsi gələcəkdə yüksək ixtisaslı kadrların hazırlanmasına və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Universitet çərçivəsində həyata keçirilən proqramlar beynəlxalq təcrübənin paylaşılmasına, elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə və innovativ təşəbbüslərin formalaşmasına imkan yaradır.
Azərbaycan–İtaliya münasibətləri bu gün strateji tərəfdaşlıq əsasında qurulan, enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq modelidir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr gələcəkdə daha da genişlənəcək və regional əməkdaşlıq mühitində mühüm rol oynamağa davam edəcəkdir.