"Bu təxribatları törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı"

Hörmətli Sədr, əziz həmkarlar!

Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında layihəni dəstəkləyirəm və eyni zamanda bir neçə məsələ barədə təkliflərimi səsləndirmək istəyirəm.

Bildiyiniz kimi, müasir dövrdə informasiya mühiti sadəcə xəbər axını deyil, həm də dövlətin milli təhlükəsizliyinə, strateji maraqlarına birbaşa təsir edən amildir. Məhz bu çərçivədə, məlumdur ki, son zamanlar qardaş Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı qərəzli və aqressiv hücumların şahidi oluruq. Amma təbii ki, bu çirkin kampaniyalar nə Türkiyə dövlətinin rəsmi iradəsini, nə də türk xalqının qardaşlıq mövqeyini ifadə edir! Sarsılmaz “Bir millət, iki dövlət” birliyinə kölgə salmağı hədəfləyən bu hücumların arxasında türk adı altında gizlənən daşnak qalıqları, kənar kəşfiyyat şəbəkələri və regionda formalaşmış yeni reallığı həzm edə bilməyən anti-Azərbaycan mərkəzləri dayanır.

Bu təxribatların maliyyə mənbələri, idarəetmə mərkəzləri və problemin qaynaqlandığı konkret mənbələri aşkarlanaraq ifşa edilməsi artıq zərurətə çevrilib. Bu məqsədlə təklif edirəm ki, strateji müttəfiqimiz olan dövlətlərlə, ilk növbədə Türkiyə ilə aidiyyəti hüquq-mühafizə və xüsusi xidmət orqanları da cəlb edilməklə parlamentlərin nəzarətində birgə Təhqiqat Qrupları formalaşdırılsın. Bu təxribatları törədənlər hüquqi məsuliyyətə cəlb olunmalı, onlara qarşı ən sərt cəza tədbirlərinin görülməsinə nail olunmalıdır. Ən azı Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin tələbidir ki, müttəfiqliyimiz yalnız diplomatik masada deyil, eyni zamanda informasiya cəbhəsində də eyni qətiyyətlə qorunmalıdır!

İkinci təklifim, ölkəmizin fundamental konstitusion dəyəri olan dünyəviliyin mühafizəsi ilə bağlıdır. Son zamanlar din pərdəsi altında gizlənən və ayrı-ayrı xarici kəşfiyyat şəbəkələri tərəfindən dəstəklənən bəzi radikal qruplar və virtual şəbəkə fəallarının məktəblərimizi, müəllimlərimizi və ayrı-ayrı fərdləri hədəf seçərək dünyəviliyə qarşı açıq hücuma keçiblər və bu milli təhlükəsizliyimizə və suverenliyimizə birbaşa təhdiddir.

Azərbaycan dünyada dininə, mənəviyyatına ən yüksək səviyyədə sahib çıxan, inanclara dərin ehtiram bəsləyən unikal bir dünyəvi dövlətdir.

Bu gün inancı siyasiləşdirib qarşıdurma alətinə çevirmək istəyən qrupların təsiri altına düşən vətəndaşlar, bir özünə sual versin ki, 30 il boyunca Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin düşmən tərəfindən dağıdılmasına, donuz damına çevrilməsinə kim son qoydu? Kim 1 milyondan artıq müsəlman ümmətini didərginlikdən xilas elədi?

İslam dəyərlərini tapdaqdan, məscidləri, ziyarəthgahları müsəlman ümmətinin qəbirlərini təhqirdən xilas edən bir liderin idarə etdiyi dövlətə və rəhbərlik etdiyi xalqa heç kim əqidə dərsi keçə bilməz.

Bu mənada təklif edirəm ki, dövlətin dünyəvi əsaslarını və milli birliyimizi hədəfə alan fəaliyyətlərə qarşı cəza tədbirlərinin kəskinləşdirilməsi məsələsi Milli Məclisin cari 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına daxil edilsin.

Digər təklifim internet yayımçılığı fəaliyyəti ilə bağlıdır.

Təbii ki, əgər kimsə öz gündəlik həyatını, məişətini, mətbəxini nümayiş etdirirsə və yayımladığı bu məzmunda əxlaqa, mənəviyyata, ictimai sağlamlığa təhdid yaradan bir məqam yoxdursa, buyursun, öz işinə qanunlar çərçivəsində davam etsin. Biz bu fəaliyyətin əleyhinə olmamalıyıq,  bu əksinə cəmiyyətdə xoş bir ovqat yaradır, əyləndirir, zamanla hətta maarifləndirə bilir.

Amma cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar ciddi nəzarətə götürülməlidir. Həyatda heç bir nümunəvi nailiyyəti olmayan, intellektual səviyyəsi və dünyagörüşü dövlətçilik maraqlarını anlamağa imkan verməyən adamların sosial problemləri manipulyasiya edərək cəmiyyətə nəyisə təlqin etmək, kütləyə yön vermək hüququ olmamalıdır! İnformasiya məkanı dövlətimizin suverenlik hüdududur və bura kütlələrin beynini zəhərlədiyi bir poliqon ola bilməz. Heç kimi haqqı yoxdur ki, internet resurslarında özünü dövlətə münasibətdə prokuror və ya ittihamçı kimi aparsın. Bu sərhədlər daxilində yeganə hakim dövlət özüdür.

Məhz bu təhlükələri önləmək üçün təklif edirəm ki, bu məsələ Milli Məclisin cari 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına və gündəliyinə salınsın.

Təşəkkür edirəm

Bəhruz Məhərrəmov

Mili Məclisin deputatı