İyunun 14-də Azərbaycan Texniki Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan "Fitnə” sənədli filmi nümayiş olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, universitetin müəllim və tələbələri, eləcə də filmin ssenari müəllifi Nadir Bədəlov iştirak ediblər.
sabahinfo.az-a verilən məlumata görə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov bu cür filmlərin gənclərin maarifləndirilməsi istiqamətindəki əhəmiyyətindən danışıb. Rektor gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, dini radikalizmlə mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Lakin aparılan təhlillərin nəticəsi təsdiqləyib ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə” adlı sənədli film hazırlayıb. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.
Filmin nümayişindən sonra film ətrafında müzakirələr aparılıb.



