6 əsgər Qarabağda hərbi xidmətdən imtina etdi - Barələrində cinayət işi açıldı

Ermənistan vətəndaşları Qarabağdakı hərbi hissələrdə xidmətdən imtina edirlər.

Sabahinfo.az  avropa.info-ya istinadən bildirir ki, Ermənistan vətəndaşları olan 6 əsgər Qarabağın müdafiə ordusunun hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina ediblər

Bu günlərdə Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində hərbi hissə və batalyon komandirlərinin əmrlərinə tabe olmaqdan imtina edən bir neçə hərbi qulluqçunun cinayət işinə baxılıb.

Məhkəmə araşdırmaları zamanı müəyyənləşdirilmişdir ki, cari ilin mart ayında Qarabağın müdafiə ordusu sıralarında həqiqi hərbi xidmət keçən Vartan Balyan, Sevak Ayrapetyan, Mxitar Akopyan, Kamo Kazaryan, Vitali və Andranik Bəyləryanlar, Ermənistan vətəndaşları olmalarını əsas gətirərək Qarabağdakı hərbi hissələrdə xidmət etmək istəmədiklərini bildirib və hərbi hissə komandirinin əmrlərini icra etməkdən qəti surətdə boyun qaçırıblar.

Onlara qarşı, "Dağlıq Qarabağdakı hərbi hissələrdə hərbi qulluqçu olduqları zaman hissə və batalyon komandirlərinin qanuni əmrlərinə tabe olmaqdan açıq şəkildə imtina" ittihamı irəli sürülmüş və barələrində cinayət məcəlləsinin 356-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət işi açılıb. 

Məlumat Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi tərəfindən yayımlanıb.