"Bizi qarşıda ölkəmiz, dövlətimiz naminə böyük işlər gözləyir"

Altıncı çağırış Milli Məclisin fəaliyyətə başlamasının 1 ili tamam olur. Modern.az saytı deputatlarla ötən 1 ili dəyərləndirməyə çalışıb. Milli Məclisin deputatı Əminə Ağazadə seçkilərdən sonra, ilk iclas günü ölkə Prezidentinin geniş məzmunlu, çox əhatəli, tarixi çıxışını  heç vaxt unutmayacağını qeyd edib: “Bu çıxışda ölkə başçısı tərəfindən Azərbaycan cəmiyyətinə bir daha çağırış edildi, ölkədəki milli barışığın davamı kimi siyasi həmrəyliyin vacibliyinə diqqət çəkildi, daha bir Azərbaycan nümunəsi ortaya qoyuldu. Bunun da nəticəsi olaraq parlamentin rəhbərliyi, komitə rəhbərləri - sədr və sədr müavinləri Milli Məclisdə təmsil olunan bütün siyasi qüvvələrin təmsilçiliyi ilə formalaşdırıldı. İlk dəfə idi ki, müxalifət təmsilçisi parlament rəhbərliyində təmsil olundu. Azərbaycanın son 30 il dövlətçilik tarixində parlamentin sədri vəzifəsinə qadın deputat, ötən çağırışlarda parlamentin üzvü olmuş Sahibə Qafarova seçildi. Parlamentin rəhbərliyində, müvafiq komitələrinin formalaşdırılmasında yeni metodlardan, innovativ yanaşmalardan istifadə edilməyə başladı. 

Bu gün Milli Məclisdə bütün millət vəkillərinə öz mövqeyini çatdıra bilməsi üçün hər cür şərait yaradılıb, heç kimin sözü, çıxışı yarımçıq dayandırılmır, lazım gəldikdə əlavə vaxt verilir. Xüsusi olaraq qeyd edim ki, yaradılmış bu şərait yeni seçilmiş deputatlara qısa müddətdə yeni mühitə adaptasiya olmaları üçün çox müsbət təsir bağışladı.
Əlbəttə ki, dünyada yaşanan koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi və bu da nəticə etibarilə Milli Məclisin fəaliyyətinə müəyyən təsirini göstərməyə bilməzdi. Milli Məclis tamamilə yeni, indiyədək təsadüf etmədiyi fərqli bir formatda işləmək məcburiyyətində qaldı. Parlament iclasları ilk dəfə olaraq onlayn şəkildə keçirilməyə başlandı. Amma hesab edirəm ki, müəyyən fasilələrə, uzanmalara baxmayaraq həm parlament, həm də parlamentdə təmsil olunan deputatlar üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər. Ölkədəki koronavirus pandemiyasının zərərlərinin minimuma endirilməsi, vətəndaşlara dəstək olunması istiqamətində Prezidentin mütəmadi təşəbbüsləri ilə bir çox qanunlara, məcəllələrə dəyişikliklər edildi. Eyni zamanda, koronavirusdan qorunmaq üçün vətəndaşlara çoxsaylı müraciətlər edildi, millət vəkilləri o çətin günlərdə öz seçicilərinin yanında olmağa çalışdılar.

Tam əminliklə deyə bilərəm ki, Milli Məclisin deputatı kimi ən böyük qürur hissini 27 sentyabr 2020-ci il tarixində keçirilən və Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanının təsdiq edilməsi ilə bağlı keçirilən iclas zamanı yaşamışam. Müzəffər Ali Baş Komandanın Azərbaycan əsgərinə “vur!” əmrindən sonra başlayan Azərbaycanın Vətən Müharibəsi, şərəf, qəhrəmanlıq, şücaət dolu o 44 gün bütün xalqımız kimi mənim də yaddaşımda əbədi olaraq qalacaq.

O günlərdə hər bir deputat öz vətəninin əsgərinə çevrildi, xalqının, seçicisinin, dövlətinin yanında oldu. Hər bir deputat Şanlı Qələbəmiz üçün öz mənəvi, siyasi, hüquqi dəstəyini əsirgəmədi.

Artıq VI çağırış Milli Məclisin iclasından 1 il ötür. Bu zaman kəsiyində mühüm qanun layihələri müzakirələrdən keçirilərək qəbul olunub, ölkəmizin inkişafı, qanunvericiliyimizin təkmilləşdirilməsi ilə bağlı çox mühüm və dəyərli çıxışlar olub, təkliflər verilib. Təbii ki, qanunvericilik bazasının təkmilləşdirilməsində, qanun yaradıcılığı prosesində də həmin təkliflərdən zaman-zaman istifadə olunacaqdır.

Azərbaycan Respublikası VI çağırış Milli Məclisi 2-ci ilini yaşayır. Bizi qarşıda ölkəmiz, dövlətimiz naminə böyük işlər gözləyir. Dövlətimiz artıq Qarabağın bərpası, tərəqqisi, dirçəldilməsi prosesinə start verib. Bu, çox vaxt tələb edən bir dövr, prosesdir. Bu hədəflərə çatmaqda da millət vəkillərinin, parlamentin üzərinə böyük vəzifələr düşür və inanıram ki, bu prosesdə də əməyimiz, zəhmətimiz yetərincə olacaq”.