Azərbaycan və Almaniya əməkdaşlığı daha da dərinləşir

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərinin inkişafında yeni strateji istiqamətlər müəyyənləşdirdi. Berlində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və “Azərbaycan–Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” iki ölkə arasında əməkdaşlığın yalnız siyasi deyil, iqtisadi və institusional müstəvidə də keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdə enerji təhlükəsizliyi, regional sabitlik, Orta Dəhlizin inkişafı, yaşıl enerji, investisiyalar və biznes əməkdaşlığı əsas müzakirə mövzuları oldu. Almaniya rəhbərliyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusi vurğuladı, eyni zamanda Ermənistanla sülh prosesində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirdi.

Berlin səfərinin ən mühüm siyasi nəticəsi olan strateji gündəliyə dair Birgə Bəyannamə ölkələrimiz arasında münasibətlərin strateji xarakter aldığını rəsmiləşdirərək gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirdi. Sənəd çərçivəsində müxtəlif istiqamətlər üzrə işçi qruplarının yaradılması və əməkdaşlığın sistemli əsaslarla inkişaf etdirilməsi nəzərdə tutulur.

İqtisadi baxımdan isə səfərin əsas nailiyyətlərindən biri Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması oldu. Yeni təsisat dövlət qurumları ilə özəl sektor arasında daimi dialoq platforması formalaşdıracaq, investisiya layihələrinin hazırlanmasına, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinə və iqtisadi əməkdaşlığın institusional əsaslarla inkişafına xidmət edəcək.

Əslində Biznes Şurasının yaradılması təsadüfi deyil. Bu, Almaniyanın Azərbaycanın artan iqtisadi potensialına, geostrateji mövqeyinə və regional tranzit imkanlarına verdiyi yüksək qiymətin göstəricisidir. Şuranın fəaliyyət istiqamətləri sırasında dayanıqlı iqtisadi əməkdaşlığın təşviqi, investisiya imkanlarının müəyyənləşdirilməsi, texnologiya və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də biznes mühitinin daha da təkmilləşdirilməsi üçün birgə tövsiyələrin hazırlanması xüsusi yer tutur.

Prezident İlham Əliyev mətbuata bəyanatında iqtisadi əlaqələrin perspektivlərini xüsusi vurğuladı.

Dövlət başçısı Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişlənməsi üçün konkret təkliflərin irəli sürüldüyünü, qarşılıqlı investisiyaların artırılması istiqamətində mühüm razılaşmalar əldə olunduğunu da qeyd etdi.

Enerji əməkdaşlığı danışıqların əsas istiqamətlərindən biri idi. Prezident İlham Əliyev Azərbaycanın artıq Almaniyaya təbii qaz ixrac etdiyini, bununla da Azərbaycan qazının Avropa İttifaqının 10 üzv dövlətinə çatdırıldığını diqqətə çatdırdı. Eyni zamanda, yaşıl enerji və hidrogen istehsalı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edildi. Almaniyanın alternativ enerji texnologiyalarında qabaqcıl təcrübəsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “yaşıl enerji zonası” layihələri ilə yeni əməkdaşlıq imkanları yaradır.

Azərbaycanın geostrateji mövqeyi də mühüm üstünlüklər yaradır. Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarında Azərbaycanın artan rolu Almaniya şirkətlərinə Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər hövzəsi bazarlarına daha rahat çıxış imkanı verir. Bu baxımdan, görüşlərdə nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzində idi.

Berlində verilən bəyanatlar da göstərdi ki, iki ölkə arasında formalaşan strateji gündəlik enerji sektoru ilə yanaşı sənaye, yüksək texnologiyalar, yaşıl enerji, rəqəmsallaşma, logistika, innovasiya, investisiyalar və regional nəqliyyat layihələrini əhatə edən geniş əməkdaşlıq platformasına çevrilir.

Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, həm də mühüm investisiya və tranzit mərkəzi kimi Almaniyanın uzunmüddətli iqtisadi strategiyasında getdikcə daha vacib yer tutur. İmzalanmış sənədlər və yaradılan yeni mexanizmlər yaxın illərdə qarşılıqlı investisiyaların artmasına, qeyri-neft sektorunda əməkdaşlığın genişlənməsinə və Azərbaycan–Almaniya strateji tərəfdaşlığının daha da dərinləşməsinə möhkəm zəmin yaradır.

Almaniyanın Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına verdiyi dəstək də Berlində keçirilən görüşlərin əsas siyasi mesajlarından biri oldu. İstər bu ölkənin Prezidenti Frank-Valter Ştayenmayer, istərsə də Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışladı və Almaniyanın regionda davamlı sülhün möhkəmləndirilməsi istiqamətində bütün səylərini dəstəkləməyə hazır olduğunu bəyan etdi. Bu mövqe Almaniyanın Cənubi Qafqazda sabitliyi Avropanın təhlükəsizliyi və iqtisadi maraqları baxımından mühüm amil kimi qiymətləndirdiyini göstərir.

Almaniya hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təkcə iki ölkə arasında uzun illər davam etmiş qarşıdurmaya son qoymayacaq, həm də Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradacaq. Regionda dayanıqlı sülhün bərqərar olması nəqliyyat-kommunikasiya xətlərinin açılması, Orta Dəhlizin daha səmərəli fəaliyyəti, ticarət əlaqələrinin genişlənməsi və investisiya axınının artması üçün əlverişli zəmin yaradır. Bu isə həm Azərbaycan, həm Ermənistan, həm də Avropa ölkələri üçün yeni iqtisadi imkanlar deməkdir.

Prezident İlham Əliyev də Berlində vurğuladı ki, Azərbaycan sülh sazişinin əldə olunmasından sonra praktiki əməkdaşlıq addımlarına başlayıb və regionda qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində konkret təşəbbüslər irəli sürür. Bu yanaşma Almaniya tərəfindən müsbət qarşılanır və Berlin Azərbaycanın sülh gündəliyini regional sabitliyin təmin olunması baxımından mühüm amil kimi qiymətləndirir.

Könül Nurullayeva

Milli Məclisin deputatı