Bakı-Sumqayıt yolu nə vaxt açılacaq?

Bakı-Sumqayıt yolunda aparılan təmir işləri ilə bağlı fevralın 20-dən etibarən səhər saatlarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə  Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, təmir işləri Avropa Oyunlarına hazırlıq işləri ilə əlaqədardır və qısa zamanda yekunlaşacaq. Qeyd olunub ki, Bakıda iyunda keçiriləcək beynəlxalq tədbirlə əlaqədar Moskva prospekti – 20 Yanvar tuneli, Ziya Bünyadov prospekti – 20 Yanvar dairəsi, Bakı-Sumqayıt yolu (geriyə dönməklə dairəvi yol) və Bakı-Ələt yolunun 4-cü və 14-cü kilometrində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Həmçinin şəhərin mərkəzində də bəzi yerlərdə təmir və yenidənqurma işləri aparılır. İşlərin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.
Bundan əlavə, Avropa Oyunları ilə əlaqədar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 8-ci kilometrliyində 700 metrlik məsafə də təmir olunur.