Kəlbəcər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışın və quruculuğun ünvanı

Azərbaycanın müasir tarixində 2020-ci il noyabrın 25-i xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin tarixdə Kəlbəcər rayonunun işğaldan azad edilərək Azərbaycana qaytarılması ilə uzun illər davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm addım atıldı. Bu hadisə xalqımızın tarixi ədalətin bərpasına olan inamının, dövlətimizin prinsipial mövqeyinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasətin nəticəsi idi. Bu gün 25 Noyabr – Kəlbəcər Şəhəri Günü kimi qeyd olunarkən diqqət yalnız azadlığın tarixi əhəmiyyətinə deyil, həm də azad edilmiş torpaqlarda görülən genişmiqyaslı quruculuq işlərinə yönəlir. Çünki Kəlbəcərin azad edilməsi ilə başlayan yeni mərhələnin əsas məqsədi bu qədim diyarda həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bölgənin Azərbaycanın ümumi inkişafına inteqrasiyasının təmin edilməsidir.

Kəlbəcər Azərbaycanın təbii-coğrafi xüsusiyyətləri, tarixi irsi və strateji mövqeyi baxımından mühüm əhəmiyyətə malikdir. 3054 kvadratkilometr ərazini əhatə edən rayonun dağlıq relyefi, zəngin meşələri, çayları, mineral bulaqları və əlverişli təbii ehtiyatları onun iqtisadi inkişafı üçün geniş imkanlar yaradır. Ən yüksək zirvələri 3724 metrə çatan Camışdağ və 3616 metr yüksəklikdə yerləşən Dəlidağ olan Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. İşğala qədər rayonun 53 478 nəfər əhalisi var idi. Kəlbəcərin bir şəhəri, bir qəsəbəsi və 145 kəndi mövcud idi. Lakin 1993-cü ildə baş vermiş işğal nəticəsində rayonun yaşayış infrastrukturu, sosial obyektləri və iqtisadi təsərrüfatı dağıdıldı. Əhali doğma yurdlarından didərgin düşdü. Bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdı.

Kəlbəcərin 2020-ci ildə azad edilməsi yeni quruculuq mərhələsinin başlanmasına imkan yaratdı. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, layihələrin icrasına şəxsən nəzarət etməsi, tikinti və infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı dövlətin bu bölgənin inkişafına verdiyi strateji əhəmiyyəti göstərir. Dövlət başçısının Kəlbəcərə ilk səfərlərindən başlayaraq burada həyata keçirilən işlər kompleks xarakter daşıyıb. 2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Ömər aşırımı ilə tanış olub, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin təməlini qoyub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işlərinə baxıb və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak edib. Həmin səfər zamanı Kəlbəcərdə Dövlət bayrağının ucaldılması, hərbi hissədə yaradılmış şəraitlə tanışlıq və digər tədbirlər azad edilmiş ərazilərdə dövlət suverenliyinin möhkəmləndirilməsinin rəmzi idi. 2022-ci il iyunun 26-da dövlət başçısının Kəlbəcərə növbəti səfəri zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və hərbi hissənin açılışı həyata keçirilib. Şəhərin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun və sanatoriyasının təməlqoyma mərasimləri keçirilib. Bu tədbirlər Kəlbəcərin gələcək inkişafının yalnız ayrı-ayrı obyektlərin tikintisi ilə deyil, bütöv şəhər və rayon infrastrukturu çərçivəsində planlaşdırıldığını nümayiş etdirirdi. 2023-cü il mayın 27-də Yanşaq və Zallar kəndlərinin təməli qoyulub, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib. Həmçinin avtomobil yollarında və tunellərdə aparılan işlərlə tanışlıq, hərbi hospitalın açılışı, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlqoyma mərasimləri keçirilib. Avqustun 25-də isə “Soyuqbulaq”, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı, Zar kəndinin təməlqoyma mərasimi baş tutub.

2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin Kəlbəcərə səfəri də quruculuq prosesinin miqyasını əks etdirən mühüm hadisələrlə yadda qalıb. Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, Xudavəng monastır kompleksinə baxış, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində görülən işlərlə tanışlıq, ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi və təhsil infrastrukturunun inkişafı ilə bağlı tədbirlər həyata keçirilib. Həmin səfər zamanı “İstisu” mineral su zavodunun açılışı və “İstisu” yarımstansiyasının istifadəyə verilməsi də xüsusi əhəmiyyət daşıyıb. 2025-ci il avqustun 21-də dövlət başçısının Kəlbəcərə səfəri zamanı dördüncü yaşayış kompleksinin, şəhər parkının və üçüncü yaşayış kompleksinin təməli qoyulub. Kəlbəcər şəhərinə köçmüş sakinlərlə görüş keçirilib və ailələrə mənzillərin açarları təqdim olunub. “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışı isə bölgənin ənənəvi təsərrüfat sahələrinin yenidən canlandırılmasına verilən diqqətin nümunəsidir. Eyni zamanda “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı enerji potensialının inkişafında yeni mərhələ yaradıb.

Kəlbəcərin yenidən qurulmasında şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiq edilən Baş plan şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. İşğala qədərki son Baş planda şəhərin ərazisi 130 hektar, əhalisi isə 7500 nəfər nəzərdə tutulduğu halda, yeni plan üzrə şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması planlaşdırılır. Yeni şəhərsalma konsepsiyası yaşayış, sosial, inzibati və ictimai məkanların qarşılıqlı əlaqədə inkişafını nəzərdə tutur. Şəhərin mərkəzində ortamərtəbəli yaşayış və inzibati binaların, ətraf hissələrində isə fərdi yaşayış evlərinin inşası planlaşdırılır. Ümumi yaşayış fondunun 488 min kvadratmetr təşkil etməsi, 4250 mənzilin yaradılması nəzərdə tutulur. Bu yanaşma gələcəkdə Kəlbəcərin həm yaşayış, həm də ictimai həyat baxımından müasir şəhər standartlarına uyğun inkişafını təmin etməyə xidmət edir.

Baş plana əsasən, şəhərdə 4 məktəb, 4 uşaq bağçası, 2 xəstəxana, 150 çarpayılıq reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları yaradılacaq. Yaşıllıq sahələrinin şəhər ərazisinin 22 faizini təşkil etməsi nəzərdə tutulur. Bu, təxminən 60 hektar ərazidə parkların və yaşıllıq zolaqlarının salınması deməkdir. Adambaşına düşən yaşıllıq sahəsinin 33 kvadratmetr olması şəhərin ekoloji tarazlığının qorunmasına yönəlmiş mühüm göstəricidir. Kəlbəcərdə 524 ailəlik yaşayış məhəlləsinin yaradılması Böyük Qayıdışın mühüm mərhələsidir. 19,5 hektar ərazidə layihələndirilmiş kompleksdə dördmərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri inşa olunub və inşa edilir. Birinci mərhələdə 201 ailənin köçürülməsi nəzərdə tutulub. İkinci mərhələdə isə daha 323 ailənin məskunlaşması üçün əlavə binalar və “townhouse” tipli evlər tikilir. Yaşayış məhəlləsində parkların, istirahət guşələrinin, uşaq oyun və idman meydançalarının, sosial-məişət obyektlərinin yaradılması sakinlərin rahat yaşayışına xidmət edir.

Böyük Qayıdış yalnız Kəlbəcər şəhəri ilə məhdudlaşmır. Rayonun kəndlərinin də yenidən qurulması və sakinlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması nəzərdə tutulur. Yanşaq kəndində ümumilikdə 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. Bu yaşayış məntəqələrində məktəblərin və uşaq bağçalarının tikilməsi, fərdi yaşayış evlərinin inşası kənd həyatının bərpasına imkan yaradacaq. Bu prosesin uğurla həyata keçirilməsi üçün nəqliyyat infrastrukturu xüsusi əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgənin digər ərazilərlə əlaqəsinin yaxşılaşdırılmasında strateji layihədir. Uzunluğu 82 kilometr olan yolun üzərində ümumi uzunluğu 25,9 kilometr təşkil edən beş tunel inşa edilir. Layihənin mühüm hissəsi olan 11,7 kilometrlik Murovdağ tuneli bölgəyə gediş-gəlişi asanlaşdıracaq, nəqliyyatın təhlükəsizliyini və rahatlığını artıracaq. Yolun tikintisinin 89 faizinin tamamlanması layihənin həyata keçirilməsində mühüm irəliləyişdir.

Enerji təminatı da Kəlbəcərin davamlı inkişafının əsas şərtlərindən biridir. Rayonun çaylarının hidroenerji potensialından istifadə etməklə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeni stansiyalar inşa edilib. “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Aşağı Vəng”, “Nadirxanlı”, “Çaykənd” və digər stansiyalar bölgənin enerji potensialının artırılmasına xidmət edir. Bu layihələr həm yaşayış məntəqələrinin elektrik enerjisi ilə təminatına, həm də azad edilmiş ərazilərin iqtisadi inkişafına töhfə verir. Kəlbəcərin yenidən qurulmasının mühüm istiqamətlərindən biri də “İstisu”nun əvvəlki şöhrətinin qaytarılmasıdır. Burada müalicə-istirahət kompleksinin yaradılması, mineral su zavodunun fəaliyyətə başlaması bölgənin turizm və sənaye potensialının inkişafına xidmət edir. “İstisu” mineral su zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisədə təxminən 100 nəfər işlə təmin olunub və işçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Bu, azad edilmiş ərazilərdə iqtisadi fəallığın və məşğulluğun artırılması baxımından əhəmiyyətlidir.

Bütün bu layihələr göstərir ki, Kəlbəcərin bərpası vahid strategiya əsasında həyata keçirilir. Burada şəhərsalma, kəndlərin qurulması, yol və enerji infrastrukturu, təhsil, səhiyyə, turizm və istehsal sahələri bir-birini tamamlayır. Məqsəd insanların doğma torpaqlarına qayıdaraq təhlükəsiz, rahat və firavan yaşamasını təmin etməkdir. 6 noyabr 2026-cı il tarixinə olan məlumata görə, Kəlbəcər rayonunda 162 ailə, ümumilikdə 681 nəfər məskunlaşıb. Bu rəqəm Böyük Qayıdış prosesinin real nəticələrini əks etdirir. Hər yeni ailənin doğma yurda qayıtması Kəlbəcərin yenidən canlanmasına, sosial həyatın bərpasına və gələcək nəsillərin bu torpaqlara bağlılığının möhkəmlənməsinə xidmət edir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri təbrik edərkən xüsusi vurğulamaq lazımdır ki, bu günün əsas məzmunu azadlıqla yanaşı, quruculuq və qayıdışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Kəlbəcər yenidən Azərbaycanın inkişaf məkanına çevrilir. Dünən işğalın və dağıntıların simvolu olan ərazilərdə bu gün müasir yaşayış məhəllələri, yollar, məktəblər, enerji obyektləri və iqtisadi müəssisələr yaradılır. Kəlbəcərin dirçəlişi Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və doğma torpaqlara bağlılığını nümayiş etdirir. Bu qədim diyarın gələcəyi qurulur, sakinləri öz yurdlarına qayıdır, bölgənin zəngin potensialı ölkəmizin inkişafına yönəldilir. 25 Noyabrın mənası da məhz budur: tarixi ədalətin bərpası, doğma yurda qayıdış və yeni həyatın başlanğıcı.

Şahin Seyidzadə

Milli Məclisin deputatı