"Ürəyimi
kəsik-kəsik edirəm,
nə
vaxt şeir yazıramsa qan çıxır”- misraları gənc qələm sahibi Ruslan Dostəliyə məxsusdur.
Ruslan ilk kitabını 2016-cı ildə layiq görüldüyü Prezident təqaüdü hesabına çap
etdirdi. "Ruslan dostumun kitabı” adlanan bu toplu "Günahlar içində batıram
daha, elə bulanıram sözün qanına” – deyən gənc yazarın gənclik hesabatı
adlandırıla bilər. Onun öz yaradıcılığına münasibətini bu sözləri ilə ifadə edə
bilərik; "Nə çoxdur özünə gün ağlayanlar,
mən də söz
kövrəltdim, şeir ağladım”.
Ümumiyyətlə,
onun poeziyasında sözə, şeirə ünvanlı fikirlər nəzərə çarpacaq qədərdir. "Bir
ovuc küldən ötəri özünü yandırmayasan, basasan yaraya şeir” – sətirləri də
fikrimizi təsdiqləyir. "Özünü yandırmaq” ifadəsi bizim dilimizdə həm həqiqi, həm
də məcazi mənada işlənə bilir. Bəzən özün öz sirrinin üstünü bilməyərəkdən
açanda deyirlər ki, "özünü yandırdın”. Bu prizmadan yanaşanda Ruslan da öz
misraları ilə özü özünü yandırır. Onun daxili aləmi ilə öz misraları vasitəsilə
tanış oluruq. Özü yazır ki, "Sözdən dəstə tutur baxma çoxusu, Bir ləçək də
girmir yuxuma daha”. Əslində, bu fikirlərin arxasında müəllifin bir mühafizəkarlığı
da var. O, sözü ucuz tutub, necə gəldi dəstələyənlərə qarşı olduğunu ifadə
edir. Əsl söz adamları isə bir ləçək sözü yuxuda da görə bilmirlər. Elə bu səbəbdən
onun "Əsəbiylə az oynayın, sözü oynadan şairin...” fikirləri ilə razılaşmaq
olar. Axı o, əsl söz sərrafı olmağın incəliklərinə bələddir. Öz bələdçiliyini
belə biruzə verir: "Ya yuxusuz qalır, ya susuz qalır, şair belə çəkir söz cəzasını...”
Sözün söz sanbalını qoruyan və sözə məsuliyyətlə yanaşan Ruslanın şeirlərində
mövzu əhatəliliyi diqqəti çəkir. O həm də sözün alt qatlarına nüfuz etməyə, məcaziliyi
hədəf seçməyə meyllidir. Belə bir nümunəyə baxaq: "Gözümüzü açmayaq, gözümüzdən
düşərik”. Gözü açıq olmaq, yaşadığımız dünyaya açıq gözlə baxmaq insantək
yaşamağımızın əsas şərtlərindəndir. Ruslan isə "açmaq” feilinin çoxmənalılıq
yaratmaq qabiliyyətindən məharətlə istifadə edib. Açmaq hərəkəti icra edilərkən
gözün tərpənməsi nəticəsində gözümüzdə olan nəsnə düşə bilər. Bu həqiqi mənada
olduğu kimi məcazi mənada da belədir. İnsan çox gözüaçıq olanda çox şey gözündən
düşür.
Bütün
bunlar Ruslanın bir yaradıcı insan kimi yüksək müşahidə qabiliyyətinin nəticəsi
olaraq ortaya çıxır. O, təbiət hadisələrinə də özünəməxsus baxış bucağı ilə
yanaşır. Yağış haqqında "yağır, analara yardım eləyir, dəcəl uşaqları geyindirməyə”
misralarında da bunu görmək olur. Diqqət yetirsək, bu sətirlərdəki epik gücü
aydınca görə bilərik. Yəni, bu epizodun təsvirini vermək üçün təhkiyə yolu ilə
bir hekayə də yazmaq olardı. Lakin Ruslan konkret misralarla fikrini səlis şəkildə
ifadə etməyi bacarıb. Ana dəcəl balasını geyindirmək üçün nə qədər yalvar-yaxar
eləsə də, uşaq naz edir. Lakin yağış yağdığını görən dəcəl uşaq öz xoşluğuyla
paltarını geyinir. Yağıb ətrafı suya qərq edən yağışın bu cür orijinal təqdimi
Ruslanın böyük yaradıcılıq potensialından xəbər verir.
Eləcə
də, onun anasına həsr etdiyi şeirdə də eyni üslubu görürük. On bir bəndlik həmin
şeirdə övlad-ana münasibətlərinin doğmalığını görürük. Bu şeirdə Ruslan uşağın
min bir əziyyətlə böyüdülməsində ananın çəkdiyi əziyyəti poetik şəkildə
yığcamlaşdıra bilib. Hansı ki, həmin şeirdə toxunulan motivlər əsasında bir
roman yazmaq olardı. Əsərdə şairin ilk və son qənaəti bu olur ki, "bir ana eyləməz
hamı yığışsa”.
Ümumiyyətlə,
Ruslanın yaradıcılığında uşaqlıq illərinə səyahət, xatirələrin canlandırılması
təbii şəkildə, olduğu kimi oxucuya çatdırılır. "Mən də böyüməyə tərəf qaçardım,
qarğı atım vardı,- onun belində...”- cümləsindən də göründüyü kimi, həm reallıq,
həm də bədii təqdimat nəzərə çarpır. O, eyni zamanda, uşaq oyunları ilə həyatın
oyunları arasında bir bağlılıq görür. "Gizlənqaç oynu da dəyişib artıq, qaçan
elə qaçır, bir də qayıtmır...” Bu misralarda uşaqlığın genetik yaddaşı ilə
yanaşı, böyüyənlərin ictimai mövqeyi də öz əksini tapıb. Bu tipli şeirlərdə keçmişlə
bu günün uğurlu sintezi daha çox maraq doğurur.
"Qaçıb
dolablardan oğurladığın
qonaqçün
ayrılmış konfetlər kimi
yeməli
olasan, şirin olasan,
kim
görsə üzündə gülüş yarana”- sətirlərindən də aydın olur ki, gənc yazar özünəxas
bir təşbeh yaratmaq üçün yaddaşının ən məhrəm xatirələrinə baş vurub. Körpə
budaqlardan yay-ox düzəldib, günahsız göy üzünü oxlayan uşaq "Sonradan səngərdə
döyüşən gördüm, taxta avtomatla "atdıqlarım”ı...”- deyərək etiraf edir. Bu
etirafların içində uşaq dəcəlliyi də, bu dəcəlliyi yaradan səmimi istək də ifadə
olunub: "Daşıma tuş gələn quşu sevmişəm, Düşmən kəsilmişəm quşlara belə”. Çox
maraqlı bir sığortalanma metodunu görürük. İnandırmağa çalışır ki, o quşlara
daşı da sevərək atıb, daşına tuş gələn quşu da sevgisiz qoymayıb. Ruslan o qədər
təbii xatirələri canlandırır ki, insanı öz keçmişinə boylanmağa vadar eləyir. O
yazır: "Vaxt olub o qədər yorulmuşam ki, yıxılıb yatmışam otların üstə...”. Bu
sətirlərdə həm də bir təbiət məftununun həyat tarixçəsi əksini tapıb. Həmin
tarixçənin davamına baxaq: "Durub görmüşəm ki, bir yağış yağıb, damcı da dəyməyib
xətrimə belə...”
Ruslan
öz reallıqları kimi başqalarının həqiqətlərinə də şair gözü ilə baxmağı
bacarır. "Bu adam daşından balaca qalıb, bu daş yiyəsindən yaşca böyükdü” –
misralarında başdaşının mənsub olduğu insanla daşın arasındakı zaman fərqinə
diqqət yetirilir. Bəzən hər gün qarşılaşdığımız, lakin fərqində olmadığımız bu
şeylər onun yaradıcılıq özəlliyidir.
Ruslan
xəstələnəndə də özünü xəstə kimi yox, şair kimi aparır. "Üç aydı təpik döyürəm,
"Qara Qarayev” tərəfə...” misraları onun 2015-ci ildə səhhətində yaranan ciddi
problemlər zamanı qələmə alınıb. Xəstəlik zamanı Ruslan öz durumunu belə təqdim
edir: "Bir şair var, qələm nədi, üstündə dərman gəzdirir”. Həmin şair
reallıqları belə məcazlaşdırır: "Sənədlərimi vermişəm, "Ağ ciyər”
institutuna...” Onun ağ xalatlı qızlara yazdığı şeirin həcv və ya vəsf olduğunu
müəyyən etmək çətin olur.
Məni
necə sağaldacaq,
Heç
bu qız qan ala bilmir...
Bir
başqa cəllad gətirin,
Bu
yaxşı can ala bilmir...
Bu
cür hallarla qarşılaşan şair yazır ki, "Çoxları qoymadı bir salam yeri, siz elə
bildiz ki, dəvə kinliyəm...” Bəzən isə öz günahlarına da sahib çıxır: "Elə bil,
alnıma yazılıb mənim, ruhumu ən doğma kəsdən küsdürmək...” Bu küskünlüyün də,
incikliyin də səbəbini onun öz şeirlərində tapmaq mümkündür: "Sənə bircə dəfə
"sevmirəm” dedim, o da ki, "aldatma günü”nə düşdü” – söyləyən müəllif yalan
danışa bilmədiyini də poetik şəkildə ifadə edir. Hətta, qarşı tərəfdən də əsl həqiqəti
tələb edir. "Yalandan "se-vir-əm!” denən, gerçək-gerçək unut məni...” Bəzən isə
son dərəcə özünəməxsus xarakter nümayiş elətdirir. "Bilmirəm, neynirsən get elə,
Tanrı, o qızın xətrini özünə qaytar...” Bu yerdə dilimizdəki "Allah xatirinə”
frazemi yada düşür. Biz bəndələrdən Allaha xatir nəsə xahiş edirik. Ruslan isə
bəndə üçün Allaha müraciət edir. Bu, əslində, Allahın yaratdığına qarşı böyük
diqqət göstərməklə tanrının özünə qarşı diqqətcil olmaq anlamına gəlir. Bu diqqət
onun hər bir insan taleyinə həssaslıqla yanaşmasında da özünü göstərir. O,
sosial fərqlilikləri də qeyri-adi ifadə tərzi ilə təqdim etməyi bacarır.
Varlı kişilərin
şərabı köhnə,
Kasıb kişilərin
tütünü yeni...
İnsanı bir az
da dərdi köhnəldir,
Onun təzəsini
heç kim istəməz.
Baxırsan,
görürsən təzə heç nə yox,
Dərdin təzələnir
istər-istəməz...
Bu
nümunəyə istənilən qədər şərh vermək olar, lakin əsas odur ki, bənd özü-özünü
artıqlamasıyla ehtiva edə bilir. Onun şeirlərində vətənpərvərlik motivləri də
diqqəti çəkir. "Şuşa sən boydadı mənim gözümdə, elə sən özün də Şuşa
boydasan...”- sətirləri ithaf olsa da, həmin şeirdə bir yaddaş ağrısı var. "Turan
andının eşqinə boz qurdlar yatmaz, ey türküm”- sətirləri də konkret bir nəfərə
ünvanlansa da, ümumtürk insanına hesablanmış çağırışdır. Eləcə də, "Ay mən
yaşdakılar, bir dövrdənik, bizimlə yaşıtdı Xocalı dərdi...”- misraları ilə onun
şeirlərindəki Vətən obrazının özünəməxsusluğunu görmüş oluruq. Bəlkə də, Vətənin
üzləşdiyi ağrı-acıların nəticəsidir ki, Ruslan yazır; "Mənim şeirlərim yeriyə
bilməz, hamısı ikinci qrup əlildi”.
Onun
yaradıcılığında məzmun yeniliyi ilə yanaşı, forma təzəliyinə də rast gəlinir.
Belə ki, Ruslan bir sıra şeirlərində çox orijinal rədiflərdən istifadə
etmişdir. Bunlara misal olaraq "kisələ” ( İçəriyə çatmaz əlin, kisələ, çölün
kisələ), "mənlikdi” (Almağa hava al gətir, nə olsa pulu mənlikdi...),"üşüyür”
(gəlsin bir yerdə üşüyək, kim gecə-gündüz üşüyür...) və.s kimi sözləri göstərə
bilərik. Bununla yanaşı, onun qafiyələnmədə özünəxas cinaslara meyl etməsinin
şahidi oluruq. Bu cür cinaslara "mey və sən- meyvəsən”, "yerdə ha-yer daha”, "ta
niyə-tanıya”, "üzü nə qədər çıxıb- üzünə qədər çıxıb”, "söz bazam-sözbazam” və.s
münunə gətirə bilərik.
Ruslan
kifayət qədər gənc yazar olsa da, həm də artıq püxtələşmiş bir şairdir. Bununla
belə, bəzən diqqətindən yayınan kiçik qüsurları da olur. Məsələn: "Bahardan
payına bir-iki gül düşür, Payız bütünlükdə şairlərindi”- misralarında "bir-iki”
sayının yerinə "üç-dörd” sayı işlənsəydi, şeirin hecası da pozulmazdı. Təbii ki,
bu cür texniki yanlışlıqlar başa düşüləndir. Əsas odur ki, Ruslan istedadlı və
millidir. O, bir vətəndaş olaraq, nə etməli olduğunu bilən
kəslərdəndir. Ən əsası isə sözə hörmətlə yanaşıb, sözün qədim hikmətinə dəyər
verir. Şeirləri Qarabağlı olan bu yazara uğurlar arzulayırıq.
Gülnar
Səma