Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabetə təbrik məktubu ünvanlayıb.
sabahinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:
Siz dərin məzmunlu və şərəfli bir ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rifahına həsr etmişsiniz. Sizin həyat yolunuz Vətənə və xalqa böyük məhəbbət, sədaqət və ləyaqətlə xidmət nümunəsidir.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Sizin müstəsna xidmətləriniz vardır. Bu gün dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, əlaqələrimizin bütün sahələrdə gündən-günə genişlənməsi, bir sıra irimiqyaslı transmilli iqtisadi layihələrdə səmərəli əməkdaşlığımız və tərəfdaşlığımız xüsusi məmnunluq doğurur.
Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.