DÜŞMƏNƏ GÖZ DAĞI- GORANBOY

Yevlax–Gəncə yolunun Goran stansiyası adlanan ərazisindən sola burulub Goranboy şəhərinə yön alanda gözlərinə inana bilmirsən. İllər boyu hafizəmizdə qalmış əvvəlki boz-bulanıq, ifadəsiz mənzərədən indi əsər-əlamət belə qalmayıb. Abadlıq, zövqlə yaradılmış memarlıq tərtibatları, ümumi gözəllik əvvəllər əkinqırağı arxların, alaq otlarının əhatələdiyi yolkənarı mənzərəni birdəfəlik yox etmişdir. Goran stansiyasından ayrılan yolun ətrafında aparılmış əsaslı yenidənqurmanın davamı olan bu ürəkaçan mənzərə 5 kilometrlik yoldan sonra müsafirləri Gəncəbasarın tamamilə yeniləşmiş, gözəlləşmiş bir şəhərinə gətirib çıxarır. İstər-istəməz, düşünürsən: doğrudanmı, bütün bunlar son illərdə baş vermişdir?..

Prezident İlham Əliyev son illərdə bir neçə dəfə Goranboy rayonunda səfərdə olub. Hər səfər rayonun həyatında mühüm yeniliklərlə yadda qalıb, sakinlərin xatirəsində silinməz, xoş izlər buraxıb. 2005-ci ilin may ayında Goranboya gələn dövlət başçısı "Oplas" Məhdud Məsuliyyətli Cəmiyyəti və yağlı boya zavodunun işi ilə tanış olub, Goranboy mərkəzi stadionunun təntənəli açılışında, gips zavodunun təməlini qoyma mərasimində iştirak edib. 2009-cu ilin noyabrında isə dövlət başçısı Goranboyda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin, "Goranboy" mehmanxana kompleksinin açılışında iştirak edib, "Lalə-Tekstil" MMC-nin və "Gilan and Knauf Gipso-karton" MMC-nin fəaliyyəti ilə tanış olub.

Bizim üçün sevindiricidir ki, Prezident İlham Əliyev 2012-ci ildə respublikamızın regionlarına ilk səfərlərindən birini Goranboy rayonuna etdi. Dövlət başçısının yanvarın 21-də Gəncə şəhərindən sonra Goranboya gəlişi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Cəbhə xətti Goranboy rayonundan da keçir. Goranboya səfəri çərçivəsində Prezident İlham Əliyevin təmas xəttindəki "N" saylı hərbi hissəyə baş çəkməsi Ali Baş Komandan kimi orduya diqqətini və həssas münasibətini göstərdi. Xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi, onlarla çay süfrəsi arxasında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanda ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da gücləndirilməsi, hərbçilərin sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Ən əsası, bu gün ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün imkanlar var.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin rəhbərliyi altında rayonda həyata keçirilən sosial-infrastruktur layihələri vətəndaşların rifah halının yüksəldilməösinə yönəlib. Hazırda rayonda yol infrastrukturu ilə bağlı problem demək olar ki aradan qaldırılıb, əhalinin su, elektrik enerjisinə olan tələbatı da yüksək səviyyədə ödənilir.

Pambıqçılıqda yeni mərhələ

Hələ Sovet dönəmində respublikada pambıqçılıq rayonu kimi tanınan Goranboyda ötən ilə kimi bu sahədə durğunluq olub. Lakin pambıqçılığın inkişafı məqsədilə təsərrüfat sahiblərinə güzəştli kreditlərin verilməsi, "ağ qızıl”ın alış qiymətinin artırılaraq 50 qəpiyə çatdırılması bu sahənin artmasına stimul yaradıb.
Ötən əsrin 80-ci illərində Goranboyda pambıq əkilməsi və məhsuldarlıqda rekord göstərici qeydə alınıb. Həmin vaxt 22 min hektar sahədə pambıq əkilmiş ərazidən 47 min ton məhsul tədarük edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən kənd təsərrüfatının digər sahələri ilə yanaşı pambığçılığın inkişafı ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir. Aqrar bölməsinin inkişafı əhalinin məşğulluğunun təmin edilməsinə və ailə büdcəsinə əlavə gəlir gətirilməsinə güclü təkan verəcəkdir. Bu məqsədlə Goranboyda pambıqçılıq ənəsini bərpa etmək üçün 160-a yaxın torpaq mülkiyyətçisi 2000 hektar sahədə pambıq əkmişdir pambıq sahələrindən bu günə qədər kondisiya çəkidə 3573 ton pambıq yığılaraq təhvil verilmişdir. Pambığın 1246 tonu əl ilə, 2327 tonu maşın vasitəsilə yığılmışdır. Hazırda pambıq yığımı davam etdirilir, tarlalarda məhsul vardır. Mövsümün sonunadək məhsul təmamilə yığılaraq təhvil veriləcəkdir.
Gələn il rayonda pambıq sahələrinin 5000 hektara çatdırılması nəzərdə tutulur. Su qıtlığına baxmayaraq goranboylular bu işin öhdəsindən layiqincə gələcəklər.
Bundan başqa cari ildə rayonun dağətəyi kəndlərində 6 hektar sahədə tütün əkilmişdir. Lazımi aqrotexniki tədbirlər vaxtında görülmüş, sahələrdən bu günədək 3,2 ton keyfiyyətli məhsul yığılaraq təhvil verilmişdir. Tütün yığımı davam edir. Mövsümün sonunadək 6 tondan artıq tütün yığlması gözlənilir.

Təhsilə diqqət

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin diqqət göstərdiyi əsas sahələrdən biri də təhsil müəssisələrinin maddi bazasının yaxşılaşdırılmasıdır. Bu müddət ərzində. ümumilikdə, ümumtəhsil məktəblərinin 80 faizi yenidən tikilmiş və ya əsaslı təmir edilmiş, bu məktəblərdə tədrisin normal təşkili üçün hər cür şərait yaradılmışdır. Bu, dövlətin təhsilə olan qayğısıdır. Qəbul edilmiş Təhsil Strategiyasında məktəbəqədər təhsilin təşkili ilə bağlı mühüm vəzifələr qoyulmuşdur. Son illər bu müəssisələrin maddi bazası xeyli yaxşılaşmışdır. Ötən il Qaradağlı, Boluslu kənd uşaq bağçaları əsaslı təmir edilmişdir

Qaçqın və məcburi köçkünlərin problemləri həll olunur

Son illər dövlətimiz tərəfindən ən böyük problemlərdən biri olan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və digər məsələlərinin həlli istiqamətində çox böyük işlər görülmüşdür. «Bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır» söyləyən cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində müasir tipli qəsəbə və yaşayış massivləri salınmış, qaçqın və məcburi köçkünlər mənzillərə təmin edilmişdir. Bu qəbildən olan insanların aylıq yaşayış xərcləri 3,6 dəfə, kommunal xidmətlərə görə ödənilən müavinətlər 4,5 dəfə artırılmışdır. Təkcə 2016-ci ildə 15 min məcburi köçkün yeni evlərlə təmin olunmuşdur.

Yusif Məhəmmədoğlu
Bkı-Goranboy-Bakı