Dağların əzəməti ilə insan iradəsinin qüdrəti birləşəndə tarixdə
yeni səhifə açılır. Kəlbəcər bu gün məhz belə bir tarixi mərhələ
yaşayır. Bir vaxtlar işğalın, dağıntıların və məcburi köçkünlüyün ağrılarını
yaşayan qədim yurd indi yenidənqurmanın, müasir şəhərsalmanın, iqtisadi dirçəlişin
və Böyük Qayıdışın ünvanına çevrilir. 25 noyabr Kəlbəcər üçün yalnız əlamətdar
tarix deyil, Azərbaycanın dövlətçilik iradəsinin, tarixi ədalətin və doğma
yurda qayıdışın təcəssümüdür.
Azərbaycanın ən
yüksək dağ rayonu olan Kəlbəcər zəngin təbii sərvətləri, meşələri, mineral su mənbələri
və füsunkar mənzərələri ilə seçilir. 3724 metr yüksəklikdəki Camışdağ zirvəsi,
3616 metrlik Dəlidağ bölgənin əzəmətini nümayiş etdirir. Kəlbəcər həm də qədim
tarixə malik yaşayış məskənidir. Tərtər çayı boyunca yerləşən süni mağaralar,
30 min ildən çox tarixə malik qədim yaşayış izləri, qayaüstü təsvirlər, qədim
türk əlifbası nümunələri və daş abidələr bu torpağın zəngin mədəni irsini təsdiqləyir.
Xudavəng monastır kompleksi də bölgənin mühüm tarixi-memarlıq abidələrindəndir.
1993-cü
il aprelin 2-də Kəlbəcərin işğalı rayonun həyatında faciəli dövrün başlanğıcı
oldu. İşğala qədər 53 478 nəfərin yaşadığı, 3054 kvadratkilometr ərazini əhatə
edən rayonun infrastrukturu dağıdıldı, əhalisi doğma yurdlarından didərgin
salındı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və
itkin düşdü. Məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət müəssisələri və
yaşayış evləri talan edildi. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin
tələblərinin yerinə yetirilməməsi, işğal dövründə qeyri-qanuni məskunlaşdırma
siyasətinin aparılması beynəlxalq hüququn prinsiplərinə zidd idi.
2020-ci ildə Vətən
müharibəsində qazanılan tarixi Qələbə Kəlbəcərin taleyini dəyişdi. Noyabrın
10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də rayon Azərbaycana təhvil
verildi. Beləliklə, 27 ildən artıq davam edən işğala son qoyuldu. Bu hadisə Azərbaycanın
hərbi-siyasi iradəsinin və strateji planlaşdırmasının mühüm nəticəsi olmaqla
yanaşı, doğma torpaqlara qayıdışın başlanğıcı oldu.
Bu
gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri azad edilmiş ərazilərin
dirçəldilməsi strategiyasının mühüm istiqamətidir. Şəhərin 2040-cı ilədək
inkişafına dair Baş Planın təsdiqlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Yeni plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17
min nəfərə çatdırılması nəzərdə tutulur. Burada 4250 mənzil, dörd məktəb, dörd
uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri,
mehmanxanalar və digər sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22
faizinin yaşıllıqlardan ibarət olması Kəlbəcərin ekoloji tarazlığa əsaslanan
müasir yaşayış məkanına çevrilməsinə xidmət edəcək.
Böyük
Qayıdışın əsas göstəricisi insanların doğma torpaqlarına qayıtmasıdır. Kəlbəcər
şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi bu istiqamətdə mühüm
addımdır. Kompleksin birinci mərhələsində 201 ailənin məskunlaşması üçün
yaşayış binaları və fərdi evlər inşa edilib. İkinci mərhələdə daha 323 ailənin
köçürülməsi planlaşdırılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyevin
Kəlbəcərə səfəri zamanı şəhərə köçmüş ailələrə mənzillərin açarlarının təqdim
edilməsi qayıdış prosesinin əlamətdar hadisələrindən biri oldu.
Yenidənqurma
işləri Yanşaq, Zallar və Zar kəndlərini də əhatə edir. Bu yaşayış məntəqələrində
yüzlərlə ailənin məskunlaşması üçün fərdi evlər, məktəblər və uşaq bağçaları
inşa edilməsi planlaşdırılır. Məqsəd yalnız yaşayış evləri tikmək deyil, kəndlərin
sosial və kommunal infrastrukturunu tam bərpa edərək insanların rahat və təhlükəsiz
yaşayışını təmin etməkdir. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailənin,
ümumilikdə 681 nəfərin məskunlaşması Böyük Qayıdışın real nəticələrini göstərir.
Kəlbəcərin
inkişafında nəqliyyat infrastrukturunun yenilənməsi də mühüm yer tutur.
Uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgənin ölkənin
digər əraziləri ilə əlaqəsini gücləndirəcək. Yol üzərində inşa edilən beş
tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Uzunluğu 11,7 kilometr olan Murovdağ
tuneli isə mürəkkəb dağlıq ərazidə mühüm mühəndislik layihəsidir. Bu yol
turizm, ticarət və iqtisadi fəaliyyətin inkişafına da geniş imkanlar yaradacaq.
Rayonun
iqtisadi dirçəlişində enerji və mineral su ehtiyatlarından səmərəli istifadə
xüsusi əhəmiyyət daşıyır. Kəlbəcərdə “Meydan”, “Çıraq-1”, “Çıraq-2”,
“Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” daxil olmaqla bir sıra
kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar tikilib. Bu
layihələr bölgənin enerji təminatını gücləndirməklə yanaşı, bərpaolunan enerji
potensialının reallaşdırılmasına xidmət edir.
Kəlbəcərin iqtisadi gələcəyində “İstisu” mineral suyu və turizm
imkanları da mühüm yer tutur. Təbii temperaturu 60 dərəcədən yüksək
olan mineral su yataqlarının bazasında yaradılan “İstisu” zavodunun tikintisi
2024-cü ildə başa çatdırılıb. İllik istehsal gücü 100 milyondan artıq şüşə
butulka olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. Bununla yanaşı,
80 min kvadratmetr ərazidə yaradılan “İstisu” Müalicə-İstirahət Kompleksi
müasir hotel, kotteclər və SPA xidmətləri ilə bölgənin sağlamlıq turizmi
potensialını artıracaq.
Azad olunmuş Kəlbəcərə
Prezident İlham Əliyevin mütəmadi səfərləri də quruculuq prosesinə verilən
xüsusi önəmi göstərir. 2021–2025-ci illərdə dövlət başçısının səfərləri zamanı
yol və tunel layihələrinə, elektrik stansiyalarına, yaşayış komplekslərinə, kəndlərin
yenidən qurulmasına və turizm obyektlərinə baxış keçirilib, bir sıra müəssisələrin
açılışı və yeni layihələrin təməlqoyma mərasimləri baş tutub. Bu səfərlər Kəlbəcərin
inkişafının ardıcıl və kompleks şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Bu
gün Kəlbəcərdə müasir şəhərsalma, bərpaolunan enerji, turizm, sənaye və kənd təsərrüfatı
vahid inkişaf strategiyası çərçivəsində birləşir. Arıçılıq ənənələrinin bərpası,
Kəlbəcər balının tanıdılması, mineral su ehtiyatlarından səmərəli istifadə və
yeni iş yerlərinin yaradılması rayonun gələcək iqtisadi potensialını gücləndirir.
Prezident İlham
Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri
günü kimi müəyyən edilməsi bu tarixi günün milli yaddaşımızdakı yerini daha da
möhkəmləndirib. Kəlbəcər
bu gün öz qədim tarixinə sahib çıxaraq gələcəyini qurur. Dağların
qoynunda yüksələn yeni yaşayış məhəllələri, çəkilən yollar, istifadəyə verilən
müəssisələr və doğma yurda qayıdan ailələr Zəfərdən doğan quruculuğun canlı mənzərəsidir.
Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin və Böyük
Qayıdış əzminin parlaq ifadəsidir.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin xor ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi