Keçmiş müsavatçı, ADR Hərəkatının həmtəsisçilərindən Səxavət Əlisoy müxalifət liderlərinə qarşı ittihamlar səsləndirib
ADR
Hərəkatının nümayəndəsi bəyan edib ki, heç bir müxalif partiyada tənqid
gözə dəymir, çünki əks halda tənqidçinin partiyada duruşu mümkün deyil:
"Liderin sadiq qulbeçələri dərhal tənqid səsləndirən şəxsi partiyaya
xəyanətdə suçlayır. Kimsə misal göstərə bilərmi ki, lideri tənqid
etdiyinə görə filan müxalifətçi yüksək görəvdə qalmaqda davam edir,
yaxud tənqid edəni partiyada düşmən elan etməyiblər? Eynən orta əsr
xəlifələri kimi özlərini hiss edirlər”.
S.Əlisoy
qeyd edib ki, müxalifəti nüfuzdan salan ikinci amil yalandır: "Hər
seçkidən-seçkiyə ”biz gəlirik" və sair bu tipli yalan tirajlayanların
cəmiyyətdən dəstək alması mümkün deyil. Liderlərə sadiq qəzetlər,
internet səhifələri isə liderlərin xislətinə, mahiyyətinə, zehniyyətinə
uyğun olaraq qeyri-ciddi, əsası olmayan yalanları tirajlamaqla
müxalifəti daha da nüfuzdan salmaqdadır. Cəmiyyətə yalan sıramaq olmaz.
Çünki yalan yalnız bumeranq effekti verir".
ADR
Hərəkatının nümayəndəsi hesab edir ki, bu liderlər siyasi səhnədən
çəkilməlidir: "Özünə, məninə hörmət qoyan kəs çəkilər. Meydana yalandan
uzaq olan, populizmi qəbul etməyən, praqmatik düşüncəyə, ciddi məntiqə
sahib siyasi liderlər gəlməlidir. Bu, nə qədər ki, baş verməyib,
müxalifətin uğur qazanacağı barədə düşünməyə dəyməz”.
Bu
arada, Müsavatda hazırda ADR Hərəkatından olan deputatlığa namizədlərin
rədd edilməsi davam edir. Partiya rəhbərliyi ilk olaraq Vurğun Əyyubdan
başlayıb. Suraxanı təşkilatı Əyyubun namizədliyini irəli sürsə də,
partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyası bu qərarı ləğv edib. Ancaq
ötən gün partiyanın Suraxanı rayon təşkilatı yenidən partiya məclisinin
sabiq üzvü Vurğun Əyyubun deputatlığa namizədliyini irəli sürüb. Rayon
təşkilatının sədri Rövşən Dəmirli deyib ki, aprelin 26-da rayonun şura
iclası keçirilib: "İclasda Vurğun Əyyubun da deputatlığa namizədlik
məsələsi müzakirə olunub. Müzakirələrin sonunda şura tərəfindən
V.Əyyubun namizədliyi 30 saylı Suraxanı birinci seçki dairəsindən irəli
sürülüb”.
Görünən
budur ki, Müsavat MNTK-sı bu qərarı yenidən ləğv edəcək. Çünki yaxın
günlərdə Mehman Cavadoğlunun, Adil Qeybullanın və daha bir neçə ADR
Hərəkatının üzvünün partiyanın müxtəlif rayon təşkilatlarından
namizədliyi irəli sürüləcək.
ADR
Hərəkatının digər üzvü Vüqar İsmayılov isə Müsavat Məclisinin üzvü
Mustafa Hacıbəylini kəskin tənqid edib. Hacıbəylini yüngül xasiyyətli
şəxs kimi xarakterizə edən Vüqar İsmayıl hesab edir ki, Məclis üzvü
yetənə bir daş atır: "Bu adam Müsavatda Qubad İbadoğlunu dəstəkləyənləri
qubadistlər adlandırır, Vurğun Əyyuba deyir ki, siyasət sənlik deyil.
Halbuki Vurğun Əyyub siyasətə qoşulanda Hacıbəyli Zaqatalada məişət və
ya fermer işləri ilə məşğul olurdu. Qubad İbadoğlunun bildiklərini isə
Mustafa Hacıbəyli 30 ildən sonra da bilməyəcək”.
demokratiya.az