Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Ümimmilli Liderlə uzun illər birlikdə çalışmış, müstəqil Azərbaycanın ilk baş naziri, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri, dövlət xadimi, diplomat, tarixçi-alim Həsən Həsənov məruzə ilə çıxış edib. Məruzədə Ümummilli Liderin ölkənin ən taleyüklü və çətin dövrlərində üzərinə götürdüyü tarixi məsuliyyətdən və formalaşdırdığı dövlətçilik modelinin bu gün də uğurla davam etdirilməsindən bəhs olunub, onun rəhbərliyi altında respublikanın iqtisadi, siyasi və mədəni sahələrdə əldə etdiyi mühüm uğurlar vurğulanıb.
Həsən Həsənov çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycana iki müxtəlif ictimai-siyasi sistem dövründə rəhbərlik etsə də, hər iki mərhələdə ölkə ağır siyasi, iqtisadi, sosial və təhlükəsizlik çağırışları ilə üz-üzə olub. Həm 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəldiyi dövrdə, həm də müstəqilliyin ilk illərində yaranmış mürəkkəb vəziyyət yalnız Heydər Əliyev kimi uzaqgörən, qətiyyətli və strateji düşüncəyə malik dövlət xadimi tərəfindən aradan qaldırıla bilərdi. Ölkədə xaos, siyasi böhran və parçalanma təhlükəsinin hökm sürdüyü bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider dövlətçiliyi xilas edib, sabitlik yaradıb, hüquqi dövlət quruculuğunun əsaslarını formalaşdırıb və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib. Onun siyasi iradəsi, xalqla sıx bağlılığı və milli maraqlara əsaslanan idarəçilik prinsipləri Azərbaycanın ağır böhranlardan çıxaraq sabit inkişaf yoluna qədəm qoymasında həlledici rol oynayıb.
Həsən Həsənov bildirib ki, Heydər Əliyev yalnız öz dövrünün problemlərini həll edən lider deyil, həm də dövlətin davamlı inkişafını təmin edən strateji mexanizm yaradan böyük tarixi şəxsiyyətdir. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu uğur Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri və hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Həsən Həsənov çıxışının ardından tədbir iştirakçılarının dövlət idarəçiliyi, diplomatik təcrübəsi və elmi fəaliyyəti, müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabı, o cümlədən Heydər Əliyevin siyasi irsi və Ümummilli Liderlə bağlı xatirələri haqqında çoxsaylı suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi