XXI əsrdə qlobal və regional münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi tərəfdaşlarının və müttəfiqlərinin əhatəsini genişləndirir. Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında son illərdə müşahidə olunan yaxınlaşma da həyata keçirilmiş uğurlu siyasətin məntiqi nəticəsidir.
Xüsusilə ortaq tarixi, mədəni və sivilizasiya dəyərlərini bölüşən ölkələrlə əməkdaşlığı dərinləşdirməyi xarici siyasətin prioriteti kimi müəyyən edən Azərbaycan Türk dövlətləri, o cümlədən Qırğızıstan ilə əməkdaşlığa xüsusi önəm verir. Qeyd etməliyik ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Buna misal olaraq iki dost və qardaş dövlətin BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini verdikləri dəstəyi göstərə bilərik. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək verməsi də məhz bu məntiqə əsaslanır.
Vurğulamalıyıq ki, Azərbaycan və qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıq iki ölkə arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin əsasının təşkil edir. Bu baxımdan Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndində Qırğız Respublikasının təşəbbüsü ilə inşa ediləcək orta məktəb xalqlarımız arasındakı qardaşlıq bağlarının ən bariz təcəssümü kimi dəyərləndirir.
Xalqlar arasında əlaqələrin məntiqi nəticəsidir ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir, iki ölkə arasında Dövlətlərarası Şura fəaliyyət göstərir. O cümlədən, iki dost və qardaş ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, turizm, mədəniyyət və humanitar sahələr üzrə ikitərəfli əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Beynəlxalq və regional təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq geniş perspektivlərə malikdir.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib. Belə ki, 2022-ci ilin oktyabrında Qırğızıstana ilk dövlət səfəri edən Prezident İlham Əliyev iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edib.
2024-cü il aprelin 24-25-də isə Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizə rəsmi səfər edərək əlaqələrin əlaqələrin təkcə diplomatik, iqtisadi deyil, həm də qardaşlıq səviyyəsində olduğunu nümayiş etdirdi. Səfər çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentləri Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər. Daha sonra Füzuli və Ağdam rayonlarına gəlib, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Onu da qeyd edək ki, Qırğızıstan tərəfi işğaldan azad olunmuş ərazilərdəki yaylaqlar üçün Azərbaycana 225 baş yak hədiyyə edib.
Xatırladaq ki, respublika arasında indiyədək 105 sənəd imzalanıb ki, bunun ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Son illərdə Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya qoyuluşu 68,8 milyonQırğızıstandan isə Azərbaycana birbaşa investisiya qoyuluşu 25,2 milyon ABŞ dollar təşkil edir.
Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Asif Əsgərov,
Milli Məclisin deputatı