Azərbacan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə
Azərbaycan Respublikası CM-nın 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Baki İstintaq Təcridxanasında saxlanılan Əsgərov Kazım Adil oğlu tərəfindən
Möhtərəm cənab Prezident!
Mən, Əsgərov Kazım Adil oğlu 1999-cu ilin noyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə 600 saylı hərbi hissənin "Yanacaq xidməti rəisi” vəzifəsinə təyin olunmuşam. 2013-cü il 14 avqust tarixinədək həmin vəzifədə qüsursuz xidmət etmişəm. Xidmət etdiyim dövrdə hərbi hissənin, yanacaq xidmətinin fəaliyyəti dəfələrlə Hərbi Prokurorluq, Müdafiə Nazirliyinin yanacaq Xidməti və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsi tərəfindən yoxlanılmışdır. 13 il ərzində yoxlamalar zamanı ciddi nöqsanlar və ya çatışmazlıqlar aşkar olunmamışdır. 2013-cü ilin sentyabr ayından Müdafiə Nazirinin müvafiq əmri ilə Naxçıvan Ümumqoşun Ordusunun Yanacaq Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşam. Mən Naxçıvanda xidmətdə olduğum vaxt 600 saylı hərbi hissəyə 26 noyabr 2013-cü il tarixində Hərbi Prokurorluq tərəfindən yoxlama göndərilmişdir. Həmin yoxlama zamanı hərbi hissənin yanacaq anbarında və yanacaqdoldurma məntəqəsində çatışmazlıq, saxtakarlıq aşkar olunmamışdır. Qırx beş (45) döyüş gəmilərində isə ümumilikdə 19000 (on doqquz min) manat məbləğində yanacaq-sürtgü materiallarının çatışmazlığı aşkar olunaraq, 2014-cü ilin fevral ayında akt tərtib olunmuş, hərbi hissənin komandirinə və Hərbi Prokurorluğa təqdim edilmişdir. Nədənsə Hərbi Prokurorluq tərtib olunmuş aktla razılaşmayaraq, yenidən hərbi hissənin döyüş gəmilərində qərəzli yoxlama başlamışlar. Yoxlama mənim xidmət etdiyim dövrü əhatə etdiyi üçün Müdafiə Nazirinin müvafiq əmri ilə 2014-cü ilin aprel ayında yoxlamada iştirak etmək üçün Naxçıvandan 600 saylı hərbi hissəyə ezam olunmuşam. Yoxlamanın düzgün aparılması və qərəzli aparılmasına öz etirazımı yoxlama qrupunun rəhbəri Abdulla Abdullayevə bildirdim. Hətta bu barədə Respublika Baş Prokuroruna məktub göndərdim. Bütün bunlara baxmayaraq, mən yoxlamanın rəhbəredici sənədlərə əsasən düzgün və qərəzsiz aparılmasını tələb etdiyimə görə qrupun rəhbəri A.Abdullayev yoxlamaya maneçilik törətdiyimi bildirib və yoxlamada iştirak etməməyim üçün 06 may 2014-cü il tarixində hərbi hissədə gəmi mexanikləri Camalov Rafael, Məmmədov Müşfiq, Ağayev Gülverdi, Süleymanov Mehman, Arzumanov Anar mənə qarşı yalan ifadə verərək bildiriblər ki, biz bir yerdə gəmilərin yanacaq-sürtgü materiallarını sataraq cinayət törətmişik və yalan ifadələr əsasında mən həbs olundum. Beləliklə, hərbi prokurorluq tərəfindən bir məqsəd var idi: nəyin bahasına olursa olsun, gəmilərdə çataşmayan yanacaq-sürtgü material süni şəkildə şişirdirilmiş həcmdə və miqdarın dəyəri milyonlarla manat göstərilsin.Sadəcə bir şeyi nəzərinizə çatdırım ki, həmin tarixdən 2 ildən artıq vaxt keçib. Lakin boyunlarına qoyulan cinayəti məcburən etiraf edən mexaniklərə qarşı nədənsə bu günə qədər cinayət işi qaldırılmayıb. Hətta bu gün həmin mexaniklər yüksək hərbi rütbələr alaraq yüksək vəzifələrə təyin olunublar. Bu bir daha onu sübut edir ki, hərbi prokurorluq öz qərəzli məqsədinə çatmaq üçün apardıqları istintaqda bütün hüquqi normaları heçnədən çəkinməyərək kobud və çox aşkar şəklində pozublar. Beləliklə, həbs olunduğumdan bir xidmət rəisi kimi 600 saylı hərbi hissənin döyüş gəmilərinin yoxlanılmasında iştirak edə bilmədim. İstintaqın aparılması Hərbi Prokurorluğun müstəntiqləri Vüqar Məmmədli və Ülvi Əhmədova həvalə olunmuşdu. İstintaq zamanı müstəntiqlər tərəfindən yanacaq-sürtgü materiallarının satılmasını və hər ay hərbi hissə komandiri vitse-admiral Şahin Sultanova 8000 (səkkiz min) manat pul verilməsini etiraf etməyimi, əvəzində isə mənim ev dustaqlığına buraxılmağımı təklif etdilər. Təbii ki, mən bu təkliflərlə razılaşmadım. Məni razı salmaq üçün bu işlə bağlı cinayət işi qaldırıldı, təqsirləndirilən şəxs anbarlar rəisi Faiq Xamoyev istintaq vaxtı qadağan olduğuna baxmayaraq 5 (beş) dəfə yanıma Baki İstintaq Təcridxanasına gələrək, müstəntiqlər tərəfindən hazırlanmış ifadələrlə razılaşmağımı xahiş etdi və bildirdi ki, onu mənim yanıma istintaq qrupunun rəhbəri, hərbi prokurorluğun istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə göndərmişdir. Hətta mən bu hazırlanmış yalan ifadələrlə razılaşmasam mənə və ailəmə təzyiqlər olacağını bildirdi. Beləliklə, bu təkliflərlə razılaşmadığıma görə mənim ailəmə hərbi prokurorluq tərəfindən təzyiqlər olundu. Belə ki, bu işə heç bir aidiyyatı olmayan ailəli bir qadını müstəntiq Ülvi Əhmədov dəfələrlə Hərbi Prokurorluğa çağıraraq, həbslə hədələyərək, mənə qarşı yalan ifadələr almışdır. Həmin yalan ifadədə mənim o qadınla birgə yaşadığım, hətta bir uşağımız olduğu göstərilmişdir. Bu haqda Faiq Xamoyev axırıncı dəfə mənim yanıma gələrək bildirmişdir ki, əgər mən müstəntiqlərin yazdığı yalan ifadələrlə razılaşmasam, bunların hamısını mənim ailəmə çatdıracaqlar. Həmin vaxt mən bu təkliflərlə razılaşmadığıma görə müstəntiq Ülvi Əhmədov evə zəng vurub, həmin qadınla mənim həyat yoldaşımın üzləşdirilməsi üçün Hərbi Prokurorluğa gəlməsini tələb etmişdir. Həyat yoldaşım xəstə olduğunu və evdə azyaşlı uşaq olduğunu bildirərək, Hərbi Prokurorluğa getməyəcəyini bildirmişdir. Müstəntiq Ülvi Əhmədov həyat yoldaşıma Hərbi Prokurorluğa gəlməyəcəyi halda zorla polisə aparılacağını bildirmişdir. Beləliklə, Ülvi Əhmədov çirkin əməlini yerinə yetirmək üçün öz gücünü həyat yoldaşıma və 6 yaşlı qızıma göstərməklə, heç bir bildiriş olmadan sahə müvəkkilini yaşadığım ünvana göndərir. Ülvi Əhmədovun məqsədi ailəm vasitəsilə mənə təzyiq göstərmək idi. Çox təəssüflə qeyd edirəm ki, buna da nail oldu. Belə ki, 2014-cü ilin noyabr ayında həyat yoldaşım Xətai rayon məhkəməsinə ayrılmağımız haqqında ərizə ilə müraciət etmiş və Xətai rayon məhkəməsinin 12.02.2015-ci il tarixli qərarı ilə birtərəfli qaydada boşanmışdır. Ülvi Əhmədov çirkin əməllərindən əl çəkməyərək qaynımı hərbi prokurorluğa çağırmış, həbslə hədələyərək mənim əvəzimə ödəniş etməyi tələb etmişdir. Mənim heç nədən xəbərim olmadan ödənişlər olmuşdur. Nəzərinizə çatdırım ki, ikinci qərəzli yoxlama nəticəsində mənim dövlətə 105000 (yüz beş min) manat dəyərində ziyan vurduğum göstərilmişdir və qohumlarım tərəfindən dövlətə 93000 (doxsan üç min) manat məcburi ödəniş etdirmişlər. Əvəzində isə yaxın qohumlarımı aldadaraq məni ev dustaqlığına buraxacaqlarına söz vermişlər. Onu da qeyd edim ki, qərəzli yoxlama başlayanda 15 (on beş) hərbi qulluqçu həbs edilmişdir. İstintaq vaxtı onlardan sabiq qərargah rəisi Yunis Məmmədov Azərbaycan Respublikası CM-in 8 (səkkiz) ağır maddəsi ilə, hərbi hissənin sabiq Baza komandiri Seyfi Hüseynov Azərbaycan Respublikası CM-in 7 (yeddi) ağır maddəsi ilə, anbarlar rəisi Fair Xamoyev Azərbaycan Respublikası CM-in 9 (doqquz) ağır maddəsi ilə, vitse-admiral Şahin Sultanova qarşı yalan ifadələr verdikləri üçün ev dustqalığına buraxılmışdılar. Hal-hazırda azadlıqdadırlar. Mən ailəmdə yaşanan problemləri bilərək, müstəntiq Vüqar Məmmədli və Ülvi Əhmədovun irəli sürdüyü saxta istintaqla hərbi prokurorluğun təzyiqləri altında razılaşmağa məcbur oldum və müstəntiqlərin missiyası yerinə yetirildi. Lakin mən onlara bildirdim ki, məhkəmə zamanı sizin bu hazırladığınız saxta ifədə sənədlərinizdən imtina edəcəyəm. Və belədə oldu. Bütün bu hadisələrdən sonra müstəntiq Vüqar Məmmədli bir neçə dəfə hazırda saxlanıldığım Bakı İstintaq Təcridxanasına gələrək, mənim ev dustaqlığına buraxılmağım üçün 20 000 (iyirmi min) manat lazım olduğunu bildirmişdir. Mən yaxın qohumlarımla telefon əlaqəsi saxlayaraq, 20 000 (iyirmi min) manat borc vermələrini xahiş etdim. Nəhayət, 20000 (iyirmi min) manat Vüqar Məmmədliyə çatdırıldı. 28 noyabr 2014-cü il tarixində Vüqar Məmmədli mənim Bakı İstintaq Təcridxanasından Hərbi Prokurorluğa aparılmağımı təmin edir. Həmin gün Vüqar Məmmədli məni öz otağında Əli adlı tanımadığım bir şəxs ilə tanış edir və təklif edir ki, mən saxta ifadələri imzalayım və hərbi prokurorluğun uydurulmuş versiyasını, yəni məni otaqda tanış etdikləri Əli adlı şəxsə guya gəmi mexanikləri ilə əlbir olub gəmilərin yanacağını həmin Əli adlı şəxsə satmışam və mənim bir həftə ərzində evə buraxılacağım vədi verdi. Həmin vaxt Vüqar Məmmədlinin otağına istintaq qrupunun rəhbəri Mehdi Hüseynzadə daxil olaraq, necə deyərlər, "kişi kimi” söz verdi ki, bir həftə ərzində məni evə buraxacaqlar. Lakin nə məni azadlığa buraxdılar, nə də qohumlarımdan götürdüyüm 20000 (iyirmi min) manatı qaytardılar. 29.12.2014-cü il tarixində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. Hal hazırda Hərbi Prokurorluğun xeyrinə birtərəfli istintaq araşdırmaları aparılır. 2015-ci ilin avqust ayında mənim şikayətlərimə əsasən Hərbi Prokurorluğun müstəntiqi Vüqar Məmmədliyə qarşı Azərbaycan Respublikası CM-in 178.2, 178.2.1, 178.3.2-ci maddələri ilə 152006051 nömrəli cinayət işi başlanmış. Amma törətdiyi çirkin əməlləri etiraf etməsinə baxmayaraq, Hərbi Prokurorluğun müstəntiqi olduğu üçün bu günə qədər nə məhkəməsi başlanıb, nə də ki həbs olunub. Bütün bu hadisələr barədə Sizə Azərbaycan Respublikasının Prezidentinə şikayət məktubları ünvanlamışam. Lakin nədənsə həmin şikayət məktublarının qarşısında sanki barrikadalar qurulub, və Sizə məktublar çatmır.
Möhtərəm cənab Ali Baş Komandan! Mən sadəcə 29.12.2014-cü il tarixinədək olan hadisələri yazıram. O ki qaldı məhkəmə-istintaq araşdırmalarına, çalışacağam bütün olan hadisələri yazılı surətdə Sizə ünvanlayım.
Sizdən bir xahişim var: Hərbi Prokurorluğun qanunsuz əməllərinin qarşısını almaq üçün və haqq-ədalətin bərpa olunması üçün müvafiq qurumlara tapşırıq verəsiniz.
Böyük hörmət və ehtiramla, İmza: Əsgərov Kazım Adil oğlu