ÖLƏN ADAM
Qüsulun yox,kəfənin yox, Ürəyimdə ölən adam. Ovul qarış göz yaşıma, Gözlərimdən ələn adam.
Qan damır vaxtın əlindən, Yaralı çıxdın əlindən. Əl açıb bəxtin əlindən, Az səadət dilən adam.
Cəza yox,qəlb oğrusuna, Yanlışına,doğrusuna, için-için ağrısına, Dözmək üçün gələn adam. Ürəyimdə ölən adam.
HARAN AĞRIYIR DÜNYA?
Niyə silkələnirsən, Haran ağrıyır dünya? Bölmülmüşük ölkələrə, Yaran ağrıyır dünya?
Kim səndən çıxdı qaçdı, Ölümünə əl açdı. Harda bir körpə acdı, Oran ağrıyır dünya.
Qazdılar dərin-dərin, Qan doludu səngərin. Qalmadı bütöv yerin, Paran ağrıyır dünya. Yaran ağrıyır dünya.
QINAQDAN DÜŞÜB
Acılarım cücərib, Budaqlanıb,ucalıb. Ümidlərim qocalıb, Əldən-ayaqdan düşüb.
Yapışma dizlərimdən, iz itib izlərimdən. Xəyalın gözlərimdən, Səsin qulaqdan düşüb.
Bir udum nəfəs günüm, Sənsiz günüm nəs günüm. Yaxşı günüm,pis günüm. Daha qınaqdan düşüb.
Gəl de,bəxtin ayılıb, Ömrün ömür sayılıb. Gülüşlərim soyulub, Qopub dodaqdan düşüb.
ALLAH
Götür bizi at torpağa, Bir gül kimi bitir Allah. Bu insan ömrü adını, Üstümüzdən götür Allah.
Nursuz bir gözü yaratma, Qəlblərdə sızı yaratma, Ya heç bir arzu yaratma, Ya arzuya yetir Allah!
Bir vaxtsız ayrılıq tapar, Əlimiz əllərdən qopar. Nə dünyadan götür apar, Nə dünyaya gətir Allah!
BU YAĞIŞ NƏ PIÇILDAYIR.
Bu yağış nə pıçıldayır? Səsi ürəyimə düşür. Sanki düşən hər bir damla, Deşir ürəyimi deşir..
Göylərin göz yaşı axır, Yer üzünün yanağına. Yaş dodağın söykəyibdi, Yer üzünün qulağına.
Çöküb ölüm soyuqluğu, Dilimdə sözüm üşənir. Arzularım,ümidlərim, Yollarda gözüm üşənir.
Gələnim dünyaya tərəf, Gedənimi torpaq çəkir. Ruhumu yağış aparır, Bədənimi torpaq çəkir.
DAŞINA DÖNÜM DÜNYA
Sən dayan mən fırlanım, Başına dönüm dünya. Göydən başıma düşən, Daşına dönüm dünya.
Yoruldum yeriməkdən, Ağlayıb kirimikdən. Yoruldum yüyürməkdən, Quşuna dönüm dünya.
Sallanmışam əlindən, Cəzamı kəs,ölümdən. Heç düşməyim dilindən, Kaşına dönüm dünya.
Oyuldum oldum oyma, Bu ağrını sən duyma. Doldur bəxtimi qoyma, Boşuna dönüm dünya. Başına dönüm dünya.
MƏNi
illərdi həsrətin çəkdiyim kimi, Torpaq elə çəkir özünə məni. Ölsəm gecə ilə götürüb gedin, Basdırın o Cıdır düzünə məni.
Ağrıdım anamın ağrılarında, Gizləndim həmişə doğrularımda. Sürtün ot bürümüş cığırlarında, Nənəmin,babamın izinə məni.
Kim qaldı əlimi tuta yurdumda, Hay salsam hayıma çata yurdumda. Bir ocaq qalayın ata yurdumda, Kül olum,bürüyün közünə məni.
Dağların qarını yayın üstümə, Bir dəstə çiçəyin qoyun üstümə. Döndərin bulağın suyun üstümə, Söykəyin buz kimi üzünə məni. Basdırın o Cıdır düzünə məni.
ÜRƏYiNƏ KÖÇÜRƏM.
Səni yurdum,vətənim, Səni evim seçirəm. Qaldır kipriklərini, Gözlərindən keçirəm.
Canımızı bir eylə, Məni səndə sirr eylə, Ürəyində yer eylə, Ürəyinə köçürəm.
Qat məni günahına, Gecənə,sabahına. Ruhum aşiq ruhuna, Dunyadan vaz keçirəm. Ürəyinə köçürəm.