Azərbaycanda mövcud olan münbit investisiya mühiti daha da genişlənəcəkdir

İşğal altında olan torpaqlarımız azad edildikdən sonra Dövlətimiz vaxt itirmədən bədnam qonşularımız tərəfindən viran qoyulmuş bu ərazilərin bərpasına başlayıb. Möhtərəm Prezidentimiz İlham Əliyev, Qarabağ bölgəsinin bərpasının Vətənimiz üçün xüsusi əhəmiyyət daşıdığını söyləmiş, təxminən 30 illik işğal dövründə ciddi zərər görmüş ərazilərimizin dirçəldilməsi üçün əlindən gələni edəcəyini bildirmiş və bunun üçün bütün mümkün, uğurlu imkanlardan istifadə ediləcəyini bildirmişdir. “Böyük Qayıdış” adlı genişmiqyaslı kampaniya ilə işğaldan azad olunmuş bölgələrimizi bərpa etmək üçün bölgəyə həmçinin tərəfdaş ölkələrdən investisiyalar cəlb ediləcəkdir. Çox sevindirici haldır ki, qardaş Türkiyə başda olmaqa artıq bir neçə ölkə işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlı olduqlarını bildiriblər. Qeyd edək ki, qardaş Dövlətin bu işlərdə payı çox böyükdür. Belə ki, Türk şirkətləri bütün sahələrdə olduğu kimi yeni avtomobil yollarının inşa edilməsində iştirak edirlər. Həmçinin böyük türk şirkətləri və iş adamları işğaldan azad edilmiş torpaqlarımıza sərmayə yatırmağı planlaşdırırlar. Bu proseslərdə İtaliya, Böyük Britaniya, Macarıstan, İsrail, Yaponiya və sair kimi nəhəng iqtisadiyyata malik dövlətlərin şirkətləri də iştirak etmək, yenidənqurma layihələrinə investisiya yatırmağa hazır olduqlarını bildiriblər. Ərazilərimizin bərpa olunması Azərbaycanla yanaşı region üçün də yeni iqtisadi imkanlar yaradır. Reallaşan yol-nəqliyyat infrastruktur layihələri Azərbaycanı həm də etibarlı tranzit ölkəyə, tərəfdaşa çevirir. Siyasi arenada qazanılmış etibar nəticəsində Azərbaycan sürətlə nüfuzlu beynəlxalq tərəfdaşa çevrilir. Bu proseslərə bölgədə yaranmış sabitlik xüsusi təsir göstərəcəkdir. Dövlət siyasəti bu mənada sadəcə alqışalayiqdir. Avropa və Asiya arasında mühüm nəqliyyat mərkəzi kimi Azərbaycanın gələcək inkişafında Qarabağın rolunun nə səviyyədə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətin deyildir. Bunun üçün isə xalq olaraq Ali Baş Komandanımızın yanında olmaq ona dəstək vermək hər birimizin ümdə vəzifəmizdir.

 

İradə Heybətova

 

Neftçala şəhər sakini