Dünyanın geosiyasi xəritəsinin yenidən şəkilləndirilməsinə yönələn addımlar qlobal iqtisadiyyatı da ciddi şəkildə təsirləndirir. Bir daha sübut olunur ki, siyasi və iqtisadi proseslər bir-biri ilə zəncirvari şəkildə bağlıdır, həlqələrdən hansınınsa qırılması suveren təhlükəsizlik məsələsini də ön plana çıxarır. Enerji təhlükəsizliyi, içməli su qıtlığı, kibertəhlükəsizlik və rəqəmsal suverenlik kimi yeni çağırışlarla yanaşı, ərzaq təhlükəsizliyi də müasir dünyanın aktuallaşdırdığı problemlərdən biridir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinin həllinə həsr etdiyi xüsusi müşavirə göstərdi ki, dünyada cərəyan edən geosiyasi proseslər ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. Geosiyasi və geoiqtisadi rəqabətin açıq qarşıdurma müstəvisinə keçməsi yeni təhdidlərə zəmin yaradır. Ərzaq təhlükəsizliyi də onlardan biridir. Cənab Prezident müşavirədəki nitqində istisnasız olaraq bütün aktorları təsirləndirən yeni çağırışların səbəblərinə və onlardan çıxış yollarına aydınlıq gətirdi: “Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.
Aqrar sektorun inkişafına mənfi təsir göstərən obyektiv amillərdən biri də iqlim dəyişikliyi ilə bağlıdır. Urbanizasiya prosesində kəndlərdən böyük şəhərlərə kütləvi axının güclənməsi isə bu gün əksər ölkələrin üzləşdiyi mürəkkəb problemlərdən biridir. Lakin o da həqiqətdir ki, həmin ölkələrin mütləq əksəriyyəti Azərbaycandan fərqli olaraq, hərbi təcavüzlə üzləşməyib və ərazisinin 20 faizi otuz il boyunca işğalçı tərəfindən istismar edilməyib. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, işğala son qoyduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri, yüzlərlə kəndi yalnız daxili imkanları hesabına sıfırdan qurur. Bu, həm də o deməkdir ki, bugünkü Azərbaycan qlobal çağırışlarla yanaşı, Ermənistanın işğal dövründə torpaqlarımızda törətdiyi vandallıq aktlarının, irimiqyaslı dağıntıların ağır fəsadları və hələ də davam edən mina terroru ilə üz-üzədir.
Bu acı reallığa baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramları aqrar sektordakı bir çox köklü problemlərin həllinə, ərzaq təhlükəsizliyimizin qorunmasına zəmin yaratdı. Kəndli-fermer təsərrüfatlarının inkişafı məqsədilə ayrılan dövlət subsidiyaları, güzəştli kreditlər, yeni infrastruktur layihələrinin icrası və müasir aqroparkların qurulması, qazlaşdırma və su təchizatı sahəsində görülən işlər imkan verdi ki, bu sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azaldılsın. Bununla yanaşı, cənab Prezidentin qeyd etdiyi kimi, buğda təminatında yerli tədarükün yalnız 55 faiz səviyyəsində olması ona dəlalət edir ki, əlavə tədbirlərin görülməsinə ehtiyac var.
Xüsusilə nəzərə alsaq ki, ayrı-ayrı aktorlar təkcə təbii, o cümlədən enerji resurslarından deyil, hətta ərzaq asılılığından da siyasi təzyiq vasitəsi kimi istifadə etməyə meyillidir, bu, daha çevik tədbirlərin görülməsini labüd edir. Prezident İlham Əliyevin müşavirədəki çıxışında ənənəvi bazarlarla bağlı verdiyi mesajın kökündə də bəzi aktorların qeyri-sabit davranış modeli dayanır: “Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır... Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır-daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi”.
Prezidentin təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorda mövcud olan bu kimi problemlərin həlli ilə yanaşı, ərzaq təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına imkan verəcək. Proqramda yaxın 4 il yarım ərzində aqrar sahəyə dövlət xətti ilə 2,2 milyard, özəl sektor tərəfindən isə 3,7 milyard manat həcmində sərmayənin yatırılması nəzərdə tutulur. Bu, bir tərəfdən, o deməkdir ki, aqrar sektor investisiya potensialına görə ölkə iqtisadiyyatının strateji inkişaf sahəsi kimi qiymətləndirilir, digər tərəfdən, yeli və xarici investorlara faydalı əməkdaşlığın yol xəritəsini əyani şəkildə nümayiş etdirir.
Yeni çağırışların doğurduğu maneə və çətinliklərə, təhdid və təzyiqlərə baxmayaraq, müasir Azərbaycan artıq əksər aktorlar tərəfindən etibarlı tərəfdaş kimi tanınır və həm də bu səbəbdən, ölkəmizlə iqtisadi əməkdaşlığa göstərilən beynəlxalq maraq ilbəil güclənir. Xüsusilə tarixi Qələbəmizdən sonra Avropanın rəsmi nümayəndə heyətlərinin tərkibində nüfuzlu şirkət rəhbərlərinin Azərbaycana səfəri, Bakıda keçirilən birgə biznes-forumlar bunun əyani sübutudur. Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi növbəti açıqlamasının kökündə də elə bu reallıq dayanır: “Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.
Cənab Prezidentin mayın 25-də keçirdiyi xüsusi müşavirə kənd təsərrüfatının inkişafı ilə bağlı praqmatik dövlət siyasətini ehtiva etməklə yanaşı, həm də bu sahədə idxal- ixrac asılılığının minimuma endirilməsi yollarını və ərzaq təhlükəsizliyinin gücləndirilməsi imkanlarını təsbit edir. Eyni zamanda, yerli və xarici investorlara aqrar sektorda faydalı əməkdaşlıq üçün yeni imkanlar açır, kəndlərdə məşğulluq probleminin köklü həllinə və praqmatik urbanizasiya siyasətinə əlavə zəmin yaradır.
Ülvi Quliyev, Milli Məclisin deputatı