Son on ildə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl tədbirlər həyata keçirilib, nəticədə mühüm irəliləyişlərə, modernləşməyə, çağdaş dünyanın tələblərinə uyğun standartlara, bir sözlə, olduqca böyük uğurlara nail olunub. Ölkəmizdə son 10 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında aparılmış islahatlar, görülmüş tədbirlər, qazanılmış nəticələr bundan sonrakı illər üçün də dərin nikbinlik yaradır. Gəlin, təhsilin ayrı-ayrı istiqamətləri üzrə qazanılmış uğurları nəzərdən keçirək. Təhsil xərcləri 6 dəfə artırıldı. 2003-cü ilin statistik göstəricilərinə əsasən, dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat səviyyəsində idi. 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri isə 2004-cü ildəki 5 milyondan 2012-ci ildə 420,9 milyon manata çatmışdır.
Yeni
islahatlar təqdir olunur
Azərbaycan Texnologiya Universitetində (ATU) "Azərbaycan
milli kibertehlükəsizlik sisteminin möhkəmləndirilməsi: Mövcud vəziyyət,
yeni yanaşmalar və islahatlar mövzusunda keçirilən dəyirmi masa tələbələrin
sözügeən sahə üzrə daha geniş informasiya və bilik almağına o cümlədən təcrübələrini
artırmağa mühüm töhvə verib. Tədbirdə çıxış edən Azərbaycan Texnologiya
Universitetinin rektoru professor Akif Süleymanov qeyd edib ki, hazırda
informasiyaların elektron mənbələrdə saxlanması geniş vüsət aldığından onların
təhrif olunması və oğurlanması riski də hər zaman yüksək olaraq qalır. Bu isə kibertəhlükəsizlik mövzusunun günümüzdə nə dərəcədə
aktual olmasını bir daha sübut edir. Rektor bildirib ki, hazırda informasiya təhlükəsizliyinin
təmin olunması dövlət təhlükəsizliyi və milli təhlükəsizlik qədər böyük əhəmiyyət
kəsb edir. Məhz buna görə də Azərbaycanda milli kibertehlükəsizlik sisteminin
möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən müntəzəm iş aparılır, zəruri
qanunvericilik bazası yaradılır və müvafiq institutlar formalaşdırılır.
Göz oxşayan Fleşmob
Azərbaycan
Texnologiya Universitetinin (ATU) tələbələri maraqlı aksiyaya imza atıb. Universitetin
350-yə yaxın tələbəsinin iştirakı ilə fleşmob təşkil edilib. Əyinlərində qara
köynək, başlarında isə qara kepkalar olan tələbələr universitetin həyətində
"Qarabağ” sözünün canlı təsvirini yaradıblar. Bununla onlar Qarabağın əzəli və əbədi
Azərbaycan torpağı olduğuna bir daha diqqətləri cəlb etmək və cəbhədə düşmənlə
üz-üzə dayanan əsgərlərimizə dəstək nümayiş etdirmək istəyiblər. Aksiyadan əvvəl
tələbələr qarşısında çıxış edən ATU-nun rektoru professor Akif Süleymanov
onları bu təşəbbüslərinə görə alqışlayıb. Rektor bildirib ki, bu gün Azərbaycanın
haqq işinin, Qarabağ həqiqətlərinin dünyaya car çəkilməsi üçün hər vətəndaş özü
gücü, imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu mənada ATU-nun tələbələri
də maraqlı və yaddaqalan bir aksiyaya imza atmaqla həm diqqətləri bir daha
işğal faktına yönəltmiş, həm də torpaqların azadlığına ilham olacaq kiçik də
olsa bir addım atmış oldular. Professor Akif Süleymanov bildirib ki, həm Azərbaycan
dövlətinin Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
apardığı inamlı siyasət, həm də ordumuzun qüdrəti və qətiyyəti tezliklə bu
münaqişənin ədalətli həllinin tapmasına və torpaqlarımızın işğaldan azad edilməsinə
imkan verəcək. Bu cür maraqlı tədbirlər isə tezliklə düşmən tapdağından azad
edilmiş Qarabağda reallaşdırılacaq. Fleşmobun təşkilatçısı və iştirakçısı olan
tələbələrsə bu aksiyanı aprel ayının əvvəlində cəbhədə gedən döyüşlərdə şəhid
olan əsgərlərimizin xatirəsinə həsr etdiklərini bildiriblər. Böyük maraq və həvəslə
fleşmoba qatılan tələbələr "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər
ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər. Aksiyada digər çıxış
edənlər də aprelin əvvəlində ordumuzn düşmən üzərində üstünlüyünün davamlı
olacağına, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliklərini
ifadə ediblər. Fleşmoba böyük ruh yüksəkliyi və qüruru hissi ilə qatılan tələbələr
Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində daim çalışacaqlarını bildiriblər.

Beynəlxalq əlaqələr uğurla inkişaf etdirilir
Azərbaycan
Texnologiya Universitetinin (ATU) prorektorları Türkiyədə növbəti işgüzar
görüşlər keçirib. Universitetin rektoru professor Akif Süleymanovun
tapşırıqlarına uyğun olaraq tədris işləri üzrə prorektor dosent Vüqar İsmayılov
və elm və texnika üzrə prorektor dosent Səbuhi Yusifov Ankarada müxtəlif
qurumlarla əməkdaşlıq məsələlərini müzakirə edib.
Ankra Böyük Şəhər Bələdiyyəsindəki görüş olduqca
səmimi və səmərəli keçib. Bələdiyyənin sədri Melih Gökçeklə görüşdə
prorektorlar həm ATU, həm də Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti
haqqında geniş məlumat veriblər. Sonra ATU ilə Ankara Böyük Şəhər Bələdiyyəsi
arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Melih Gökçek ATU-nun
Ankara ilə bağlı əməkdaşlıq layihələrinə hər cür dəstək verməyə hazır
olduqlarını bildirib. Eyni zamanda Ankara Böyük Şəhər Bələdiyyəsinin baş katibi
Asim Balcı və İnsan resursları şöbəsinin müdiri Bekir Yağcı ilə görüş də
faydalı müzakirə şəraitində keçib. Görüşlərin nəticəsi olaraq qərara alınıb ki,
bu yay ATU-nun müvafiq ixtisaslarında təhsil alan 15 tələbəsi Ankara Böyük
Şəhər Bələdiyyəsində təcrübə keçsin. Təcrübə proqramı çərçivəsində tələbələrin
bələdiyyənin strukturu, fəaliyyəti, səlahiyyətləri və maliyyə mənbələri
haqqında praktik məlumatlar alması nəzərdə tutulur. Eyni zamanda qeyd olunub
ki, Gəncə şəhərinin Kəpəz və Nizami bələdiyyələrinin üzvləri üçün Ankara Böyük
Şəhər Bələdiyyəsində təlim proqrmlarının təşkili mümkündür.
Ankara şəhərində Türkiyə Elmi-Texniki Təhqiqat
Şurasında (TUBİTAK) keçirilən görüşdə əvvəlcə bu qurumun fəaliyyət
istiqamətləri haqqında məlumat verilib. TUBİTAK sədrinin müavini Orkun
Hasekioğlu bildirib ki, ATU-nun təmsil etdiyi qurum tərəfindən həyata keçirilən
layihə, proqram və tədqiqat işlərində iştirakına hər cür dəstək verməyə
hazırdır. Türkiyə Elmi-Texniki Təhqiqat Şurasının Beynəlxalq əməkdaşlıq
departamentinin rəhbəri Zeynep Arzımanla görüşdən sonra isə birgə fəaliyyətin
ilkin istiqamətləri müəyyən olunub. Qərara alınıb ki, Türkiyənin İstanbul
Texniki Universiteti ilə ATU-nun birgə ekoloji layihələri TUBİTAK-a təqdim
edilsin. Eyni zamanda ATU-nun TUBİTAK nəzdindəki elmi-tədqiqat mərkəzləri ilə
birgə araşdırmalara başlaması, TUBİTAK-ın magistrant, doktorant və tədqiqatçı
alimlər üçün nəzərdə tutulan təqaüd proqramlarından ATU-nun professor-müəllim
heyəti üzvlərinin yararlanması, Hacettepe Universiteti və ATU-nun birgə
quracağı laboratoriyaya dəstək verilməsi barədə razılıq əldə olunub.
Ankarada Hacettepe Universitetinin Mühəndislik
fakültəsində keçirilən görüşdə ATU-nun prorektorları Vüqar İsmayılov və Səbuhi
Yusifovla yanaşı Azərbaycan Keyfiyyət Assosiasiyasının (AKA) sədri Samir
Novruzov da iştirak edib. Professor Murad Caner ile görüşdə ATU və Hacettepe
Universiteti tərəfindən keyfiyyətin idarə olunması mühəndisliyi ixtisasi üzrə
ortaq magistr proqramının açılması müzakirə olunub. Qərara alınıb ki, tədris
proqramı hazırlanaraq həm Azərbaycan Respublikası Təhsil Nazirliyinə, həm də
Türkiyənin Ali Təhsil Şurasına (YÖK) göndərilsin. Eyni zamanda bu proqram üzrə
dərs keçəcək müəllimlərin seçimi və xüsusi təlimlərə cəlb olunması, eləcə də
Azərbaycan dilində tədris vəsaitlərinin hazırlanması barədə razılıq əldə
olunub. Sözügedən proqram üçün tələbə qəbuluna 2017/2018-ci tədris ilindən
başlanması və tədris prosesinə AKA mütəxəssislərinin cəlb olunması da
razılaşdırılıb.
Türkiyənin Gənclər və İdman Nazirliyi yanında Ali
Təhsil Krediti və Yataqxanalar Şurasındakı görüşdə isə ATU tələbələrinin yay
aylarında Türkiyədəki tələbə yataqxanalarında qalması müzakirə olunub. Şuranın
Yataqxanalar departamentinin rəhbəri Yavuz Güner ilə aparılan söhbət
zamanı qərara alınıb ki, ATU-nun tələbələri Türkiyəyə təcrübə, mübadilə və
konfranslar üçün gedərkən qurumun tabeliyindəki yataqxanalarda cəmi 8 lirə
ödəniş etməklə qala biləcəklər.
Sonda onu qeyd edək ki, Azərbaycan Texnalogiya
İnstitutunda həyata keçirilən işlər dövlət başçısı İlham Əliyevin yürütdüyü
siyasətə tam cavab verir. Universitet rəhbərliyi bu sahədə əlindən gələni əsirgəmir.

Yusif Məhəmmədoğlu