Azərbaycan Kənd Qadınları Assosiasiyası və Azərbaycan Sahibkar Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasından gəlmiş 16 nəfərlik sahibkar qadından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri uğurla başa çatmışdır.
Nümayəndə heyəti Özbəkistanda fəaliyyət göstərən "Tadbirkor Ayol" Beynəlxalq İş Qadınları Assosiasiyasının Namanqan Vilayət Şöbəsini təmsil etmiş, heyətə təşkilatın sədri Lola Abduxalimova rəhbərlik etmişdir.
Səfərin əsas məqsədi Azərbaycan və Özbəkistanın sahibkar qadınları arasında işgüzar əlaqələrin genişləndirilməsi, aqrar sahədə fəaliyyət göstərən qadın sahibkarların beynəlxalq biznes şəbəkəsinin yaradılması, təcrübə mübadiləsinin təşviqi, yeni tərəfdaşlıqların qurulması və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.
İşgüzar səfər çərçivəsində nümayəndə heyəti Lənkəran rayonunda aqrosahibkar Rəftarə Şükürovanın təsis etdiyi "Sitrus Vadisi" Aqroturizm və İstirahət Mərkəzi ilə tanış olmuşdur. Görüşə Beyləqan, Zaqatala, Füzuli, Lənkəran və Quba rayonlarından olan aqrosahibkar qadınlar da dəvət edilmiş, qadın sahibkarlar arasında geniş şəbəkələşmə, məhsuldar fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Tədbir iştirakçıları "İvradamon" Qadın Kooperativinin xidmət göstərdiyi "Sitrus Vadisi"ni qadınların idarə etdiyi uğurlu aqroturizm modelinin nümunəsi kimi yüksək qiymətləndirmişlər. Bu görüş kənd qadınlarının iqtisadi təşəbbüslərinin, kooperativçilik fəaliyyətinin və aqroturizmin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, qadın sahibkarların regional və beynəlxalq əməkdaşlığının genişləndirilməsinə də töhfə vermişdir.
Səfərin növbəti mərhələsində Bakıda Azərbaycan və Özbəkistanın sahibkar qadınlarının geniş işgüzar görüşü keçirilmişdir. Görüşdə qadın sahibkarlığının inkişafı, aqrobiznes, kooperativçilik, kənd təsərrüfatı məhsullarının emalı, aqroturizm, ixrac imkanlarının genişləndirilməsi və birgə layihələrin hazırlanması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində tərəflər arasında bir sıra mühüm əməkdaşlıq sənədləri imzalanmışdır.
İmzalanan sənədlər aşağıdakılardır:
• "Tadbirkor Ayol" Beynəlxalq İş Qadınları Assosiasiyasının Namanqan Vilayət Şöbəsi, Azərbaycan Kənd Qadınları Assosiasiyası və Azərbaycan Sahibkar Qadınlar Birliyi arasında Üçtərəfli Əməkdaşlıq Memorandumu;
• Özbəkistan Respublikası Ticarət-Sənaye Palatasının Namanqan Vilayət Ərazi İdarəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu;
• Özbəkistanın Namanqan vilayətində fəaliyyət göstərən "GülRuz" Fermer Təsərrüfatı ilə Azərbaycanın Zaqatala rayonunda fəaliyyət göstərən "Çinar" Qadın Kooperativi arasında Əməkdaşlıq Memorandumu.
İmzalanmış memorandumlar qarşılıqlı təcrübə mübadiləsinin təşkili, sahibkar qadınların biznes əlaqələrinin genişləndirilməsi, birgə layihələrin hazırlanması, kooperativlər arasında əməkdaşlığın gücləndirilməsi, aqrar məhsulların emalı, aqroturizm, marketinq, ixrac imkanlarının artırılması və qadın sahibkarların beynəlxalq biznes şəbəkəsinin inkişaf etdirilməsini nəzərdə tutur.
Tədbirdə iştirak edən Azərbaycanın tanınmış modelyeri və dizayneri Fəxriyyə Xələfova çıxışı və xoş arzuları ilə Memorandumların imzalanması mərasiminə xüsusi rəng qatmış, Azərbaycan–Özbəkistan dostluğunun və qadın həmrəyliyinin daha da möhkəmlənməsinə öz dəstəyini ifadə etmişdir.
Gülbəniz Qənbərova: "Bu memorandumlar gələcək ortaq layihələrin möhkəm hüquqi təməlidir"
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova çıxışında bildirib:"Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçılarımızın müəyyən etdiyi inkişaf xətti artıq qadın sahibkarlar arasında da öz real nəticələrini verməyə başlayıb. İnanırıq ki, bu gün imzaladığımız memorandumlar sadəcə niyyət sənədləri deyil, gələcəkdə həyata keçiriləcək ortaq layihələrin, qarşılıqlı investisiyaların, biznes əlaqələrinin və uzunmüddətli dostluğun möhkəm hüquqi əsasını təşkil edəcək.
Biz istəyirik ki, Azərbaycan və Özbəkistanın aqrosahibkar qadınları vahid əməkdaşlıq platformasında birləşsin, öz təcrübələrini bölüşsün, bir-birlərinin bazarlarına çıxış imkanlarını genişləndirsin və Türk dünyasında qadın sahibkarlığının inkişafına birgə töhfə versinlər. Bu əməkdaşlıq kənd qadınlarının iqtisadi imkanlarının genişlənməsinə, ailə təsərrüfatlarının güclənməsinə və kənd yerlərinin dayanıqlı inkişafına xidmət edəcək."
Zemfira Ağayeva: "Qadın sahibkarların əməkdaşlığı xalqlarımız arasında dostluğun da möhkəmlənməsinə xidmət edir"
Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva qeyd edib:"Qadın sahibkarların beynəlxalq əməkdaşlığı yalnız iqtisadi münasibətlərin inkişafı deyil, həm də xalqlarımız arasında etimadın, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi deməkdir. Azərbaycan və Özbəkistan qadınları ortaq tariximizi, zəngin mədəniyyətimizi və sahibkarlıq ruhunu bölüşürlər.
Bu görüş bir daha göstərdi ki, qadın sahibkarlar yeni biznes ideyalarının yaranmasında, innovativ yanaşmaların tətbiqində və regional əməkdaşlığın inkişafında mühüm rol oynayırlar. İnanıram ki, yaradılan əlaqələr yaxın illərdə konkret iqtisadi nəticələr verəcək və hər iki ölkənin qadın sahibkarları üçün yeni imkanlar açacaq."
Lola Abduxalimova: "Azərbaycanla qurduğumuz tərəfdaşlıq Türk dünyasının qadın sahibkarları üçün gözəl nümunə olacaq"
"Tadbirkor Ayol" Beynəlxalq İş Qadınları Assosiasiyasının Namanqan Vilayət Şöbəsinin sədri Lola Abduxalimova bildirib: "Azərbaycanda bizə göstərilən yüksək qonaqpərvərliyə, səmimi münasibətə və peşəkar təşkilatçılığa görə Azərbaycan Kənd Qadınları Assosiasiyasına və Azərbaycan Sahibkar Qadınlar Birliyinə dərin minnətdarlığımızı bildiririk. Bu səfər bizə Azərbaycanın sahibkar qadınlarının fəaliyyəti ilə yaxından tanış olmaq, yeni tərəfdaşlar qazanmaq və gələcək əməkdaşlığın möhkəm təməlini qoymaq imkanı yaratdı.
İmzalanan memorandumlar ölkələrimiz arasında qadın sahibkarların əməkdaşlığını yeni mərhələyə yüksəldəcək. Əminəm ki, bu gün başlanğıcını qoyduğumuz tərəfdaşlıq gələcəkdə ortaq layihələr, biznes missiyaları, təlim proqramları və qarşılıqlı investisiya təşəbbüsləri ilə daha da genişlənəcək. Azərbaycan və Özbəkistan qadınlarının birlikdə əldə edəcəyi uğurlar bütün Türk dünyası üçün gözəl nümunə olacaq."
Türk dünyasında qadın sahibkarların yeni əməkdaşlıq platforması formalaşır
İmzalanmış əməkdaşlıq memorandumları Azərbaycan və Özbəkistan arasında son illərdə dinamik inkişaf edən dostluq və strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi və ictimai müstəvidə yeni məzmun qazanmasının parlaq nümunəsidir. Dövlətlər arasında mövcud yüksək siyasi etimadın qadın sahibkarlar, kooperativlər və vətəndaş cəmiyyəti institutları arasında praktik əməkdaşlığa çevrilməsi ortaq inkişaf məqsədlərinə xidmət edir.
Bu əməkdaşlıq eyni zamanda Türk dünyasında qadın sahibkarlığı sahəsində yeni əməkdaşlıq platformasının formalaşmasına mühüm töhfə verir. Aqrar sahibkarlıq, kooperativçilik, aqroturizm, kənd təsərrüfatı məhsullarının emalı və ailə bizneslərinin inkişafı istiqamətində birgə təşəbbüslər region ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə, innovativ təcrübələrin paylaşılmasına, yeni dəyər zəncirlərinin formalaşmasına və qadınların iqtisadi fəallığının daha da artmasına geniş imkanlar yaradır.
Azərbaycan Kənd Qadınları Assosiasiyası, Azərbaycan Sahibkar Qadınlar Birliyi və Özbəkistanın tərəfdaş təşkilatları əmindirlər ki, yaradılmış bu əməkdaşlıq modeli gələcəkdə digər türk dövlətlərinin qadın sahibkar təşkilatlarının da qoşulacağı geniş regional biznes şəbəkəsinin formalaşmasına təkan verəcək. Bu təşəbbüs qadınların iqtisadi səlahiyyətləndirilməsinə, kənd icmalarının sosial rifahının yüksəldilməsinə, dayanıqlı kənd inkişafının təşviqinə və Türk dünyası qadınlarının iqtisadi həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edən uğurlu tərəfdaşlıq modeli kimi dəyərləndirilir.
Azərbaycan və Özbəkistan qadın sahibkarlarının bu görüşü bir daha sübut etdi ki, ortaq tarixə, ortaq dəyərlərə və qarşılıqlı etimada söykənən əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının iqtisadi inkişafına, qadın sahibkarlığının güclənməsinə və dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verir. Bu tərəfdaşlıq gələcək nəsillərə xidmət edəcək uzunmüddətli əməkdaşlığın, qarşılıqlı etimadın və ortaq inkişafın möhkəm təməlidir.