Azərbaycanın sülh təşəbbüsləri və Almaniyanın konstruktiv rolu

2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində verdiyi bəyanat yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması, sülh prosesinin əldə etdiyi nəticələr, Almaniyanın bu prosesə verdiyi töhfə və Avropa İttifaqı ilə münasibətlərin perspektivləri geniş şəkildə öz əksini tapdı. Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan əsas məqamlardan biri uzun illər davam edən münaqişənin artıq geridə qalması və Cənubi Qafqazda əməkdaşlıq dövrünün başlanması idi. Bu, Azərbaycanın həyata keçirdiyi ardıcıl və prinsipial siyasətin nəticəsi olmaqla yanaşı, regionda uzunmüddətli sabitlik və inkişaf üçün yeni imkanlar yaradır.

Otuz ilə yaxın davam edən Ermənistan–Azərbaycan münaqişəsi Cənubi Qafqazın inkişafına mane olan əsas amillərdən biri idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin torpaqları işğal edilmiş, yüz minlərlə insan doğma yurdlarından didərgin salınmışdı. Azərbaycan dövləti uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq problemin sülh yolu ilə həllinə çalışdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, bu sənədlər uzun illər icra edilmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli gücünə arxalanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Dövlət başçısının Almaniyada bəyan etdiyi kimi, Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi. Bu, müasir beynəlxalq münasibətlər tarixində nadir hallarda rast gəlinən hadisələrdən biridir və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qələbəsini nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ərazi bütövlüyü bərpa olunduqdan sonra Azərbaycan regionda yeni qarşıdurma yaratmaq deyil, davamlı sülh qurmaq yolunu seçdi. Bunun bariz nümunəsi kimi ölkəmizin Ermənistana sülh sazişi imzalamaq təklifi göstərilə bilər. Azərbaycanın təşəbbüsü ilə başlanmış normallaşma prosesi artıq konkret nəticələr verir. Tərəflər arasında aparılan danışıqlar nəticəsində sülh sazişi paraflanıb və regionun gələcəyi üçün yeni hüquqi-siyasi əsas formalaşıb. Bu yanaşma Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri olan sülh, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqliyin təzahürüdür.

Prezident İlham Əliyev Almaniyada keçirilən birgə mətbuat konfransında mühüm bir məqama diqqət çəkərək bildirdi ki, Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə imzalanmış Birgə Bəyannamə faktiki olaraq otuz il davam edən münaqişəyə son qoydu. Bu sənəd təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaşinqton Bəyannaməsi regionda əməkdaşlıq mühitinin yaranmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və iqtisadi əlaqələrin inkişafına yeni imkanlar açır.

Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, Azərbaycan əldə olunmuş razılaşmaların imzalanması ilə kifayətlənməyərək dərhal praktiki addımlar atmağa başlayıb. Bu addımların ən mühüm nümunələrindən biri Azərbaycanın Ermənistana enerji daşıyıcılarının çatdırılmasına başlamasıdır. Prezidentin qeyd etdiyi kimi, hazırda Azərbaycan tərəfindən təchiz olunan benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bundan əlavə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana beynəlxalq tranzit yüklərinin daşınması da genişlənib. Dövlət başçısının açıqladığı rəqəmlərə görə, artıq 40 min tondan çox yük Azərbaycan üzərindən tranzit qaydasında daşınıb. Bu faktlar onu göstərir ki, Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret iqtisadi və humanitar addımlarla da töhfə verir.

Prezident İlham Əliyev çıxışında Almaniya hökumətinin Cənubi Qafqazda sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, Almaniya müxtəlif mərhələlərdə tərəflər arasında dialoqun inkişafına dəstək göstərib, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində mühüm görüşlər keçirilib. Almaniyanın bu məsələdə tutduğu mövqe onun regionda sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir. Avropa İttifaqının aparıcı dövləti kimi Almaniyanın sülh prosesinə verdiyi siyasi dəstək regionda etimad mühitinin formalaşmasına müsbət təsir göstərir.

Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasətin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı hörmət, bərabərhüquqluluq və milli maraqlar prinsipi əsasında əməkdaşlıq qurur. Məhz bu yanaşma nəticəsində ölkəmiz həm Avropa İttifaqı, həm Türk dünyası, həm Mərkəzi Asiya dövlətləri, həm də digər beynəlxalq tərəfdaşlarla uğurlu münasibətlər formalaşdırıb. Almaniya ilə strateji dialoqun başlanması da bu uğurlu xarici siyasətin növbəti mühüm nəticəsidir.

Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bildirdi ki, cari il ərzində həm Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, həm də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərləri xüsusi siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, rəqəmsal inkişaf və regional sabitlik kimi istiqamətlər əməkdaşlığın əsas prioritetləri kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Almaniya Avropa İttifaqının aparıcı dövləti olduğundan, onun Azərbaycan–Aİ münasibətlərinin inkişafında rolu xüsusi əhəmiyyət kəsb edir.

Bu gün Cənubi Qafqaz əvvəlki illərlə müqayisədə tamamilə fərqli geosiyasi mərhələyə qədəm qoyub. İşğal faktoru aradan qalxıb, regionda yeni nəqliyyat marşrutlarının açılması, iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı etimadın gücləndirilməsi üçün real imkanlar yaranıb. Azərbaycan bu yeni mərhələdə təşəbbüskar dövlət kimi çıxış edir. Regional kommunikasiyaların açılması, iqtisadi inteqrasiya, humanitar əməkdaşlıq və dayanıqlı sülhün təmin olunması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya kimi nüfuzlu Avropa dövləti ilə bu istiqamətdə əməkdaşlığın inkişafı həm regionun təhlükəsizliyinə, həm də Avropa ilə Cənubi Qafqaz arasında siyasi dialoqun möhkəmlənməsinə mühüm töhfə verəcək.

Prezident İlham Əliyevin Almaniyada verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan regionda yeni qarşıdurma deyil, uzunmüddətli sabitlik və əməkdaşlıq istəyən dövlətdir. Ölkəmizin həyata keçirdiyi siyasət beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini ön plana çıxarır. Məhz buna görə Azərbaycanın təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən getdikcə daha geniş dəstək qazanır və regionda yeni təhlükəsizlik modelinin formalaşmasına töhfə verir.

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri zamanı səsləndirdiyi fikirlər Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın mahiyyətini aydın şəkildə ortaya qoydu. Azərbaycan artıq yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət deyil, həm də regionda sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı kimi çıxış edir. Vaşinqton Bəyannaməsinin imzalanması, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Almaniyanın bu prosesə verdiyi dəstək və Avropa İttifaqı ilə münasibətlərdə yaranan yeni dinamika Cənubi Qafqazın gələcəyinin əməkdaşlıq üzərində qurulduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız ikitərəfli münasibətlərin inkişafında deyil, həm də regionun yeni siyasi və təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Azərbaycanın prinsipial, ardıcıl və uzaqgörən siyasəti isə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirərək onu regional sülh və sabitliyin əsas təminatçılarından birinə çevirir.

Milli Məclisin deputatı 

Şahin Seyidzadə