Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Bu gün hər il 22 iyul tarixinin Milli Mətbuat Günü kimi qeyd olunması milli jurnalistikamızın keçdiyi şərəfli yola verilən yüksək qiymətin ifadəsidir. Bu əlamətdar gün yalnız ilk milli qəzetimizin nəşrinin ildönümü deyil, həm də söz azadlığının, peşəkar jurnalistikanın və milli mətbuat ənənələrinin təntənəsidir. Müasir Azərbaycan mediası tarixi irsinə sadiq qalaraq, rəqəmsal dövrün çağırışlarına uyğun inkişaf edir, cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında, milli maraqların müdafiəsində və dövlətçilik dəyərlərinin təbliğində mühüm missiyasını uğurla davam etdirir.

Bu əlamətdar gün milli jurnalistikamızın yaranmasının əsasını qoyan, böyük maarifçi və ziyalı Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə bağlıdır. "Əkinçi" təkcə ilk Azərbaycan dilli qəzet deyil, həm də xalqın maariflənməsi, milli özünüdərkin formalaşması, ictimai fikrin inkişafı və milli mətbuat ənənələrinin bünövrəsini qoyan mühüm bir nəşr idi. Bu gün artıq 150 ilə yaxın tarixi yol keçmiş Azərbaycan mətbuatı müstəqil dövlətimizin inkişafında, milli maraqların qorunmasında və cəmiyyətin informasiya təminatında mühüm rol oynayır.

Müstəqillik dövründə Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə demokratik dəyərlərin möhkəmləndirilməsi və azad medianın formalaşması baxımından tarixi hadisə olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar isə milli medianın müasir dövrün tələblərinə uyğun inkişafını sürətləndirmiş, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və peşəkar jurnalistikanın inkişafı istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli medianın qarşısında duran vəzifələri belə ifadə etmişdir: "Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Ölkə başçısının bu fikirləri Azərbaycan mediasının inkişaf strategiyasını, onun cəmiyyət qarşısındakı məsuliyyətini və gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə media yalnız xəbər çatdıran vasitə deyil, həm də ictimai rəyin formalaşmasına, vətəndaş cəmiyyətinin inkişafına, milli maraqların müdafiəsinə və dövlətçilik ideologiyasının təbliğinə xidmət edən mühüm institutdur.

Bu gün dünyada informasiya müharibələri ənənəvi hərbi münaqişələr qədər əhəmiyyət kəsb edir. Sosial şəbəkələrin geniş yayılması, saxta xəbərlərin və dezinformasiyanın sürətlə yayılması medianın məsuliyyətini daha da artırır. Belə bir şəraitdə Azərbaycan mediası operativliklə yanaşı, obyektivlik, peşəkarlıq və etibarlılıq prinsiplərinə sadiq qalmalı, cəmiyyətə yalnız dəqiq və təsdiqlənmiş məlumatlar təqdim etməlidir. Milli informasiya məkanının qorunması, kibertəhlükəsizliyin təmin olunması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi də medianın əsas prioritetlərindən biri hesab olunur.

Azərbaycan mediası həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmişdir. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində jurnalistlər cəbhə bölgələrindən operativ məlumatlar təqdim etmiş, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük fədakarlıq göstərmişlər. Həmin dövrdə media yalnız hadisələri işıqlandırmaqla kifayətlənməmiş, eyni zamanda Ermənistanın apardığı dezinformasiya kampaniyasına qarşı informasiya cəbhəsində uğurlu mübarizə aparmışdır.

Azərbaycan mediası ölkəmizin böyük Zəfərinin müjdəçisi olmuş, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini, qələbə xəbərlərini və ordumuzun uğurlarını operativ şəkildə ictimaiyyətə çatdırmışdır. Jurnalistlər beynəlxalq auditoriyanı obyektiv məlumatlarla təmin etmiş, xarici media orqanlarında yayılan qərəzli informasiyalara faktlarla cavab vermiş, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanınmasına mühüm töhfələr vermişlər.

Postmüharibə dövründə də Azərbaycan mediası öz fəaliyyətini uğurla davam etdirir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, "Böyük Qayıdış" proqramı, yeni şəhər və kəndlərin salınması, müasir infrastruktur layihələri, tarixi və dini abidələrin bərpası media tərəfindən geniş şəkildə işıqlandırılır. Bununla yanaşı, Prezident İlham Əliyevin Qarabağın gələcəyi ilə bağlı çıxışları, beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlər, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və sülh təşəbbüsləri ölkə və dünya ictimaiyyətinə operativ şəkildə çatdırılır.

Müasir dövrdə medianın əsas çağırışlarından biri də süni intellekt, rəqəmsal texnologiyalar və yeni media platformalarının yaratdığı imkanlardan səmərəli istifadə etməkdir. İnformasiya istehsalının sürətlənməsi ilə yanaşı, xəbər mənbələrinin dəqiqliyinin yoxlanılması, etik jurnalistika prinsiplərinin qorunması və peşəkar jurnalistikanın inkişaf etdirilməsi daha böyük əhəmiyyət kəsb edir. Gənc jurnalistlərin hazırlanması, media savadlılığının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi də milli medianın gələcək inkişafı üçün vacib istiqamətlərdəndir.

Azərbaycan mediası eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq mühitinin möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc nəslin düzgün informasiya ilə təmin olunması və cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm vəzifələr yerinə yetirir. Medianın dövlət və cəmiyyət arasında etibarlı körpü rolunu oynaması ictimai sabitliyin, şəffaflığın və demokratik inkişafın mühüm amillərindən biridir.

Bu gün Azərbaycan mediası yeni dövrün çağırışlarına uyğun olaraq daha peşəkar, texnoloji baxımdan inkişaf etmiş, beynəlxalq informasiya məkanında rəqabət aparmaq gücünə malik media modelinin formalaşdırılması istiqamətində uğurla fəaliyyət göstərir. Milli maraqların müdafiəsi, informasiya təhlükəsizliyinin təmin olunması və dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi medianın qarşısında duran əsas vəzifələrdəndir.

22 İyul – Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli düşüncənin və azad sözün inkişaf tarixinin əlamətdar günüdür. Azərbaycan mediası ötən illər ərzində qazandığı zəngin təcrübə və peşəkarlıq ənənələrinə söykənərək bundan sonra da ölkəmizin tərəqqisinə, cəmiyyətin obyektiv məlumatlandırılmasına, milli maraqların müdafiəsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.

 

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent