Bakı-Berlin tərəfdaşlığı: sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq naminə

Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərində mühüm siyasi hadisə olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Berlin görüşləri zamanı imzalanan sənədlər, aparılan müzakirələr və verilən bəyanatlar təsdiqləyir ki, iki ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıq məzmunu qazanır. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması bu əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm addımlardır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Bu dialoq siyasi münasibətlərlə yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal transformasiya, yaşıl enerji və innovasiya sahələrində də əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın təşviqində mühüm rol oynayır. Bu baxımdan Azərbaycan–Almaniya münasibətlərinin inkişafı bütövlükdə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının güclənməsinə də töhfə verir.

İqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Alman şirkətləri sənaye, energetika, tikinti, logistika, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində mühüm layihələr həyata keçirirlər. Prezident İlham Əliyev qeyd edib: “Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür”.

Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin strateji komponentlərindən birinə çevrilməkdədir. Azərbaycan bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlayıb və bununla da Avropa İttifaqının 10 üzv dövlətini Azərbaycan qazı ilə təmin edən ölkə kimi mövqeyini daha da möhkəmləndirib. Eyni zamanda, ölkəmiz Almaniyaya neft ixracını davam etdirir və gələcəkdə yaşıl enerji resurslarının Avropa bazarına çıxarılması istiqamətində mühüm layihələr həyata keçirməyi planlaşdırır. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə əhəmiyyətli töhfə verir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da səfərin əsas müzakirə mövzularından biri olub. Azərbaycan son illərdə müasir nəqliyyat infrastrukturu yaradaraq Şərqlə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib. Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və digər layihələr ölkəmizin geostrateji əhəmiyyətini artırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır.

Berlin görüşlərində regional təhlükəsizlik və sülh prosesi də geniş müzakirə olunub. Prezident İlham Əliyev Almaniya hökumətinin Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Regionda yeni siyasi reallıqlar formalaşıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, sülh təşəbbüsləri ilə çıxış etməsi və regional əməkdaşlığa üstünlük verməsi Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni imkanlar yaradıb. Azərbaycanın Ermənistana enerji məhsullarının tədarükü və tranzit daşımalarının həyata keçirilməsi qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm addımlardır.

Səfər çərçivəsində Avropa İttifaqı ilə münasibətlərə də xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev bildirib ki, bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Almaniyanın Avropa İttifaqı daxilində aparıcı mövqeyi nəzərə alınarsa, Berlinlə strateji tərəfdaşlığın güclənməsi Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcək.

Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti uğurlu təzahürü olub. İmzalanmış sənədlər, yaradılan yeni əməkdaşlıq mexanizmləri və strateji dialoqun başlanması təsdiqləyir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşıdakı illərdə daha da genişlənəcək, iqtisadi, enerji, nəqliyyat, investisiya və siyasi sahələrdə əməkdaşlıq yeni məzmun qazanacaq. Bu amillər həm iki ölkənin milli maraqlarına, həm də Avropa ilə Cənubi Qafqaz arasında sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Heydər Əsədov Milli Məclisin deputatı