Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi,
qarşılıqlı əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindəndir.
Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter
alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf
etdirilir. Qırğızıstanla Azərbaycan arasında da qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan
bütün beynəlxalq təşkilatlarda həmişə bir-birinin mövqeyini
dəstəkləyiblər.
Bu baxımdan, 30
iyulda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan
ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya
regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Səfər çərçivəsində gələcək əməkdaşlıq məqsədi
ilə bir çox sənədlər imzalanıb və hər iki dövlətin prezidentləri mətbuata birgə
bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan
Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında dövlət başçımızın vurğuladığı
kimi, “Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə
qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha
nümayiş etdirdik”- deyə bildirib.
Eyni zamanda ikitərəfli qarşılıqlı fəaliyyət
üzrə bir çox məsələlər - investisiya və digər sahələrdə əməkdaşlığın perspektiv
məsələləri müzakirə olunub. Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin
artması tendensiyasının mövcud olduğunu bildirən Cənab Prezident vurğulayıb ki,
biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Azərbaycan-Qırğızıstan
İnkişaf Fondunun Nizamnamə fondu 200 milyon dollaradək artıb. "Qırğızıstanda
həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri
yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir",
- deyən dövlət başçısı əlavə edib ki, əminəm ki, 200 milyon da son hədd deyil.
Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq
işlərini davam etdirir. Türk dövlətləri də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda
apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Qırğızıstan tərəfindən
tikilib istifadəyə verilmiş orta məktəb məhz ölkələrimizin və xalqlarımızın
dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir. Eyni zamanda
türk dünyasının böyük yazıçısı, diplomat və ictimai xadim Qırğızıstanın Xalq
yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da bu birliyin,
dostluğun və qardaşlığın rəmzidir.
Əminlillə deyə bilərik ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər,
eləcə də mövcud potensial və həyata keçiriləcək layihələr dövlətlərarası
bağları daha da möhkəmləndirəcəkdir.
İmran
Qasımov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair