Azərbaycanın müasir təhsil sisteminin problemləri

İctimai inkişafın bütün mərhələlərində cəmiyyətin təhsillə birbaşa bağlılığı olub. Gənc nəsilin tədrisə cəlb edilməsi, öyrədilməsi, maarifləndirilməsi tarix boyu araşdırılıb üzə çıxarılan məsələlərdəndir. Bütün dövrlərdə təhsilin ictimai həyatda mərkəzi rolu qeyd-şərtsiz hamı tərəfindən qəbul edilib. Cəmiyyətdə dinc yanaşı yaşamağın, sabitliyin təmini, tərəqqinin, insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması prosesində ən mühüm şərtlərdən olub, təhsil sisteminin başlıca vəzifəsini təşkil edir. Ona görə də təhsil zamanla daimi olaraq müasirləşməli və yeniləşən cəmiyyətin tələblərinə cavab verməlidir.

Müasir təhsilin incəliklərini və sonrakı perspektiv imkanlarını araşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2009-cu il tarixdə təsdiq etdiyi “Təhsil haqqında” Qanunun ilk müddəasına nəzər yetirmək lazımdır: “Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır”.
Bu bir həqiqətdir ki, bu günümüzdə ən zəruri faktor olan müasir təhsil sistemi yeni formalaşan cəmiyyətin həm tələbəatı, həm də sifarişidir. Bu sivil sferanın inkişafı həmin sosiumların irəli getməsinə, bütün sahələrdəki uğurların sayının artırılmasına səbəb olur. Çünki təhsil faktoru hər bir fərdə təsir etmək gücünə malikdir və bunun müsbət nəticəsini sivil cəmiyyətin bütün inkişaf mərhələlərində görmək mümkündür. Bütün bunları nəzərə alaraq təhsil cəmiyyətdə və dövlətdə aşağıdakı funksiyaları yerinə yetirir:
- cəmiyyətin inkişafının əsas nüvəsini təşkil edir;
- inkişafın elmi əsaslarını yaradır;
- məhsuldarlığın artırılmasını təmin edir;
- intellektual potensialı formalaşdırır;
- cəmiyyətdə ümidli gələcək yaradır;
- yoxsulluğu aradan qaldırır və xalqın rifah halını yaxşılaşdırır;
- hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır;
- vətəndaşı cəmiyyətdə ən məhsuldar təfəkkürlü qüvvəyə çevirir;
- fərdin və ya kollektivin ümumi inkişafını təmin edir;
- milli-mənəvi dəyərləri qoruyur və tənzimləyir;
- insan kapitalını formalaşdırır;
- həyat şəraitini asanlaşdırır və s.
Müasir təhsilin irəli aparılması istiqamətində əsaslı islahatlar həyata keçirilsə də, bütövlükdə tam inkişafa nail olmaq hələ ki, mümkün olmamışdır. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür. Azərbaycanın ali təhsil sistemində olan problemləri aşağıdakı kimi şərh etmək olar:
1.    Səriştəyə əsaslanmayan, əmək bazarında yetərincə rəqabətli olmayan əmək haqqı sistemi və maddi stimullaşdırma mexanizmlərinin adekvat olmaması təhsildə müəllim amilinin inkişafına mənfi təsir göstərmişdir;
2.    Təhsil sistemində tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməmişdir;
3.    Ali təhsil müəssisələrində Boloniya sistemi ilə yanaşı köhnə tədris metodlarının da tətbiqi tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olur;
4.    Ali təhsil müəssisələrində xarici dillərin tədrisinin aşağı səviyyəsi ölkədə təhsil alan tələbələri dil biliyini inkişaf etdirməsi üçün əlavə kurslara üz tutmağa məcbur edir;
5.    Əmək bazarının tələblərinə uyğun olmayan, səmərəsiz kadr hazırlığı ölkədə bəzi sahələrdə kadr çatışmazlığı ilə, bəzi sahələrdə isə işsizlik probleminin yaranması ilə nəticələnmişdir;
6.    Əmək bazarının tələblərini nəzərə alaraq müvafiq kompetensiyalara malik kadrların hazırlanmaması məzunların işlə təmin edilməsinə mane olur;
7.    Tədrisin daha çox nəzəri xarakter daşıması, müasir tələbələrə zidd olaraq praktik biliklərin verilməməsi hazırlanan kadrlara sifarişləri minimuma endirmişdir;
8.    Məzunların işlə təmin olunması üçün ali təhsil müəssisələri ilə işəgötürənlər arasında lazımi əlaqənin qurulmaması işsizlik probleminin həllinə yardımçı olmur.
Beləliklə, ölkəmizdə təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılsa da, bu və ya digər problemlər hələ də öz həllini tapmamışdır. Lakin bu problemlərin həll olunması ölkənin davamlı inkişafı üçün vacibdir. Buna görə də ölkə rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.
Təhsildə bu və ya digər problemlərin azaldılması üçün aşağıdakı perspektiv tədbirlərin görülməsi təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yarada bilər:
-    Yeni kurikulumların hazırlanması və tətbiqi;
-    Dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması, xüsusən ali təhsil müəssisələrində köhnəlmiş dərsliklərin yeniləri ilə əvəz olunması;
-    Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesinə daha ciddi nəzarət olunması, xüsusən əmək bazarının tələbi ilə üst-üstə düşməyən ixtisasların başqaları ilə əvəz olunması, eləcə də abituriyentlərə ixtisas seçimi öncəsi ixtisaslarla bağlı ətraflı məlumatların verilməsi (ixtisasların gələcəkdə abituriyentlərə nə qazandıra biləcəkləri, iş prosesində hansı işləri görəcəkləri haqqında ətraflı məlumatları əks etdirən broşuraların yayımlanması ixtisas seçimi səhvlərinin aradan qaldırılmasına yardımçı ola bilər);
-    Ali təhsil müəssisələrində tətbiq olunan Boloniya sisteminin təkmilləşdirilməsi;
-    Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və daha gənc kadrların tədris prosesinə cəlb olunması;
-    “Müəllimlərin əlavə qazanc mənbəyi axtarması” probleminin həlli üçün əməkhaqlarının yüksəldilməsi, eləcə də, stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması;
-    Təhsildə maliyyələşdirmə sisteminin tədrisin keyfiyyətinə görə müəyyən edilməsi;
Bütün bunlar Azərbaycanda ali təhsilin qarşısında duran vəzifələri həll etmək üçün aradan qaldırılması zəruri olan problemlərdir. Şübhəsiz ki, “Təhsil haqqında” Azərbaycan Respublikası qanunun təklif edilən yeni layihəsi bunun üçün yaxşı dəstək olacaq.


Məqalə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB-nin icra etdiyi “Ali təhsildə mövcud problemlərin həllinə yönələn tədqiqat işlərinin aparılması və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.