Ailədaxili münaqişələr artır

"Hüquqi və Demokratik İslahatlar Mərkəz" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini iyunun 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirib. 32 saylı Peşə Məktəbində baş tutan tədbirdə "Milli dəyərlərə söykənən sağlam ailə modelinin təbliğində məktəbin rolu” mövzusu müzakirə edilib. Tədbiri açan layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb və boşanmaların xeyli artdığını, ailə institutunun təhlükədə olduğunu bildirib. İlham Əliyev ailələrin dağılmasında kənar təsirlərin, xüsusilə sosial şəbəkələrin böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, valideynlər diqqətli olmalı, yeniyetmə və gənclərin sosial şəbəkələrdən səmərəli istifadə etməsinə çalışmalıdırlar. "Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov mövzu ilə bağlı məruzə edib. Qeyd edib ki, sağlam ailə modelini qoruyub saxlamaq istiqamətində çoxsaylı işlər görülür. İstər dövlət qurumları olsun, istər QHT-lər, istər media təbliğat xarakterli, maarifləndirici işlər həyata keçirirlər: "Sadəcə olaraq ailə modelinin və dəyərlərinin dağıdılmasına hesablanan təbliğat elə bir qlobal miqyas alıb ki, ona qarşı duruş gətirmək çox çətindir. Bu məsələdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı qurum olaraq üzərinə böyük iş düşür. Komitə ictimaiyyətin yaxından dəstəyi ilə gördüyü işlərin keyfiyyətini və sanbalını daha da artırmalıdır”. Səməd Vəkilov deyib ki, sağlam ailə modelinin əsasları orta məktəblərdə təbliğ olunmalı, gənclərə doğru istiqamət verilməlidir: "Yeniyetmələrə təsadüfi münasibətlərdən, erkən nikahlardan uzaq durmağı aşılamaq lazımdır. Azərbaycan xalqının minillər ərzində yaratdığı dəyərlər şagirdlərə təbliğ eidlməli, ağsaqqallıq, böyüklük institutu qorunub saxlanmalıdır”. Ailədaxili münaqişələrin yaranmasında sosial şəbəkələrin rol oynadığını vurğulayan hüquqşünas hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar valideyn nəzarəti altında olmalıdır. Ziyalı Hicrət Qaradağlı ailədaixli münaqişələrin artmasında, boşanmaların çoxalmasına valideynlərin də məsuliyyət daşıdığını bildirib: "Bəzən valideyn sanki övladından can qurtarırmış kimi, yükü azalsın deyə qızını ərə verir. "Yaxşı ailədən istədilər, verdim” düşüncəsi ilə guya qızlarının gələcəyini düşünürlər. Əslində onları təhlükəyə atdıqlarının fərqində deyillər. Onlar gələcəyi düşünmürlər. Qohum olduqları ailəni tanımırlar. Halbuki ailə quran gənclərdi, onların valideyni deyil. Valideyn bu gün var, sabah yoxdu. Ancaq gənclər yola getməlidir. Ona görə də daha yaxşı olar ki, oğlan evinin varlı, ya kasıb olmasına deyil, gənclərin bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağlna diqqət yetirilsin. Qızları azyaşda ərə verirlər. Bu, xüsusilə Cənub bölgəsində geniş yayılıb”. Hicrət Qaradağlı erkən nikahlardan uzaq olmağı vacib hesab edir: "İstər oğlan olsun, istər qız, tam yetkinləşmədən ailə qurması düzgün deyil. Mütəxəssislər belə qərara gəliblər ki, insanın yetkinlik yaşı 30-40 yaş arasıdır. Yaxşı olar ki, oğlanlar məhz bu yaşda evlənsinlər. Qızları da 15-17 yaşında ərə vermək düzgün deyil. Onlar həyati problemləri dərk edəcək yetkinlik yaşına çatandan sonra ailə qurmalıdır”.
Aydın