Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun

Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı müəyyən olunur.

Sabahinfo.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunacaq. Özəl məhkəmə eksperti barəsində intizam icraatı Intizam Komissiyası tərəfindən aparılacaq. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Intizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Özəl Məhkəmə Ekspertlərinin Palatasının təqdimatı əsasında başlanılacaq. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq. Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmayacaq. İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunacaq:

- töhmət;

- min manatdan iki min manatadək məbləğdə cərimə;

- özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.

Cərimə üzrə məbləğlər Özəl Məhkəmə Ekspertlərinin Palatasının bank hesabına köçürüləcək.

İntizam tənbehi nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə bilər və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilməyəcək. Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olacaq. İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdiriləcək. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunur və əmrin surəti ona təqdim edilir. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.

Reyestrə daxil edilməyən şəxslərin özünə münasibətdə "məhkəmə eksperti" və ya təşkilatlarının adında "məhkəmə ekspertizası" sözlərindən istifadə olunması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.